İsmayıllıda çövkən meydançası və yay filarmoniyası istifadəyə verilib

 

Çövkən oyununun tarixi çox qədimdir. Mənbələrdən alınan məlumatlara görə bu oyun növü eramızın birinci minilliyində formalaşıb, yüzilliklər boyunca Azərbaycanda, Orta Asiyada, İran, İraq, Türkiyədə məşhur olub.

 

Azərbaycanda bu oyunun çox qədimdən yayıldığı faktlarla təsdiqlənir. Belə ki, Örənqalada aparılan arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm IX əsrdə Beyləqan şəhərində bu oyunun məşhurluğunu göstərir.

Son illər atüstü milli oyunlarımızın qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə xeyli görülüb. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb, “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib, Respublika Atçılıq Turizm Mərkəzi yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilir. Bu yarışlarda İsmayıllı rayonunun komandası da fəal iştirak edir. İsmayıllı komandası hər il papaq yarışında birincilik qazanır.

2013-cü ildə xalqımızın bu qədim mədəni irs nümunəsinin UNESCO-nun siyahısına salınması çövkən oyunun daha da geniş şəkildə yayılmasına, təbliğinə zəmin yaratmışdır. Bütün bunlar nəzərə alınaraq İsmayıllı rayonundakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında çövkən oyunu üçün uzunluğu 90, eni 60 metr olan meydança salınıb. Sentyabrın 8-də meydançanın açılış mərasimi olduyerli komandalar arasında yarış keçirildi. Gələcəkdə qonşu rayonların komandalarının dəvət edilərək zona yarışların keçirilməsi də planlaşdırılır.

 

...və yay filarmoniyası açılıb

 

İsmayıllı rayonunda son dövrlər quruculuq-abadlıq işləri geniş vüsət alıb. Yeniləşən və inkişaf edən rayonda mədəniyyət sahəsinə də diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün yay filarmoniyası tikilib istifadəyə verilib. Filarmoniyada qrim otağı, tədbir iştirakçıları üçün gözləmə otağı, otaqları və xidmət otaqları fəaliyyət göstərəcək.

Bu məkanda artıq ilk tədbir - “Təhsil bayramı” keçirilib. Tədbirdə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilib. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün gələcəkdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Çinarə Bəhərçinli

 

Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 11.