Uzunömürlülər
diyarından zəngin təəssüratla
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda ilk dəfə keçirilən uzunömürlülərin yaradıcılıq festivalı xoş anlarla yadda qaldı
“Hər kəs
yüz il yaşamasa, günah onun özündədir”. Təmiz
havası, səfalı təbiəti, maraqlı tarixi abidələri
və uzunömürlü insanları ilə tanınan Lerik
rayonunda bu deyimi təkrar etməyi çox sevirlər. Təsadüfi
deyil ki, Lerik uzunömürlülər diyarı kimi təkcə
ölkəmizdə deyil, onun sərhədlərindən kənarda
da məşhurdur. Ölkəmizin bu füsunkar bölgəsinə
ilk səfərim də Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən uzunömürlülərin
yaradıcılıq festivalı ilə bağlı oldu.
Sentyabrın 8-də rayondakı «Relax» istirahət mərkəzində gerçəkləşən tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Lerik və qonşu rayonların ictimaiyyət nümayəndələri, eləcə də paytaxt Bakıdan media mənsubları və sənət adamları qatılmışdı. Tədbir çərçivəsində cənub bölgəmizin 8 rayonunun mətbəxini əhatə edən plov festivalı da keçirildi.
“Hər kəs yüz il yaşamasa...”
Əvvəlcə onu qeyd edim ki, «Relax» istirahət mərkəzində festivalla bağlı böyük bir sərgi təşkil edilmişdi. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının, Milli Kitabxananın, Lerikdə fəaliyyət göstərən Uzunömürlülər Muzeyinin stendləri yer almışdı. Milli Kitabxananın “Hər kəs yüz il yaşamasa...” adlı sərgisində kitabxananın fondundan Azərbaycan, türk, rus və ingilis dillərində nəşrlər - Azərbaycanın uzunömürlü sakinləri, onların həyat tərzi, uzunömürlülüyün sirləri, sağlam qidalanma barədə kitablar, qəzet və jurnal materialları nümayiş olunurdu. Cənub bölgəsinin el sənətkarlarının əl işlərindən ibarət stenddə yer alan nümunələr də böyük maraq doğururdu.
Tədbirdə iştirak edən hər kəsin üzündə sevinc və məmnunluq müşahidə olunurdu. Qonaqları Lerikdə fəaliyyət göstərən «Rəfti» uzunömürlülər xalq kollektivi öz maraqlı ifaları ilə qarşılayırdı. Kollektivin 16 üzvü var. Onların ən yaşlısı 87, ən “cavanı” isə 63 yaşındadır.
Kollektivin rəhbəri Urşan Əliyev qəzetimizə açıqlamasında doğma rayonlarında uzunömürlülərə həsr olunmuş belə festivalın təşkilinin onları çox sevindirdiyini dedi: «Hər bir rayonun özünəməxsus xüsusiyyətləri var. Bizim rayon da çox yaşayan insanları ilə tanınır. Tədbirdə iştirak etmək üçün Azərbaycanın bir çox yerlərindən buraya insanlar gəlib, onlar uzunömürlülüyün sirri ilə maraqlanırlar. Yaşlı Lerik sakinləri ilə həmsöhbət olmaq onlar üçün maraqlıdır. Bizə də yaxınlaşıb müxtəlif suallar verirlər. Tədbirin təşkilatçılarına təşəkkür edirəm».
Festival iştirakçıları arasında tanınmış xanəndə, Xalq artisti Canəli Əkbərov da vardı. Sevimli sənətkarımız tədbir haqqında təəssüratlarını bölüşdü. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin Lerikdə ilk dəfə belə bir festival keçirməsi əlamətdar hadisədir: «Məlumdur ki, Lerik uzunömürlülük diyarıdır. Burada vaxtilə hətta 150 yaşına qədər yaşayan insanlar olub. Azərbaycan dövlətinin uzunömürlü insanlara həsr olunmuş belə tədbir keçirməsini çox yüksək dəyərləndirirəm. Yaşlı insanları yada salmaq, onları diqqət mərkəzinə gətirmək xoş bir işdir. Mən bayaqdan müşahidə edirəm, bu qocaların sifətində nə qədər məmnunluq var, onlar uşaq kimi sevinirlər. Lerikin təbiəti, suyu da səfalıdır. Belə bir torpaqda yüz yaşı başa vurmaq xoşbəxtlikdir. Osman Sarıvəlli demişkən, hər kəs yüz il yaşamasa, günah onun özündədir”.
