“Azərbaycan tolerantlıq məkanıdır”

 

İsrailin müxtəlif şəhərlərində “Azərbaycan tolerantlıq məkanıdır” adlı səyyar fotosərgi davam edir.

 

 Heydər Əliyev Fondunun və Azərbaycan Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşkil etdiyi sərgi bu günlərdə Hayfadan cənub-şərqdə yerləşən Yokneam şəhərində açılıb.

Sərgiyə gələnlər “Azİz”in layihələrindən biri çərçivəsində ölkəmizə səfər etmiş İsrail televiziyası II kanalının jurnalistlərinin çəkdikləri sənədli film sayəsində Azərbaycana bir növ kiçik səyahət ediblər.

Tədbirdə Yokneam şəhərinin meri Simon Alpasi və merin müavini, əslən Bakıdan olan Roman Peres ölkəmizə səfərləri ilə bağlı təəssüratlarından söz açıb, Azərbaycandakı tolerantlıq mühitinin dünyaya nümunə olduğunu vurğulayıblar.

Sonra Azərbaycanda yəhudi icmasının tarixi barədə Tami Rubinovanın və Şaul Siman-Tovun ivrit və rus dillərində kiçik məruzələri dinlənilib.

İncəsənət ustalarının konserti təqdim edilib. Çoxu heç vaxt Azərbaycanda olmamış tamaşaçılar Müslüm Maqomayevin və Rəşid Behbudovun repertuarından istedadlı müğənni Tomer Əliyevin ifa etdiyi mahnıları, Panina Yaskovanın rəhbərlik etdiyi “Rəqs edən incifolklor ansamblının çıxışını, müğənni Orli Abramovanın Azərbaycan və ivrit dillərində oxuduğu mahnıları heyranlıqla qarşılayıblar.

 

Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 7.