“Tez gəldi hicran, ayrıldıq aman...”
Mahnı
Teatrında nəğməkar
şair, dramaturq Zeynal Xəlilin 100 illiyi qeyd olundu
Onun qəlbimizin dərinliklərində
kök salan şeirlərində, musiqilərə
qol-qanad verən misralarında, ruhumuzun hər halında bizə yol yoldaşı
olan poeziyasında torpağın ətri, çöl-çəmənin təravəti, otların xışıltısı duyulur.
O, sənin, mənim
hiss etdiyimi, içimizdən
keçirdiklərimizi sevə
biləcəyimiz məhəbbətdə,
amma poeziya möhtəşəmliyində təqdim və tərənnüm edə bilirdi.
Təsadüfi deyil ki, ayrılıqlarda onun “Ay işığında” etirafı,
sevgili həsrətində
“Bu gecə”, olum-ölümlü
dünyanın etibarsızlığına
köks ötürüb
itirdiklərimizin ardınca
“Kimlər gəldi, kimlər getdi...” deyərkən onu anır, o misralarla könlümüzə sığal,
duyğularımıza təsəlli
veririk. Oxucuya, dinləyiciyə təsirini heç zaman itirməyən, emosional gücünü qoruyan Zeynal Xəlil poeziyasının
ucalığı, qüdrəti
məhz bunda idi.
Əbədi həyatında bir
əsri tamamlayan, 59 illik ömründə bir neçə taleni dolaşıb sözün qüdrətini
anlayıb anladan şair 100 illik yubileyi münasibətilə
şeriyyətinin, ölməz
nəğmələrə çevrilən poetik yaşantılarının işığında
bir daha anıldı.
Sentyabrın 12-də Rəşid Behbudov adına
Azərbaycan Dövlət
Mahnı Teatrında tanınmış şair,
dramaturq, Əməkdar
incəsənət xadimi
Zeynal Xəlil gecəsi keçirildi. Şeirə bələnmiş duyğulara
onun misraları həyatla əbədiyyət
arasındakı bələdçilik
etdi.
Müxtəlif fəsilli, gecəli-gündüzlü
bu dünyadan bir də o keçdi. Öz dünyası,
qəlbində kök
salan sehrli aləmə malik bir şair ömrü
yaşadı. Hislərlə, düşüncələrlə, ağrı-acılarla, sevgi-nifrətlərlə
dolu dünyadan keçdiyi zaman müqəddəs sözə
tapındı, ona güvəndi, ona sığındı, ondan
umdu və elə ona da
qayıtdı. Əbədiyyət adlı son sözünü
deyə-deyə. Bu gün
də onun zaman sərhədi tanımayan, daim nəfəs alan
poeziyasını bir növ şahid gətirirlər.
Çağdaş Azərbaycan poeziyasının
parlaq simalarından olan Zeynal Xəlil
öz dünyası, öz çəkisi, böyük söz anlamında özünün
şair taleyi olan şair idi. O, XX əsrdə yaşayıb-yaratsa
da, sözünün ecazı ilə XXI yüzilliyə də yol açdı. Şair öz şeirləri, poemaları, pyesləri ilə oxucuya bələdçilik etməklə
öz əsrinin portretini yarada bildi. Bununla sanki şair
məlum bir həqiqətə sığınır.
Bu həqiqət isə ondan ibarətdir ki, heç bir insan öz zamanını
seçmir, zaman onu seçir. Zeynal Xəlil də bu mənada zamanına bağlı, zamanın seçdiyi şairlərdən idi.
Yubiley gecəsində
edilən çıxışlarda,
şairin əbədiyaşar
poeziyasından seçmələrdə
də məhz bu həqiqət etiraf olunurdu. Zala toplaşanlar
şeir qanadlarında
Zeynal Xəlil dünyasına xoş ovqatla bir səyahət
yaşadılar. “Əsrim, taleyim mənim” deyən şairin ömür yoluna yenidən nəzər salındı.
“Düşüncələr”, “Etibar”,
“Arzular”, “İki dünya”, “Bənövşə”,
“Sevdiyim rəng”, “Günəş, dəniz və insan” kimi şeir kitablarından seçmələr
və onlara qoşulan nəğmələr
ecazkar ab-hava yaratdı. “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Qatır Məmməd”, “Gənc ustalar”, “Ata yolu” pyeslərinin aktuallığı
ilə oxucuların diqqətini cəlb etdiyi bir daha
vurğulandı.
