Şirin nəğmələrdə
acı bir ömür
Yaxud “Evlərinin önü yonca...” olmasa da...
Onu şirin nəğmələr,
həzin səs, məsum sima, daim qəmli gözlər və bir də sanki
bütün dünyaya
meydan oxuyan qürur dolu vücudu tanıtdı, sevdirdi. Dövrünün
ən gözəl səs, səhnə sənətçilərindən biri kimi musiqi
mədəniyyətimizdə iz salmasına səbəb oldu. Milyonlarla tamaşaçının
sevgisi ilə gözəllik, səadət,
sonsuz məhəbbət
tərənnüm etdiyi
nəğmələrində Nərminə Məmmədova
dünyanın bəlkə
də ən xoşbəxt qadını
kimi tamaşa edildi, sevildi və xatırlandı.
Amma...
Bu “amma” onun həyat tarixçəsinə
nəzər salıb,
qəhərlənmədən keçməyən hər
kəsin nitqində
var. Çünki o da
Stalin repressiyasının uşaqlıq
və gənclik illərini darmadağın
edib, varlığını
sarsıtdığı, ürəyinə
sağalmaz yaralar vurduğu minlərdən biridir. “Xalq düşməni”
kimi damğalanan, ən dəhşətli məxluq kimi diyar-diyar salınan qurbanlardan birinin övladıdır. Demək,
bu xanımın hətta şən-şaqraq
nəğmələrində, ritmik, ruhuna uyuşmayan, onu şənləndirə bilməyən
“sümükoynadan” havalarındakı
nisgilin də sirri bunda - həsrətdə,
nisgildə, gözündən
könlünə axmağa
məhkum gizli göz yaşlarında idi. Beləliklə, o, oxumur, sadəcə,
ürəyinin yanğısını,
harayını, ana həsrətini, ata nigarançılığını, bəlkə də dərbədər edilən
iki böyük nəslin yükünü,
ağrısını çəkirdi.
Ona görə də iki soyun - Məmmədbəyli
və Qiyasbəylilərin
yükü vardı çiyinlərində. Ziyalılar
çələnginin ağısını
nəğmə edib dil-dodağına həkk etdiyindən ifası bu qədər qəlb inlədən, qan donduran idi...
Qara illərin ağrısı
Əslində o, başına gələcək
bütün bəlalardan
xəbərsiz bir çocuq dövrünü
yaşamaq istəyirdi. Elə ata-anası
da bu duyğularla
əzizləmələr, ninnilər
söyləyirdilər qızlarına.
1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gələn Nərminə
Məmmədova bu adı və soyadı çox sonra, özü də qəribə bir təzadlar içində mənimsədi.
Çünki o, Fəridə Ağası
qızı Məmmədbəyli
kimi doğulmuşdu.
Həm də mahalın sevilib-seçilən, nüfuzlu
bir ziyalısının
evində. Amma sonradan
məşum repressiya onun bütün həyat tərcümeyi-halını
sildi və yenidən yazılmağa məhkum etdi. O, doğularkən atası Ağası Məmmədbəyli
Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış
ailələrindən olan
Qiyasbəylilər nəslindən
idi. Yaşadığı mahalın, sonra
da böyük amallarla köçdüyü
Bakının qızlarına
dərs deyən, ziya paylayan, dərin hörmətlə
adı çəkilən
xanımlarından idi.
Ailə gözəl arzularla doğulan qızlarına fərqli bir ad da seçmişdi. Rəşad Nuri Güntəkinin o illərdə çox oxunan “Çalı quşu” romanının qəhrəmanının şərəfinə
övladlarının adını
Fəridə qoyan valideynlər onu min bir naz-nemətlə böyüdürdülər. Lakin çox keçmədən bütün
bu gözəl arzular yerini ağır faciələrə
verdi. Atası "xalq düşməni"
ittihamı ilə həbs edildi, onu uzaq, naməlum,
çox gec dönəcəyi yönə
apardılar.
Bundan sonra dəhşətli hadisələr
bir-birini izləməyə
başladı. İlk olaraq ailəyə
indiki İstiqlaliyyət
küçəsindəki geniş
mənzillərini çox
gördülər. Oradan məcburi
çıxarılaraq İçərişəhərdə
kiçik, cansıxıcı
bir evə köçürüldülər. Ananın əzabları birə-beş
artdı. Ailə başçısı
həbs olunan Şəfiqə xanım
Stalin muzeyindəki işindən
çıxarıldı. Buna baxmayaraq, qızını
qayğısız böyütmək
üçün əlindən
gələni etdi.
Çox
sonralar Ali Partiya Məktəbi deyilən təhsil müəssisəsində
öz peşə fəaliyyətini davam etdirənədək hər
əzaba qatlaşdı.
Ana repressiyaların təhlükəsindən qorunmaq
üçün qızı
Fəridənin adını
dəyişdirib Nərmin,
soyadını isə
Məmmədova yazdırdı.
Zamanla Nərmin Nərminəyə
çevrilməyə başladı.
Beləcə, Fəridə atasının
roman qəhrəmanı qızcığazının
arzuları kimi əbədiyyətə gömüldü.
Qəfil
dəyişkənliyə etiraz
edən qızı və ətrafdakıların
suallarına “İstəmirəm
ki, qızımın taleyi o Fəridəyə bənzəsin” kimi kədərli və həm də müqəddəs bir bəhanə gətirən
ana bütün ömrü boyu yaşadığı ağrıları
ürəyinin lap dərinliklərinə
həbs edərək övladına səadət
nəğmələri aşıladı.
