Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub

 

Gürcüstan hər zaman Azərbaycanla əməkdaşlığı, mövcud əlaqələri genişləndirməyə hazırdır”

 

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

 

İki dostqonşu ölkə arasında çoxşaxəli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Əbülfəs Qarayev mədəniyyət sahəsində əməkdaşlıqdan, Gürcüstanla qarşılıqlı mədəni layihələrin həyata keçirilməsindən razılığını bildirdi.

Son illər iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin daim inkişafda olduğunu qeyd edən nazir abidələrin mühafizəsi sahəsində əməkdaşlıq və s. məsələlərlə bağlı fikirlərini qonaqlarla bölüşdü. Əbülfəs Qarayev həmçinin Azərbaycanda mədəniyyət və turizm sahəsində son yeniliklərlə bağlı gürcüstanlı nazirə məlumat verdi.

Maya Pancikidze Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək Gürcüstanın hər zaman Azərbaycanla əməkdaşlığı, mövcud əlaqələri genişləndirməyə hazır olduğunu vurğuladı: “Bu səfərimizin mədəniyyət sahəsində də daha yüksək əlaqələrin qurulmasına zəmin yaradacağına inanırıq”. Nazir Gürcüstanın Azərbaycana dost olduğunu, bütün beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini dəstəklədiyini diqqətə çatdırdı.

Daha sonra gürcüstanlı qonaq ölkəsində yeni təyin olunan mədəniyyət naziri haqqında azərbaycanlı həmkarına məlumat verdi. Görüşdə ikitərəfli əlaqələrin gələcək perspektivləri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.

 

L.Azəri

 

Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 3.