"Hər cür şəraitdə yazıb-yaratmaq mümkündür”
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə APA-ya
müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.
- Firəngiz xanım, Bəstəkarlar İttifaqında işlər nə yerdədir, hansı yeniliklər var?
- Biz həmişəki kimi gərgin iş rejimində çalışırıq. Bəstəkarlar İttifaqının bir neçə layihəsi var, onlar davam edirlər. Məsələn, Şəkidə İpək Yolu Festivalının beşillik yubileyini keçirdik. Çox gözəl, yüksək səviyyəli tədbir baş tutdu. Bu il Çindən və Hindistandan musiqi kollektivləri gəlmişdi. Bu iki qədim xalqın musiqisini dinlədik, rəqslərinə tamaşa elədik. İttifaq türkdilli xalqlarla əlaqələr yaradıb. Bu, çox aktual məsələdir. Artıq Mədəniyyət və Turizm Nazirliyi təqdimatımızı qəbul edib və hər il iki-üç tədbir sırf bu mövzuya həsr olunacaq. Biz bu layihə ətrafında axtarışlar aparanda şahidi olduq ki, türkdilli xalqların musiqi tarixində Üzeyir bəyin necə böyük rolu olub. Təəssüf ki, bu faktlar insanlara az məlumdur. Türkdilli xalqlar öz lad sistemini yaratmaq üçün dəfələrlə Üzeyir Hacıbəyliyə müraciət ediblər. Bu il Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı silsilə tədbirlərimiz olacaq və nazirliyə təqdim etdiyimiz bütün layihələr təsdiq olundu. Deməli, bu dəfə də dünyadan ən istedadlı musiqiçilər Azərbaycana təşrif buyuracaqlar.
- Sədr kimi sizdən ev istəyənlər, xahiş edənlər olur?
- Əlbəttə, olur. Amma o insanları da başa düşürəm.
Bura da gəlməsələr, bəs
hara getsinlər? Şükür Allaha, bəzi işləri həll edə bilirik. Məsələn, təqaüd bəstəkarlar
üçün böyük
köməkdir. Bəzi musiqiçilərimiz
deyir, Firəngiz xanım, nə yaxşı təqaüd var, o pulla kitablarımızı
çap edirik. İnanın,
bunu eşidəndə
ağlamaq istəyirəm.
Görün, insanlar necə
fədakardırlar ki,
təqaüdü yığıb,
öz kitablarını
çap edirlər.
Hərdən düşünürəm ki, biz vaxtilə daha çətin yaşayırdıq. Vaxtilə o qədər
qadağalar vardı, əlimizi işdən soyudurdu. O vaxt elə bəstəkarlar vardı, onların adını çəkə
bilmirdilər. Əlbəttə, çətinliklər olmalıdır.
Ümumiyyətlə, insan
yağ-bal içində
üzəndə yaradıcılıqla
məşğul ola bilmir. Hər cür şəraitdə yazıb-yaratmaq mümkündür.
İttifaqın birinci mərtəbəsində
bir neçə otaq hazırlamışıq.
Kondisionerinə qədər hər
şəraitini yaratmışıq.
Kim deyirsə, yazmağa şəraitim yoxdur, deyirəm, buyur gəl, otaq sənin ixtiyarındadır. Təki onlar
gözəl musiqi yazsınlar. Nə qədər
imkanım varsa, ittifaqda onlara şərait yaradacağam.
- Məmurlara ağız açanda sözünüzü
eşidirlər?
- Mümkün xahişdirsə,
bəli, eşidirlər.
Hər şeydən əvvəl insan istədiyi şeyi gərək əsaslandıra bilsin.
İnanın, bizim mədəni həyatımız
o qədər gərgindir,
o qədər tədbir
keçirilir ki, mən təəccüb edirəm: bu qədər işləri Mədəniyyət və
Turizm Nazirliyi necə təşkil edir? Biz də
öz növbəmizdə
çalışırıq ki, ittifaqın 5 manat üzvlük haqqı hesabına gənc musiqiçilərə
qonorar verməklə tədbirlər keçirək.
Yığılan pulu üst-üstə
toplayıb gənclərin
konsertinə görə
onlara qonorar veririk. Özü də, o pul böyük məbləğ
deyil: 50-60 manat. Çalışırıq, işlərimizi heç kimi incitmədən təşkil
edək.
- Təqaüd məsələsi
necə tənzimlənir?
Narazı qalanlar olurmu?
- İttifaqın 200 nəfərədək
üzvü var. Nizamnaməyə
görə layiq olanlar bu təqaüdü
alırlar. Təqaüdə görə bizdə
ciddi şəkildə
narazılıq olmayıb.
Bəzən gəlirlər ki,
Firəngiz xanım, filankəs təqaüd alır, mən yox, deyirəm, çağıraq həmin
adamı, onun təqaüdünü sənə
verək. Deyir, yox,
buna razı olmaram.
- Bakıda niyə ustad dərsləri keçmirsiniz?
- Mən dünyanın müxtəlif ölkələrində ustad dərsləri keçirəm. Məsələn, Davosda ustad dərslərimdə bəstəkarlar Səid Qəni, Firudin Allahverdi iştirak edib. Bu gənclərin həmin dərslərdə iştirak etməsi, Avropa musiqiçiləri ilə tanış olması sevindirici haldır. Bizim gözəl pedaqoqlarımız, müəllimlərimiz var, onlara tələbat var. Mənə də tələbat olsa, inanıram ki, dərslərə dəvət edəcəklər. Bizim gənclərimizin çoxu xaricdə oxuyurlar. Mənə bir məsələ qəribə gəlir: biz vaxtilə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişik və bu günə qədər o təhsilin bəhrəsini görürəm. Bizim indiki uşaqlarımız isə bakalavr və magistr dərəcəsi üzrə təhsil alırlar, amma bir də xəbər tuturuq ki, Avropada birinci kursa qəbul olunub. Bu, mənə çox ağır gəlir. Səbəbini soruşanda deyir, hiss edirəm ki, təhsilim tam deyil, Avropa təhsili mənə lazımdır.
- Məmurlardan dostlarınız var?
- Nədənsə, məmurlar arasında olmaq, kabinetlərində oturub,
söhbət etmək... Yəni olmayıb belə şeylər.
Təbii ki, böyük
tədbirlərdə görüşürük.
Siz məmurlardan soruşun
ki, Firəngiz xanım sizdən bir dəfə də olsun,
nə isə istəyib? Hamısı deyəcək, istəməyib.
Hətta özləri deyiblər sizə nə lazımdır,
nə edək? Demişəm, heç nə
istəmirəm. Mənə lazımdır ki,
Bəstəkarlar İttifaqının hörməti və nüfuzu olsun. Məsələn,
mən mədəniyyət və turizm nazirini məmur saymıram. O, bizim
çox gözəl dostumuzdur.
Mədəniyyət.- 2014.- 10
sentyabr.- S. 6.