“Həyatdan və
səhnədən doymayıb gedirəm”
Ötən yüzilliyin birinci
yarısında realist teatr
sənətimizdə parlayan istedadlı aktrisalardan biri də
tanınmış səhnə ustası, Xalq
artisti Firuzə Əlixanova olub. O, Naxçıvan səhnəsində
bir-birindən maraqlı obrazlar
qalereyası yaradıb.
Firuzə Məmmədqulu qızı Əlixanova 1917-ci il sentyabrın 9-da Ordubadda bəy ailəsində dünyaya göz açıb. Atası Firuzənin təhsil almasını istəyir. Onu Ordubadda təzəcə açılan səkkizillik məktəbə qoyur. O, erkən çağlardan xalq tamaşalarında “Şahnaz” muğamını oxuyur, şaqraq və məlahətli səsi ilə dinləyicilərin diqqətini çəkir.
Məktəbi müvəffəqiyyətlə başa vurur, ali təhsil almaq məqsədilə
sənədlərini Naxçıvan Kənd Təsərrüfatı
Texnikumuna verir və qəbul
olur. Hələ tələbə ikən
şəhərin bayram şənliklərində
və rəsmi dövlət tədbirlərində yaxından iştirak edir. Cazibəli
səhnə görkəmi, şirin və
məlahətli səsi bir çox
sənət adamında maraq doğurur. Onun istedadlı
bir gənc olmasından Naxçıvan
Dövlət Musiqili Dram
Teatrının rəhbəri, Xalq artisti Səməd Mövləvi də xəbər
tutur. Görkəmli sənətkarın səyi
ilə tələbə qız 1932-ci ildə Naxçıvan
teatrına aktrisa kimi
dəvət olunur. O, dəvəti tərəddüdsüz
qəbul edir. Firuzənin professional
səhnəyə gəlişi mədəni hadisəyə çevrilir. Bundan sonra daha bir
neçə gənc qız teatra üz tutur. O, kollektivdə
şərəfli bir yaradıcılıq yolu keçir.
Aktrisanın teatra gəlişi ilə bağlı başqa mülahizələr
də var. Belə qeyd edilir ki,
o, teatra böyük həvəsi olduğu üçün fikrini Naxçıvan teatrının
rəhbəri Səməd
Mövləviyə bildirir. O da gənc qıza deyir ki, opera səhnəsi çox çətindir, istedad, təbii səs istəyir. Firuzə isə bunu bacara biləcəyini deyir və “Şahnaz” muğamını
ifa edir. Onun ifası S.Mövləvini təəccübləndirir. Elə bu ifa
da onun gələcək
sənət cığırına
çevrilir...
Firuzə
Əlixanova ilk dəfə
səhnəyə 1932-ci ildə
Asya rolunda (“Arşın mal alan”,
Ü.Hacıbəyli) çıxır.
Musiqili əsərlərdə də
yaddaqalan obrazlar yaradır. İfa etdiyi rollar xarakter əlvanlığı
ilə seçilir.
Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” (Leyli), “Əsli və Kərəm” (Əsli), “Ər və arvad” (Minnət xanım), “O olmasın, bu olsun” (Gülnaz),
“Arşın mal alan”
(Gülçöhrə), Zülfüqar
Hacıbəyovun “Aşıq
Qərib” (Şahsənəm),
Süleyman Rüstəm
və Səid Rüstəmovun “Durna” (Lalə), Şıxəli
Qurbanov və Süleyman Ələsgərovun
“Özümüz bilərik”
(Şölə xanım)
və s. opera və operettalarında əsas partiyaların mahir ifaçısı olur. Həmçinin xarakterik tiplərə
səhnə həyatı
verir. O, yüksək
səhnə mədəniyyəti
- ifadə özünəməxsusluğu
ilə tamaşaçıların
rəğbətini qazanır.
Bu gün yaddaşlarda
Firuzə xanımla bağlı xoş və maraqlı xatirələr yaşayır. Mənbələrdə qeyd olunur ki,
teatrda Cəfər Cabbarlının “Sevil” əsəri tamaşaya hazırlanırmış. Tamaşada nədən bəhs ediləcəyi şəhərin
din xadimlərinə də
aydın olur. Ona görə də əsərin göstərilməsinə qarşı
çıxırlar... Tamaşada Sevil
rolunu Firuzə xanım oynayır. Sonda Sevil kəlağayını
Balaşın qarşısında
yerə atır, bununla da kölə
olmadığını bildirir.
Tamaşa teatra gələn
qadınların sürəkli
alqışları ilə
qarşılanır. Sevil
rolundan təsirlənən
tamaşaçı qadınlar
kəlağayılarını salonda atıb gedirlər...
Aktrisa 1937-ci ilin
soyuq bir qış günündə
“Leyli və Məcnun” operasında Leyli obrazını canlandırır. Bu, Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında mədəni
inqilab hesab olunur. Görkəmli sənətkar Hüseynqulu
Sarabski xatirələrində
yazır ki, Firuzə Əlixanovanın
Leylisi, Əslisi və Sevili, sözün həqiqi mənasında, sənət
nümunəsi idi.
Onun sənətinin səsi-sorağı
çox keçmir gəlib Bakıya çatır. Üzeyir bəy
Naxçıvan səfəri
zamanı Firuzə xanımın ifalarını
bəyənir. Bundan sonra
Firuzə Əlixanova Azərbaycanın teatr kollektivlərinin tərkibində
SSRİ-nin bir çox şəhərlərində
qastrollarda olur. Moskvada keçirilən mədəniyyət
ongünlüklərinə qatılır. Səhnə fəaliyyəti
respublika rəhbərliyi
tərəfindən yüksək
qiymətləndirilir. 1964-cü
ildə Əməkdar
artist, 1974-cü ildə Xalq
artisti fəxri adlarına layiq görülür.
Ömrünü səhnəyə həsr edən aktrisa ailə həyatı qurmayıb. Naxçıvandakı evində ayrıca
bir otağı olub. Onun icazəsi olmadan heç kim
o otağın qapısını
aça bilməzmiş.
O bu otaqda oynayacağı rol üzərində çalışar
və səhnəyə
çıxarmış... Ömrünün
və səhnə fəaliyyətinin sonlarında
tez-tez evdəki pəncərənin önündə
dayanıb “Şahnaz” muğamını oxuyar və dərin fikrə dalarmış...
1977-ci ildə teatr rəhbərliyinə ərizə
ilə müraciət
edir ki, “artıq qocalmışam, işdən çıxmaq
istəyirəm, bir zamanlar canlandırdığım
gözəl Leyli, Əsli və Sevildən daha əsər-əlamət qalmayıb”.
Teatr rəhbərliyi bildirib ki, səhnəni tərk etməsin, başqa rolları canlandırsın. Amma
o, razı olmayıb...
1994-cü ildə bərk xəstələnir. Ölümünü duyurmuş kimi deyir: “Həyatdan və səhnədən doymayıb gedirəm”. Deyilənə görə, o, son nəfəsində “Şahnaz” muğamını oxumaq istəyir. Ancaq taqəti çatmadığından bacarmır. Bir anlıq dərindən nəfəs alır və gözləri yaşarır. Gözlərini əbədi olaraq yumur. Naxçıvan şəhərində dəfn olunur.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 15.