Azərbaycan kitabının növbəti uğuru

 

Moskvada MDB ölkələrinin XI beynəlxalq "Kitab sənəti" müsabiqəsinin mükafatları təqdim olunub

 

Xəbər verdiyimiz kimi, ölkəmiz 3-7 sentyabr tarixində MDB məkanının ən böyük kitab forumu sayılan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunub.

 

Bu il 27-ci dəfə keçirilən sərgi-yarmarkada qurulan Azərbaycan stendində dövlətçiliyimizə, tariximizə, zəngin mədəniyyət və incəsənətimizə dair müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis) nəfis tərtibatlı çap məhsulları - təqribən 300 adda 500 nüsxədən çox kitab və reklam nəşrləri nümayiş etdirilib. Stenddə Heydər Əliyev Fondunun nəşrləri, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən kitablar, ölkənin ayrı-ayrı nəşriyyatlarının çap nümunələri yer alıb.

Nəşrlər ziyarətçilərdə böyük maraq doğurub. Maraqlananlara ölkəmizin mədəniyyəti, tarixi, turizm potensialı, eləcə də "Bakı-2015" Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilib.

Sentyabrın 5-də sərgi çərçivəsində MDB ölkələrinin XI beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Xatırladaq ki, bu ilin mayında Belarusun paytaxtı Minskdə keçirilən ənənəvi müsabiqədə Azərbaycan kitabları yenə uğur qazanıb.

Müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız I yeri ( Nigar Rəfibəyli "Məhəbbətim bölünmədi", Rəna Əfəndizadə "Rəhim Seyfullayev - memar", Tahir Salahov "Qrafika" və "Rəngkarlıq" ikicildliyi) qazanıb. İki kitab (A.N.Karlyukeviç "Dələ inşa yazır", Neymət Kelimbetov "Ümidimi itirmək istəmədim") II yerə, bir kitab isə (A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli "Muradxan xəzinəsi") III yerə layiq görülüb. Xalq yazıçısı Elçinin həyat və yaradıcılıq yolunu əks etdirən "Nədir ömrün mənası" kitabı "Qran-Pri" nominasiyası üzrə, Xalq rəssamı Səlhab Məmmədovun "Albom"u isə "Mənim ölkəm" nominasiyasında xüsusi mükafatlarla təltif olunub.

Mükafatlandırma mərasimində ölkəmiz adından diplomları Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu qəbul edib.

 

Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 7.