Festival
regionun turizm potensialının tanıdılması
üçün bir vəsilədir
«Millennium
Turizm Konqres DMC»nin direktoru Ruslan Quliyev də festivalın
qonaqları sırasında idi. Tədbiri yüksək dəyərləndirən
şirkət rəhbərinin sözlərinə görə,
Lerikdə uzunömürlülər festivalının
keçirilməsi müasir tariximizdə, ictimai-mədəni
həyatımızda yaddaqalan günlərdən biri kimi
qalacaq. Belə festivalların təşkil edilməsi bölgənin
turizm potensialının tanıdılması və dünyada
təbliğ olunması üçün də önəmli
bir vəsilədir: «İldən-ilə regionlarda müxtəlif
festivalların keçirilməsi müsbət haldır. Bu tədbirlər
beynəlxalq statusa malik olsa, Avropadan, MDB ölkələrindən
Azərbaycana çoxsaylı turistlərin cəlb edilməsinə
səbəb olar. Düşünürəm ki, gənclərimiz
üçün uzunömürlü insanların keçdiyi
həyat yolu bir örnəkdir».
Uzunömürlülüyün
ən böyük sirri - xoşbəxt ailə...
Festivalın
rəsmi açılışı saat 17.00-a təyin edilib.
Fürsətdən istifadə edib tədbirdə iştirak edən
bir neçə yaşlı insanla həmsöhbət olduq.
Kənardan
diqqəti daha çox cəlb edən bir cütlüyə
yaxınlaşırıq. Öyrənirik ki, Məmmədxan
Abbasovun 103, onun həyat yoldaşı Kinənaz Abbasovanın
isə 97 yaşı var. Çox yaşamalarının sirrini
soruşuruq. Məmmədxan kişi yaxşı eşitmədiyinə
görə suallarımızı Kinənaz nənə
cavablandırır. Onun dediyinə görə, insanın
uzunömürlü olmasının ən böyük sirri ailə
xoşbəxtliyidir: «Ailədə mehribanlıq, şirinlik
varsa, ömrünüz uzun olacaq. Mənim həyat
yoldaşım çox sadə, üzüyola adamdır. 11
övladım var, hamısı oxuyub, öz həyatlarını
qurub. Bir tərəfdən ailə baxımından bəxtim gətirib,
digər tərəfdən isə təmiz havası, saf suyu
olan Lerikdə yaşayıram».
90
yaşlı Xanım nənə rus dili müəlliməsi
olub. Dediyinə görə, müəlliməliklə bərabər
kolxozda da işləyib: «Əkin əkmişəm, heyvan
saxlamışam. İşdən heç vaxt
qaçmamışam. Mən belə hesab edirəm ki,
insanın çox yaşamasının ən birinci şərti
fiziki əməkdir. Bundan sonra gəlir sağlam qida və əsəbsiz,
stressiz həyat tərzi. Mənim 5 övladım, 20 nəvəm,
11 nəticəm, 3 kötücəm var».
97
yaşlı Razi Hümmətovun da uzunömürlü olmaqla
bağlı maraqlı fikirləri var. Deyir ki, buranın sakinlərinin
çox yaşamasının ilk səbəbi Lerikin havası,
səfalı təbiətidir: «İkinci şərt isə ailənin
yaxşı olmasıdır. Həyat yoldaşım 20 ildir
dünyasını dəyişib. Çox gözəl insan
idi. Mənə tərbiyəli övladlar bəxş edib.
Çox yaşamağımın səbəbini bunlarda
görürəm».
Həmsöhbət
olduğumuz 82 yaşlı Raciyə Rəhimova, 87 yaşlı
Narıngül Qubadova, 84 yaşlı Nənəbacı Əkbərova
da uzunömürlülüyün ən birinci səbəbi
kimi mehriban ailəni, bir də Lerikin suyunu, havasını
göstərdilər.
Uzunömürlülər
festivalı ənənəyə çevriləcək
Bir qədər
sonra tədbirin keçirildiyi məkana rəsmilər, digər
qonaqlar təşrif buyurdu.
Tədbiri
açıq elan edən Lerik Rayon İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırov bildirdi
ki, bu bölgə uzunömürlülərin vətəni
kimi dünyada məşhurdur: «Lerikdə respublikamızda yeganə
olan Uzunömürlülər Muzeyi fəaliyyət göstərir.
Festivalın regionun turizm potensialının gücləndirilməsi
istiqamətində əhəmiyyətini də nəzərə
alaraq məkan olaraq buranı seçdik. İnşallah,
növbəti illərdə də ölkə rəhbərliyinin
dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin
köməkliyi ilə bu festivalı davamlı olaraq keçirəcək,
iştirakçıların sayını və əhatə
dairəsini genişləndirəcəyik».
