Bakıdakı Misir Mədəniyyət Mərkəzinin 15 illiyi qeyd olunub

 

Sentyabrın 10-da Misir Mədəniyyət Mərkəzinin Azərbaycanda fəaliyyətinin 15 illik yubileyi qeyd edilib. Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət üzrə attaşesiMisir Mədəniyyət Mərkəzinin müdiri, azərbaycanşünas alim, doktor Əhməd Sami Əbdülfəttah Elaydi çıxış edərək qurumun ötən dövrdə gördüyü işlərdən söz açıb.

O, qədim tarixi köklərə malik olan Azərbaycan ilə Misir arasında əlaqələrin mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini deyib. Bildirilib ki, ötən 20 ildə bu əlaqələr əməkdaşlığın möhkəmləndirilməsində və hər iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmada mühüm rol oynayıb.

Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Cəlal ölkələrimiz arasında əlaqələrin tarixindən danışıb. Qeyd edilib ki, iki ölkə arasındakı mədəni əlaqələrin bariz nümunələrindən biri də Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasıdır. Mərkəz ərəb mədəniyyətinin ölkəmizdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, mədəni-elmi əməkdaşlıq sahəsində nailiyyətlərə imza atıb.

Diqqətə çatdırılıb ki, xalqları bir-birinə yaxınlaşmasında ədəbiyyatın böyük rolu var. Bunları nəzərə alaraq Misir Mədəniyyət Mərkəzi iki ölkənin görkəmli yazıçıların əsərlərinin tərcümələrinin təqdimatlarını keçirməyi planlaşdırır.

Tədbirdə akademik Vasim Məmmədəliyev, professorlar İmamverdi Həmidov, Aida Qasımova və başqaları çıxış edərək Misir Mədəniyyət Mərkəzinin uzun illər davam edən səmərəli fəaliyyətlərindən danışıblar.

 

Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 6.