Gecədə çıxış edən
şair, yazıçı,
kinodramaturq, Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi Zeynal Xəlilin maraqlı yaradıcılıq
yolundan, gərgin sənət axtarışlarından
danışdı. Şairin qələminin
gündən-günə püxtələşdirdiyini,
keşməkeşli sənət
yollarında öz yeri, çəkisi olan söz adamlarından
birinə çevrildiyini
bildirdi. Qeyd olundu ki, ürəyi
ilə sənəti arasında sərhədi olmayan Zeynal Xəlil öz hislərini, düşüncələrini
gizlətməyib, buna
görə də onun zəngin yaradıcılığı insan
ömrünün bir-birini
tamamlayan üfüqlərindən
süzülüb gəlir:
“O özünü yaşadığı
XX əsrin qayğılarından,
sevincindən və qəmindən ayrı təsəvvür edə bilmirdi. Odur ki, “Sən məndəsən, mən
səndə”, “Əsrim,
taleyim mənim” deyirdi. Nikbinliyi, həyata bütöv
baxışı ilə
seçilən şair
zamanını duya və onu şeirin
hikmətində unikal
bir formada təsvir edə bilirdi”.
Tədqiqatçı, Yazıçılar
Birliyinin “İrs” komissiyasının sədri
Sona Xəyal isə Zeynal Xəlilin yaradıcılığında
mövzu genişliyindən,
nəğməkar şair
kimi dillərdə gəzən duyğu aləmindən söz açdı. “Cəmi
59 il ömür sürmüş şairin
poetik dünyasında
hər fəslin öz rəngi duyulmaqdadır”, - deyən
araşdırıcı müəllifin
əsərlərinin nəşrindən
danışdı. Qeyd
olundu ki, şairin “Seçilmiş
əsərləri” Prezident
İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
sərəncamı ilə
əlaqədar “Müasir
Azərbaycan ədəbiyyatı”
seriyasından nəşr
edilib. Yeni nəsillər də bu ölməz poeziya nümunələri
ilə tanış
olmaq imkanı qazanıb.
Real insan hislərindən qida alan
Zeynal Xəlil lirikası gecəyə toplaşan insanlarda ayrı bir ovqat
yaratdı. Şeirlərdə ifadə olunan
məhəbbətin insanı
daxilən ucaltması,
saflaşdırması, onu
böyük, əlçatmaz
arzulara, istəklərə
yetirə bilmək qənaəti tamaşaçıları
düşüncələrə qərq etdi.
Poeziyasında qəlb çırpıntıları,
hiss-həyəcan, ritm,
poetik lakoniklik, səmimiyyət aparıcı
olduğundan bəstəkarlar
da böyük məmnuniyyətlə Zeynal
Xəlilin söz dünyasına varır, onları nəğmələrə
çevirirdilər. Şairin sözlərinə
yazılmış mahnıların
belə uzunömürlü
olmasının başlıca
səbəbini də məhz bu amillərdə
axtarmaq lazımdır.
Heç
də təsadüfi deyil ki, müasirləri
Zeynal Xəlili nəğməkar şair
adlandırırdılar. İnsan ömrü özü də nəğməyə
bənzədiyindən şairin
əbədi ömür
nəğməsi bu mənada gözəl və seçkindir. Bu nəğmələr oxunduqca şairin mənəvi ömrü, yaşantıları da zamandan asılı olmayaraq yaşayır.
Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə Hüseyn və Gültac Əlililər, Şəhla Həmidova, Zakir Əliyev və başqa ifaçıların səsində dillər əzbəri olan nəğmələri, aktyorların ifasında onlara qoşulub qanadlanan poetik nümunələri Zeynal Xəlilin əbədiyaşar poeziyasının ürəklərə yol tapmasının sirrini açmış oldu. Bu sirr sadə şairin ilğım kimi axan əbədi məhəbbəti və onun tükənməzliyində idi. Şairin şeirində daim yaşaması kimi...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 17
sentyabr.- S. 7.