Festivalda
iştirak edən qocaman Lerik sakinlərini və bütün
iştirakçıları salamlayan mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycanda belə bir tədbirin
ilk dəfə keçirildiyini diqqətə
çatdırdı: «Bu festival iştirakçılar
üçün çox gözəl fürsətdir ki, cənub
bölgəsinin adət-ənənəsi, mədəniyyəti,
tarixi, abidələri, bugünkü həyatı ilə
tanış olsunlar. Biz ilk dəfədir ki,
uzunömürlülərin yaradıcılıq
festivalını keçiririk. Hesab edirəm ki, bu,
yaşayacaq bir təşəbbüsdür. Gələcəkdə
bu tədbirin ənənəvi hal almasını
arzulayırıq. Çünki ildən-ilə Azərbaycan mədəniyyətinə,
xalq yaradıcılığına maraq göstərən
insanların sayı çoxalır».
Nazir onu
da qeyd etdi ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın
bölgələrinin tanıdılmasına və beləliklə
xarici turistlərin təkcə paytaxta deyil, həmçinin də
regionlara maraq göstərməsinə zəmin yaradır:
«Festivalın keçirilməsi respublikamızın
uzunömürlülər diyarı kimi təbliğ edilməsi,
ahıl insanların yaradıcılıq potensialının
üzə çıxarılması və
stimullaşdırılması, regionlararası mədəniyyət
mübadiləsinin gücləndirilməsi məqsədini
daşıyır».
Əbülfəs
Qarayev bildirdi ki, Azərbaycanın incəsənəti, xalq
yaradıcılığı artıq UNESCO səviyyəsində
tanınır, təbliğ edilir: «Düşünürəm
ki, respublikanın bütün bölgələrində bu
işlə məşğul olan çoxlu istedadlı, dəyərli
insanlar var. Bu gün onları burada gördükdə ürəyimiz
daha da açılır. Arzulayıram ki, Azərbaycanda
insanlar uzun ömür yaşasın, gümrah və
yaradıcı olsun, biz də belə tədbirləri həmişə
təşkil edək. Mən üzümü festivala gələn
yaşlı insanlara tutaraq deyirəm ki, gələn
ayaqlarınız var olsun. Siz burada iştirak etməklə, tədbirimizi
daha da gözəlləşdirdiniz və öz
yaradıcılığınızla gənclərimizə
gözəl bir nümunə göstərdiniz”.
Bu gün
Azərbaycan yeni inkişaf mərhələsində
olduğunu deyən nazir bu inkişafın Lerikdəki
abadlıq-quruculuq işlərində özünü göstərdiyini
vurğuladı: «Mən Lerikdə çoxdan
olmamışdım. Rayona gələrkən yeni turizm obyektlərini,
mədəniyyət ocaqlarını, muzeyləri gördüm
və çox sevindim. Azərbaycan son illər o qədər
böyük inkişaf yolu keçib ki, heç bir ölkə
bununla müqayisə oluna bilməz. Hörmətli prezidentimiz
cənab İlham Əliyevin son illər gördüyü
işlər bütün xalq tərəfindən
alqışlanır və dəstəklənir. Lerik gözəl
bir rayondur, gözəl torpağı, suyu, havası olan
bölgəmizdir, uzunömürlülər diyarı kimi məşhurdur.
Bu gün Azərbaycan dövləti, şəxsən ölkə
başçısı bu bölgənin inkişafına
böyük önəm verir. Rayonun kəndlərinin
böyük əksəriyyəti qazla təmin olunub, yollar
çəkilib. Bu da dövlətin və ölkə rəhbərliyinin
öz vətəndaşları üçün
yaratdığı şəraitdir. Sözsüz ki,
yaradılan bu şərait də insanların daha uzun
yaşamasına bir səbəbdir.
Ölkəmizdə
qocaman insanlara hər zaman böyük diqqət, ehtiram göstərilib.
1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanın
rəhbərliyinə qayıdarkən, ilk növbədə
ağsaqqallarla görüş keçirdi. O zaman Azərbaycan
öz müstəqilliyini yeni əldə edən bir ölkə
idi. Ulu öndər bununla gənclərimizə bir nümunə
göstərdi. Əminəm ki, Lerikdə belə bir
festivalın keçirilməsi xalq tərəfindən
yüksək dəyərləndiriləcək. Bütün
iştirakçılara təşəkkür edirəm, onlara
sağlam həyat, uzun ömür arzulayıram. O gün olsun
ki, onların nəvələri, nəticələri qüdrətli,
müstəqil, daimi azad qalacaq Azərbaycanın layiqli vətəndaşları
olaraq öz 100 yaşlarını qeyd etsinlər».
Meydana
qocalar çıxır
Sonra
festival iştirakçılarının
çıxışları oldu. Azərbaycanın müxtəlif
bölgələrindən - Lənkəran, Balakən, Lerik,
Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və
Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı
insanların qatıldığı tədbirdə
uzunömürlülərdən ibarət «Rəfti», «Nənələr»
folklor kollektivlərinin çıxışları
alqışlarla qarşılandı.
