Qədim şəhərdə
sənət bayramı
I Şəki
Beynəlxalq Teatr Festivalı başlandı
10 sentyabr. Saat 17 radələri. Şəkinin mərkəzindən,
şəhər teatr binasının
qarşısından yolu düşənləri
məhəccərlərə bağlanmış və zəif
küləyin yellətdiyi ala-bəzək şarların titrəyişi
salamlayır, yerli musiqiçilərin
peşəkar ifası isə yoldan ötənləri
ayaq saxlamağa vadar edirdi. Hərçənd
artıq neçə gün idi ki, Şəkinin
küçələrində, istirahət mərkəzlərində,
mədəniyyət ocaqlarında, turistlərin daha çox olduğu məkanlardakı qırmızı afişalar şəhərin ilk
beynəlxalq teatr festivalına ev sahibliyi edəcəyindən
xəbər verirdi.
Əslində əcnəbi qonaqların tez-tez təşrif buyurduğu Şəkinin sakinləri son illər burada keçirilən müxtəlif ölkə və beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə öyrəşiblər. Mədəni turizm həvəskarları da bu qədim, öz koloritini, Qafqaz Albaniyası memarlığı ilə orta əsrlər Azərbaycan memarlığının qovuşuğunu öz simasında yaşadan şəhəri çoxdan tanıyırlar. Bunu şəhərin küçələrində, görməli yerlərində dolaşan turistlərin bolluğu da sübut edirdi.
Təbii ki, bayram ovqatı daha çox festivalın qonaqlarında hiss olunurdu. Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının rəhbərliyi və bütün heyəti də bu teatr bayramını yüksək səviyyədə keçirmək, qonaqların könlünü oxşamaq səyi ilə çalışırdılar.
Beləcə, Azərbaycan xalq və populyar musiqi ifaçılarının çıxışları bir-birini əvəz etdi, Şəki teatrının repertuarındakı tamaşalardan parçalar göstərildi. Şəhər əhli sənət bayramı ovqatına kökləndiyi dəqiqələrdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin üzvü Dünyamin Xəlilov, festivalın qonaqları İcra Hakimiyyəti binasının qarşısındakı parkda ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edirdilər.
Nəhayət, hər kəs toplaşdı və teatr binasına daxil olduq. Birinci mərtəbənin foyesində isə hər kəsi Şəkinin fəxri, Azərbaycan səhnəsinin böyük gülüş ustası Lütfəli Abdullayevə həsr olunmuş fotosərgi qarşıladı. Azərbaycan Dövlət Teatr Muzeyi əməkdaşlarının hazırladığı sərgi görkəmli sənətkarın milli teatr və kino sənətinə həsr etdiyi mənalı ömrünün səhifələrini bir-bir vərəqləyirdi.
Binanın interyerindən zövq alaraq, ikinci mərtəbəyə qalxırıq. Burada qonaqları Şəki musiqi məktəbinin şagirdlərinin ifa etdiyi klassik musiqi qarşılayır. Foyedə təşkil olunmuş ikinci sərgi isə 142 yaşlı Azərbaycan peşəkar teatr tarixinin ən gözəl məqamlarını fotoşəkillər və məşhur rəssamların çəkdikləri eskizlərlə göz önündə canlandırırdı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev burada jurnalistlərə müsahibə verərək, I Şəki Beynəlxalq Teatr Festivalı barədə danışdı:
- Son səkkiz ildə ölkə teatrlarında 750-dən artıq yeni tamaşa qoyulmuş və ya bərpa olunmuşdur. Bu, böyük rəqəmdir. Rejissorlar yeni axtarışdadır, beynəlxalq teatr aləmində Azərbaycanın yeri möhkəmlənir, teatrlarımız 20-dən çox ölkədə qastrol səfərində olmuş və ya festivallarda çıxış etmişdir. Sevindirici haldır ki, artıq beynəlxalq aləmdə tanınan teatr xadimləri də Azərbaycana gəlirlər.
Bir maraqlı məqam da budur ki, biz festivalı teatr mövsümünün əvvəlində keçiririk. İlk dəfədir ki, regionda beynəlxalq teatr festivalı təşkil olunur. Düzdür, hələlik festivalda 3 ölkə iştirak edir. Amma biz əminik ki, ildən-ilə Şəki beynəlxalq teatr festivalına qoşulan ölkələrin sayı artacaq və bu festival beynəlxalq teatr aləmində hörmət qazanacaq. Mən çox şadam ki, Azərbaycan müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyevin teatra göstərdiyi qayğı, mədəniyyətə münasibət bu gün davam edir. Teatr cəmiyyətin aynasıdır. Əgər bir ölkədə teatr inkişaf edirsə, axtarışdadırsa, bu o deməkdir ki, həmin ölkənin insanları yaşayır, yaradırlar, yeniliyə can atırlar.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət də festivalla bağlı fikirlərini bölüşdü:
- İlk dəfə deyil ki, Azərbaycanda teatr festivalı paytaxtdan kənarda keçirilir. Sadəcə, bu, regionda təşkil edilən ilk beynəlxalq teatr festivalıdır. Şəki əyalət deyil. Şükürlər olsun ki, Azərbaycanda teatr baxımından əyalət anlayışı yoxdur. Məncə, bizim region teatrlarımızın səviyyəsi kifayət qədər yüksəkdir. Beynəlxalq festivalın əhəmiyyətinə gəlincə, Azərbaycanın 12 teatrı ilə yanaşı, Kalmıkiyadan və Qazaxıstandan iki teatr kollektivi də bu sənət bayramına qoşulub. Bu, o deməkdir ki, Şəki festivalı onları da maraqlandırır. Bu teatrlar bir-birini tanıyacaq, ünsiyyət quracaq, rejissor, pyes mübadiləsi edəcəklər. Bütün bunlar isə bir yox, beş-on addım irəli getmək deməkdir.
