“Səylərimizi
birləşdirməliyik”
Jan Klod Frekon: “Dialoq pis əməllərin yaxşı əməllərlə əvəz olunması istiqamətində mühüm vasitədir”
Son illər Azərbaycan müxtəlif
beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə nəticə
etibarilə ölkəmizin dünyada
müsbət imicini, beynəlxalq nüfuzunu möhkəmləndirir. Ötən
həftə (1-2 sentyabr) Bakıda
keçirilən "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə"
mövzusunda Avropa
Şurasının mübadilə görüşü də bu qəbildən
idi. Azərbaycanın Avropa
Şurası Nazirlər Komitəsinə sədrliyi
dövründə təşkil edilən tədbirlərdən
biri olan
görüşdə qurumun rəsmiləri,
müxtəlif ölkələrdən ekspertlər iştirak edirdi.
Qonaqların arasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Palatasının prezidenti Jan Klod Frekon (Jean-Klaude Frecon) da vardı. Onunla müsahibəmizdə müasir dünyada din, mədəniyyət, onların qarşılıqlı əlaqəsi, dini tolerantlıq və digər mövzularla bağlı məqamlara toxunduq.
- Cənab Frekon, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Palatasının əsas prioritetləri nədən ibarətdir?
- Qurumun əsas məqsədi regional demokratiyanın təbliği, regional idarəetmənin inkişaf etdirilməsi və bələdiyyələrin fəaliyyətinin gücləndirilməsidir. Təşkilatın diqqət dairəsinə şəhərlər və regionlar arasında transformasiya və regionlaşma prosesləri, eləcə də şəhər və rayonlar arasında əməkdaşlıq məsələləri də daxildir. Biz əsasən Yerli Özünüidarənin Avropa Xartiyasının təsbit etdiyi müddəalarının tətbiqinə xüsusi diqqət yetiririk. Konqres davamlı olaraq Avropa Şurasına üzv olan 47 ölkədə yerli və regional seçkiləri müşahidə edir. Konqres əsası qoyulandan bəri Yerli Özünüidarənin Avropa Xartiyası da daxil olmaqla bir sıra beynəlxalq sənədləri tərtib edib.
- Din, mədəniyyət, onların qarşılıqlı əlaqəsi, tolerantlıq məsələləri Avropa Şurasının fəaliyyətində hansı yeri tutur?
- Dini tolerantlıq çox vacib amildir. Bu, müxtəlif
böhranlar zamanı daha aktual olur
və Avropa Şurası bu sahədə rolunu dərk edir. Avropa Şurası mədəni
irsin, dinlərarası
dialoqun təşviqini
qarşıya məqsəd
qoyub. Bu dialoq yerlərdən başlanmalıdır, bütün
bu məsələlərin
hamısını mərkəzi
hakimiyyət orqanlarının
üzərinə atmaq
düzgün deyil.
Yerli hakimiyyət orqanları üçün dinlərarası
dialoqun 12 prinsipini qəbul etmişik. Biz min kilometrlərlə uzaqlıqda olmağımıza
baxmayaraq, səylərimizi
birləşdirməliyik. Bələdiyyələr artıq bu sahədə tədbirlər
keçirirlər, bu isə dini tarazlığın
qorunmasına öz töhfəsini verir.
Ümumiyyətlə, bir sıra
ölkələrdə cəmiyyət
dinin təsirinə məruz qalmadan inkişaf edir. Amma elə ölkələr də var ki,
burada din dövlətlə
birlikdə inkişaf edir. Mənim vətənim Fransada
da kilsələr dövlətdən ayrı
fəaliyyət göstərir
və mənə elə gəlir ki, bu çox
gözəl praktikadır.
Elə götürək Azərbaycanı.
Burada din və mədəniyyət birgə
fəaliyyət göstərə
bilər və bunun üçün bütün şərtlər
mövcuddur. Azərbaycan dinlərin və
mədəniyyətlərin kəsişmə nöqtəsində
yerləşir və belə bir görüşün
burada keçirilməsi
çox mühümdür.
Ən önəmlisi isə budur ki, din dövlətdən
ayrıdır. Belə ölkələrin
hamısında insanlar
asanlıqla bir araya gələ, təcrübələrini paylaşa
və müzakirələr
apara bilərlər.
Biz sosial fəaliyyətlərimizi
bir toplantıda müzakirə edərkən
əgər eyni fikirdə oluruqsa, onda güclərimizi də paylaşmış oluruq. Müxtəlif dinlər arasında
dözümlülük münasibətləri
qurmağa çalışmalıyıq.
