“Sərgi ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcək”

 

Sentyabrın 12-də Bakıdakı “Amay” ticarət mərkəzində “Böyük Hindistan” satış-sərgisinin açılış mərasimi oldu. Açılışında Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar, Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev, xarici ölkələrin Bakıdakı diplomatik korpuslarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Səfir Vinod Kumar bildirdi ki, ilk dəfə Bakıda belə bir sərgi təşkil olunur və hindistanlı adamları tədbirə böyük maraq göstəriblər: “Ümid edirəm ki, gələcəkdə bu cür tədbirlərin sayı və əhatəsi daha da genişlənəcək”.

Səfir İbrahim Hacıyev isə Azərbaycanla Hindistan arasında çox gözəl münasibətlərin olduğunu vurğuladı: “Bu sərgi ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, satış-sərgidə bəzək, geyim, məişət əşyaları, hazır qidalar, düyü, çay, ədviyyatlar, digər mal və məhsullar satışa çıxarılıb. Sərgidə ən çox diqqətçəkən Hindistan milli geyimləri idi. Rəngarəng parçalardan hazırlanan geyimlər və digər məhsulların qiymətləri də kifayət qədər münasibdirbu fikri alıcılar da təsdiqləyirdi.

Sərginin ilk günü olmasına baxmayaraq, xeyli insan sərgini gəzib alış-veriş edirdi. Əsasən xanımların marağına səbəb olan məhsullar içərisində bəzək əşyaları, təbii sürmələr, ipək şərflər, metal və təbii daşlardan hazırlanmış boyunbağı, sırğa və üzüklərə rast gəlmək olurdu. Rəngarəng hind rəqsləri isə sərgiyə gələnlərin diqqətini daha da çox çəkirdi. Digər maraqlı məqam xanımların əllərinə və qollarına xınadan naxışların çəkilməsi idi ki, artıq burada növbəyə dayanmaq lazım gəlirdi. Ümumilikdə hindistanlı qonaqlar sərgiyə olan maraqdan məmnunluqlarını bildirdilər.

Qeyd edək ki, “Böyük Hindistan” satış-sərgisi sentyabrın 28-dək davam edəcək.

 

M.Sultanova

 

Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 13.