Tamaşa salonuna daxil oluruq. Demə, bayaqdan binanın qarşısında alışdığımız qələbəliyin olmamasının əsl səbəbi sözün hərfi mənasında «içəridə» imiş. Şəkililər salonda əyləşib festivalın rəsmi açılışını və tamaşanın başlanmasını gözləyirmiş. Budur, hər kəs salonda yerini alır. Səhnədə quraşdırılmış monitorda son illər əsaslı təmirdən çıxmış və bərpa olunmuş teatr binalarından, həmin binaların açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakından bəhs edən videoçarx nümayiş etdirilir.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov səhnəyə qalxırlar.
Nazir çıxışına elə bizim baxdığımız videoçarxdakı görüntüləri açıqlamaqla başlayır:
- Ekranda gördüyümüz kadrlar "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən teatrlarımızda maddi-texniki bazanın güclənməsinə, teatr binalarında aparılan təmir və bərpa işlərinin nəticəsinə həsr olunmuşdu. Bu işlər davam edəcək. Bu gün ilk dəfə olaraq teatr mövsümünü Şəkidə başlayırıq. 142 illik peşəkar teatr sənətimiz yeni teatr düşüncəsi ilə davam etməlidir. Bu gün Azərbaycan teatrında müxtəlif ölkələrdən gəlmiş görkəmli sənət ustaları mübadilə proqramları çərçivəsində çalışır, ölkəmizin perspektivli gəncləri xaricdə məşhur teatr məktəblərində dövlət hesabına təhsil alır, ustad dərsləri keçirlər. Milli teatrımız öz istedadını əsirgəmədən Azərbaycan teatrına fəda etmiş insanların əməyi sayəsində XXI əsrədək gəlib çatıb. Əminəm ki, sənət adamlarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə qayğısının, ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizə göstərdiyi xidmətin müqabilində teatrın inkişafına öz töhfələrini əsirgəməyəcəklər. Bugünkü açılış belə nümunələrdən biridir. Şəkidə I beynəlxalq teatr festivalı açılır. Mən fürsətdən istifadə edərək, bu teatrın inkişafında əməyi keçənlərə təşəkkür edirəm, burada daim yaradıcılıq axtarışının hökm sürməsini arzulayıram. Teatra verdiyi dəstəyə, mədəniyyət sahəsinə göstərdiyi diqqətə görə Şəki Şəhər İcra Hakimiyyətinə də minnətdarlığımı bildirirəm.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun təbrik sözü isə qısa oldu:
- Əziz şəkililər! Hörmətli
Əbülfəs müəllim! Hörmətli qonaqlar!
Sizin hər birinizi salamlayıram. Biz öz işgüzarlığımızla
çalışacağıq ki, bu festival ənənəvi olaraq Şəkidə qalsın.
Şəkililər incəsənəti sevən, yüksək mədəniyyətə malik
insanlardır. Ulu öndər
tərəfindən təməli
qoyulmuş bu teatr binası 2013-cü ildə əsaslı təmirdən sonra cənab Prezident tərəfindən şəkililərə
hədiyyə edilmişdir.
Mən bütün şəkililərin
adından bizim şəhərimizə göstərdiyi
qayğıya görə
cənab Prezidentə dərin təşəkkürümü
çatdırmaq istəyirəm.
Azərbaycan mədəni irsinin
qorunması və təbliğatı işindəki
böyük fəaliyyətinə
görə, Heydər
Əliyev Fonduna, şəxsən Mehriban xanım Əliyevaya böyük minnətdarlığımı
bildirmək istəyirəm.
Bu il Şəkidə
artıq dördüncü
dəfədir ki, beynəlxalq miqyaslı sənət bayramı keçirilir. Biz çox şadıq ki, Şəki belə bir beynəlxalq teatr festivalına ev sahibliyi
edir.
Sonra Əbülfəs
Qarayev və Elxan Usubov festivalın
açılışını bildirən qırmızı
lenti kəsdilər.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin
vətəni olan Şəkidə I beynəlxalq
teatr festivalının
ilk günündə səhnəyə
ev sahibləri
çıxdı. Şəki
Dövlət Dram Teatrının
kollektivi 2013-2014-cü il teatr mövsümünün son premyerası
olan İlyas Əfəndiyevin «Sevgililərin
cəhənnəmdə vüsalı»
faciəsini təqdim etdi.
Teatrın baş rejissoru Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rollarda aktyorlar Rəhim Qocayev (Ayaz Turan), Çinarə
Səmədova (Xumar),
Akif Yusifov (Səlim Babayev), Əməkdar artist Əbülfət
Salahov (Cabbar), Xanlar Həşimzadə (Mircəfər Bağırov)
çıxış edirdilər
(tamaşa barədə
ətraflı yazını
qəzetimizin növbəti
saylarında oxuya biləcəksiniz).
Sentyabrın 11-də, festivalın ikinci günündə Kalmıkiya
Milli Dram Teatrı
Boris Manciyevin «Mən aktrisayam» tamaşasını
teatrsevərlərə təqdim
etdi. Beləcə, festivalın iki
günü geridə qaldı. Bizi izləyin. Reportajlarımızın davamı olacaq.
Gülcahan Mirməmməd,
Şəki.
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 4.