Bilirsiniz,
din söyləyir ki, gündəlik həyatda sənin üçün ən yaxşı yol sülh, bir-birinə hörmətdir.
Bu baxımdan biz gündəlik həyatımızın
bütün prinsiplərinə
əməl etməliyik.
Ümumiyyətlə, bu gün Avropada mədəniyyət
və din arasında əlaqələrin araşdırılması
çox mühümdür.
- Təəssüflə etiraf
etməliyik ki, müasir dünyamızda dini zəmində ekstremizm və radikalizm güclənib. Qurum olaraq çıxış
yolunu nədə görürsünüz?
- Yenə də dialoqda. İnsanlar öz aralarında
sülhpərvər yolları
bərqərar etməyin
istiqamətlərini tapmalıdırlar.
Biz fərqli din və mədəniyyətlərin
daşıyıcısı olan insanlar arasında
dialoq və qarşılıqlı anlaşmanın
bərqərar olması
istiqamətində çalışırıq.
Bakıda keçirilən tədbirdə də bu mövzu ətrafında
konstruktiv fikir mübadiləsi aparıldı,
dəyərli tövsiyələr
səsləndi. Təcrübəmdən çıxış edərək
deyə bilərəm
ki, mübadilə görüşləri mədəniyyətlərarası
və dinlərarası
dialoqa mühüm töhfə verir. Qeyd etdiyiniz kimi, dini zəmində ekstremizm və radikalizmin gücləndiyi
bir vaxtda, bütün dövlətlər
arasında tolerantlığın
təbliği prosesi getməlidir. Məncə,
hazırda bu proses uğurla inkişaf edir. Əlbəttə, xoşagəlməz şəraitin yaranmasına
səbəb bəzi hallarda ayrı-ayrı ölkələrdə dinlərin
tədrisində yanlışlığa
yol verilməsidir.
Biz qurum olaraq
bu kimi xoşagəlməz
halları pisləyirik.
Təəssüf ki, bu hallar bu gün
Avropada da baş verir. Ona görə də icmalar səviyyəsində
Avropa miqyasında qarşılıqlı anlaşmaların
gücləndirilməsi, genişləndirilməsi
və təbliğatı
çox vacibdir.
Biz öz növbəmizdə
bu dəyərləri
zaman-zaman müzakirə
etməliyik. Eyni zamanda
Avropa Şurasına üzv hər bir dövlətdə insanların bir dindən digər dinə keçməsi azadlığı da təmin edilməli, heç bir ayrı-seçkilik olmadan
dini azadlıq təmin olunmalıdır.
- Maraqlıdır, Avropa Şurasının dini azadlıqların təminatı, birgəyaşayış prinsiplərini əsas tutan hər hansı bir layihəsi varmı?
- Bizim “Ümumu cəmiyyət” layihəmiz var. Burada nəzərdə tutulub ki, biz eyni ərazidə, eyni cəmiyyətdə, eyni şəhərdə yaşayırıq. Biz bir-birimizlə mübarizə aparmamalı, sülh və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət qurmalı, birgəyaşayış qaydalarına əməl etməliyik. Unutmamalıyıq ki, islam və xristian dinləri eyni, vahid Allahdan gəlir və biz bu Allahdan dünyada sülhü bərqərar etməyi xahiş edirik. Dialoq isə pis əməllərin yaxşı əməllərlə əvəz olunması istiqamətində mühüm vasitədir. Hər kəs sülhü bərqərar etməyə, ümumi cəmiyyət qurmağa kömək etməlidir. Bu, Avropa Şurasının da əsas hədəfidir. Biz eyni cəmiyyətdə yaşamaq istəyirik. Biz burada ona görə deyilik ki, bir-birimizlə mübarizə aparaq, sadəcə bütün səylərimizi birləşdirib birgə yaşama prinsiplərinə əməl etməliyik.
- Cənab Frekon, Bakıdan hansı təəssüratlarla ayrılırsınız?
- Paytaxtınızda gedən böyük inkişaf prosesləri məndə dərin təəssürat yaradıb. Bakı günü-gündən gözəlləşən, sürətlə böyüyən bir Avropa şəhərinə çevrilib. Bu gözəllikləri isə hər dəfə öz gözünlə görmək insana ayrı bir zövq verir.
Mehparə
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 10.