Yarımçıq təhsil, böyük səhnə və şöhrət
Bu hadisə - sinif
yoldaşlarından, doğma
saydığı məktəb
partasından qoparılma
yeniyetmə Nərminəni
çox kədərləndirmişdi. Amma xarakterindəki
qürur və nikbinlik sayəsində daxili istedad və qabiliyyətini üzə çıxarmaq
üçün anasının
müəyyən etdiyi
yolla gedirdi. Yersiz ərkəsöyünlük, bitməz
suallarla anasını
yormadan 13 yaşından
etibarən Pionerlər
Evinə yazılır,
məşqlərdə iştirak
edir, özünü səsində tapır.
Orta məktəblərinə bir
də 1946-cı ildə,
həm də qalib qayıdan istedadlı qız təhsilini də tamamlayır. Əmək fəaliyyətinə
tez başlayan Nərminə 1944-cü ildə,
15 yaşındaykən radioda
ilk dəfə canlı
efirdə oxuyur, məlahətli səsi hər kəsi valeh etməyə başlayır. Beləliklə, bu istedadlı gənc qızın sənət həyatı başlanır. Sənətdə
şöhrət az da olsa,
ağrılara məlhəm
olur. Bakı Dövlət Universitetinin
filologiya fakültəsinə
daxil olan qətiyyətli Nərminə
1967-ci ildə buradan məzun olur. Sevinci birə-beş artır, uşaqlıq və ilkin gəncliyini atasız keçirən müğənni Ağası
bəyin bitən cəzası, sürgünündən
qayıdışını ayrı bir bayram,
hadisə kimi yaddaşına yazır.
Kərkük nəğməsinin sehri
Nərminə xanımın bütün
yaradıcılığını unudub təkcə “Evlərinin önü yonca” nəğməsindəki
ecazkar ifasını dinləsək, onun nə qədər böyük sənətkar
olduğunu görmüş
olarıq. Səs xəzinəmizin fərqli nəfəsli xanımının yaradıcılığında
kərkük nəğmələrinin,
xüsusən də bu mahnının ayrı bir yeri
var. 1963-cü ildə radionun
ərəb dilində
verilişlər şöbəsinin
əməkdaşı, İraq-türkmən
sənətçisi Sinan
Səidlə birgə
oxuduqları kərkük
mahnıları milli musiqimizin qızıl duetləri olmaqla yanaşı, müğənninin
sənət bioqrafiyasında
xüsusi bir mərhələ təşkil
edə bildi. “Axşam olur”,
“Məni görüb güldü yar” kimi fərqli üslublu Kərkük nəğmələri bu nigaran xalqın himni kimi musiqimizdə
əbədi iz saldı.
Bəstəkarların sevimli ifaçısı
Onun ifa etdiyi ariyalar, romanslar və xalq mahnıları yaşlı nəslin yaxşı yadındadır. Ecazkar və gözəl səsli Nərminə Məmmədova öz müasiri olan bir çox bəstəkarların - Cahangir
Cahangirov, Tofiq Quliyev, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Ramiz Mustafayev, Andrey Babayev, Qənbər Hüseynli və Səid Rüstəmovun mahnılarını ifa edib. Bəstəkarlar onun səs tembrinə uyğun mahnılar yazır, oxu üslubunu yüksək qiymətləndirirdilər.
“Pıçıldaşın ləpələr”, “Ay işığında”,
“Qərənfil”, “İlk
xatirələr”, “Hardasan,
yar”, “Alagöz”, “Sirrimi bilmədin...”, eləcə də “Aman ovçu”, “Nar-nar” kimi mahnılar
ifa olunan andan dillər əzbərinə çevrilir.
"İpək dəsmal",
"Qara gözlər",
"Asta yeri, kəmər düşər
belindən", "Altun
üzük” kimi duyğulu ifalarında Nərminə Məmmədovanın
son dərəcə lirik,
əsrarəngiz, romantika
ilə dolu səsinə, ifa tərzinə çoxları
heyran kəsilmişdi.
Elə indinin özündə də bu ifalar
radio dalğalarında səsləndiriləndə
adamda həzin bir ovqat doğurur.
Həyatda izlər
Nərminə xanım ifaçı
60-cı illərin əvvəllərində
anasının nəslindən
olan ziyalı bir şəxslə, mühəndis Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan
onların yeganə övladı Sevinc Qiyasbəyli dünyaya gəlir. Beləcə, Nərminə xanım
həzin nəğmələrin
ağuşunda nisgilə
bələnmiş təzadlarla
dolu bir sənətkar, qadın ömrü yaşayır.
35 illik bir
sənət bioqrafiyası
yazır. 1980 və 1986-cı illərdə
keçirdiyi infarktdan
sonra sənətdən
uzaqlaşan Nərminə
xanım bir də səhnəyə qayıtmır. Zaman onun
üçün bir də 1997-ci ildə, ilıq bir yaz
səhəri (27 mart) dayanır.
65 yaşında ürək xəstəliyindən
dünyasını dəyişir.
İfaçılığında Azərbaycanın
musiqi sənətində
mükəmməl bir
zövqü, sənətin
bitkin mənzərəsini
əks etdirən və müasirlərinə
"Hər zaman onun səsi dövrün səsi olaraq qalacaq" kimi bənzətmə cəsarəti verən Nərminə xanım heç bir fəxri ad, mükafat almadan xalqın sənətkarı, sevilən
ifaçısı kimi
yaddaşlara köçdü...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 13.