İpəkdə
yaşayan izlər
Sentyabrın
10-da gənc rəssam Tünzalə Məmmədzadə və
onun tələbələri - Elmar Məmmədzadə, Nərmin Usubova, Ülkər Qəhrəmanova, Fərid
Salamlı, Mahizər İbadzadə və Könül
Məmmədlinin “İpəkdə yaşayan
izlər” adlı sərgisi açılıb.
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı çıxış edərək Tünzalə Məmmədzadə barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Türkiyənin Mərmərə Universitetinin doktorantı olan rəssam incəsənətdə yeni yol açmış sənətkardır. O, dekorativ-tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsmlər, kalliqrafik əsərlər yaradır. Müxtəlif mövzulara müraciət edən rəssamın əsərləri arasında dini motivli tablolar üstünlük təşkil edir. Əsərləri qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.
Millət vəkili Qənirə Paşayeva, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, rəssamın müəllimləri və digər çıxış edənlər Tünzalə Məmmədzadəni təbrik edib, ona uğurlar arzulayıblar. Bildirilib ki, ənənəvi və müasir incəsənətin mübarizə apardığı bir dövrdə sənətin yeni yaranmaqda olan bu qolu incəsənətə bir töhfədir. Rəssam bu sənəti gənclərə də öyrədir.
Tünzalə Məmmədzadənin və onun tələbələrinin sərgisində nümayiş olunan əl işlərində Yaradana və yaradılana sevgi əksini tapıb. Bu əsərlər insan ruhunun əksidir.
Rəssam sərginin təşkilində yardımçı olan hər kəsə təşəkkürünü bildirib.
Sonda
iştirakçılar sərgi ilə yaxından tanış
olublar.
Mədəniyyət.- 2014.- 12
sentyabr.- S. 5.