Respublikanın
xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan
Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev,
Azad Şükürov, Rafiq Seyidzadə və
başqalarının iştirakı ilə konsert proqramı təqdim
olundu.
Festivalda
«Salnamə» kinostudiyasının istehsalı olan «Əsrə
sığmayan həyat» filmi də nümayiş etdirildi.
Gələn
il plov festivalına daha çox rayon cəlb ediləcək
Günün
sonunda Azərbaycan mətbəxinin təbliği məqsədilə
Milli Kulinariya Mərkəzi ilə birgə keçirilən
plov festivalının qalibləri elan olundu. Milli Kulinariya Mərkəzinin
direktoru Tahir Əmiraslanov qəzetimizə
açıqlamasında bildirdi ki, plov festivalına Azərbaycanın
8 rayonu qatılıb. Lerik, Masallı, Cəlilabad, Salyan,
Astara, Yardımlı, Biləsuvar və Lənkəran
kulinarlarının hazırladığı 33 növ plov və
rayonların özünəməxsus mətbəxi
nümayiş etdirilir.
Tahir Əmiraslanovun
sözlərinə görə, gələn il tədbirə
daha çox rayon cəlb ediləcək: «Çünki bizim
rayonların əksəriyyətində çəltik əkilib,
düyü mədəniyyəti olub və o mədəniyyətin
əsasında da bizim plovlarımız formalaşıb. Azərbaycanda
plovun düyüdən də qədim tarixi var. Çünki
düyüdən əvvəl başqa dənli bitkilərdən
plov bişirirdilər. Əvvəlcə plov festivalını
ölkə daxilində tanıtmaq, sonra isə dünya səviyyəsinə
çıxarmaq niyyətindəyik. Plov hazırlanması
üçün lazım olan bütün ərzaq
firmalarını bu festivala cəlb etməyi
planlaşdırırıq».
Milli
Kulinariya Mərkəzinin ekspertləri tərəfindən
plovlar qiymətləndirildikdən sonra qaliblərə medallar,
fəxri diplomlar və festivalın sponsorları tərəfindən
mükafatlar təqdim olundu. Plov festivalında birinci yeri ev
sahibi Lerik rayonu (usta aşpaz Hacı Zərrup), ikinci yeri
Masallı, üçüncü yeri Cəlilabad rayonu tutdu.
Festivalın fərdi qalibləri isə Astara, Lənkəran və
Salyan rayonlarının aşpazları oldu.
Tədbirin
sponsorlarına - Lerik Rayon İcra Hakimiyyətinə, «Relax»
istirahət mərkəzinə, «Millennium» turizm şirkətinə,
«Azersun Holdinq»ə və «Septr» şirkətinə Milli
Kulinariya Mərkəzinin fəxri diplomları təqdim edildi.
Festival
incəsənət nümayəndələrinin, muğam
ifaçılarının musiqi nömrələri və
Sumqayıt Dövlət Dram Teatrının aktyorları tərəfindən
hazırlanmış əyləncəli proqramla axşam saatlarına
qədər davam etdi.
Lerikdə
maraqlı məkanlar çoxdur
Qeyd edək ki, festival çərçivəsində Lerik rayonunun tarixi-mədəni abidələri, mədəniyyət ocaqları ilə tanış olmaq imkanı da əldə etdik. «Relax» istirahət mərkəzinin ekskursiya avtobusu ilə ilk tanış olduğumuz məkan Uzunömürlülər Muzeyi oldu. Muzey 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yeni binası 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Burada 1100-dən çox eksponat var. Bu, dünyada yeganə belə muzeydir. Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 134 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva və s. haqqında stendlər yaradılıb. Etnoqrafik materiallar - şəxsi əşyalar, geyimlər, onlara yazılan məktublar, uzunömürlülüklə bağlı qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır. Muzeyin direktoru Dilarə Fətullayevanın sözlərinə görə, xarici ölkələrdən - İordaniyadan, Belçikadan, İsraildən, Türkiyədən, Almaniyadan, Rusiyadan, Ukraynadan muzeyə qonaqlar gəlib.
Baş çəkdiyimiz digər məkan isə Lerik rayon mərkəzindən 19 kilometr məsafədə yerləşən Buzeyir kəndi ərazisindəki mağara oldu. Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. Bələdçimiz Abidin Abıyev deyir ki, burada bir neçə mağara var. Bu mağaraların ən böyüyü 1 kilometr uzunluğundadır.
Lerikdəki maraqlı məkanlardan biri də «Relax» istirahət mərkəzindən 5-6 kilometr aralıda yerləşən şəlalədir. Yerli sakinlər bu şəlaləni «Mini Niaqara» adlandırırlar.
Lerik rayonunda ekskursiyamızı başa vurub Bakıya doğru istiqamət alırıq - aldığımız zəngin təəssüratları oxucularımızla bölüşmək üçün...
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 8-9.