“Sevgililərin cəhənnəmdə
vüsalı”ndan “Evlənmə”yədək
I Şəki Beynəlxalq Teatr Festivalının tamaşaları barədə qeydlər
I yazı
Sənətsevərlər
artıq bir həftədir ki,
I Şəki Beynəlxalq Teatr
Festivalında nümayiş etdirilən
tamaşaları seyr edirlər. Festival sözü mənasına
görə bayram deməkdir. Bəlkə
də bu, tamaşaçı salonundan baxanda bayram kimi görünür.
Amma çıxış edən kollektivlər
üçün teatr
festivalı bayramdan daha
çox yaradıcılıq
hesabatıdır. Elə isə bu
hesabatı incələmək gərək.
Vüsal cəhənnəmə qalarsa...
Sentyabrın 10-da festivalın açılış törənindən dərhal sonra ev sahibi - Şəki Dövlət Dram Teatrı repertuarındakı son tamaşalarından birini, Xalq yazıçısı İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsini oynadı. Görkəmli dramaturqun məşhur əsərinin festivalda oynanılması tam yerinə düşür. Birincisi, ona görə ki, əsərin baş qəhrəmanı aktyordur, onun yaşadığı faciənin kökündə teatra, sənətə vicdanlı münasibət durur. İkincisi, deməliyəm ki, İlyas Əfəndiyevin bu pyesinin premyerasından bəri bir neçə quruluşda tamaşaya baxmışam. Şəki teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşu daha lakonik, daha kreativ olub, pyesin şəkilbəşəkil kor-koranə səhnəyə gətirilməsi deyil. Rejissorun Ayaz Turan ilə Xumarın toy səhnəsinə əlavə etdiyi aşıqların çıxışı dövrün siyasi mənzərəsinin açılmasına çox gözəl bir ştrix kimi yadda qalır.
Təbii ki, tamaşanın bədii tərtibatı da rejissorun fikrini gözəl tamamlayırdı: səhnədə qoyulmuş dəmir məhəccərlər daha çox dəmir barmaqlıq assosiasiyası yaradırsa, taybatay açıq dəmir qapının üstündə yarıdan bölünmüş sovet gerbi bu dünyada yaradılmış siyasi cəhənnəmin nə zamansa bitəcəyinə işarə kimi qavranılır. Aktyorların ilhamlı oyunu, xüsusilə də Rəhim Qocayevin (Ayaz Turan), Çinarə Səmədovanın (Xumar), Əməkdar artist Əbülfət Salahovun (Cabbar) və Xanlar Həşimzadənin (Mircəfər Bağırov) ifası diqqəti cəlb edir.
Elistadan qopan «Mən aktrisayam!» harayı
Maraqlıdır ki, B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrının Şəki festivalına gətirdiyi «Mən aktrisayam!» tamaşası da «Sevgililərin cəhənnəmdə vüsalı»nın məntiqi davamı idi. Əgər birinci tamaşanın baş qəhrəmanı Ayaz Turan repressiya qurbanlarının ümumiləşdirilmiş obrazı idisə, «Mən aktrisayam!» tamaşası kalmık teatrının yaradıcılarından olan, sürgün, övlad itkisi yaşayan aktrisa və müğənni Ulan Lijiyevanın həyatından bəhs edir.
Teatrın bədii rəhbəri Boris Manciyevin müəllifi olduğu bu tamaşada səhnə cəmi üç qadının ixtiyarındadır. Onlardan biri - Valentina Serqunova səhnənin bir ucunda qoyulmuş fortepianoda aktrisaların canlı oxuduqları mahnıları müşayiət edir. İki aktrisa - Kalmıkiyanın Xalq artisti Lübov Lazarova və onun gənclik çağlarını canlandıran Delgir Kankayeva səhnədəcə roldan-rola girir, kalmık xalqının başına gətirilən faciələri çatdırırdılar.
Sanki festivalın leytmotivinə çevrilmiş “fərdlərin taleyi dövrün gərdişindən asılıdır” məntiqi növbəti gün də davam etdi.
Tale yazısını pozan «Müharibə»
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdimatında İsveç dramaturqu L.Nurenin «Müharibə» (sonradan tamaşanın adı afişalarda «Qızlar, mən gəldim» kimi yazılsa da, onu ilk nümayişlərdən görənlər elə «Müharibə» kimi yadda saxlayıblar) tamaşası 20 ildən bəri atəşkəs rejimində yaşasa da, hələ də əsirlikdə qalan soydaş taleyindən nigaran Azərbaycan tamaşaçısı üçün aktualdır. Hərb meydanına çevrilmiş bölgədəki insanların taleyinə vurulan zərbə, baş-ayaq çevrilən əxlaq dəyərləri fonunda bir qarın ac, bir qarın tox, psixoloji sarsıntı və səfalət içində yaşamağın nə demək olduğunu çılpaqlıqla göstərən «Müharibə» pyesi, şəksiz ki, quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun, əsas rolları ifa edən əməkdar artistlər Qurban İsmayılovla Kəmalə Hüseynovanın sənət uğuru, bir sıra filmlərdə oynadığı rollar ilə yadda qalmış aktyor Rasim Cəfərin teatrda özünütəsdiqidir. Gənc aktrisalar Nigar Məmmədova və Roza İbadova isə mükəmməl ifa sərgiləməklə onları öz tamaşasında, filmində görmək istəyən rejissorları çətin vəziyyətə salırlar: yəni, biz hər cür çətin rolun öhdəsindən gəlməyi bacarırıq. İnanmırsınızsa, «Müharibə»yə baxın.
Yeri gəlmişkən, baxanlar barədə.
Tamaşa gedərkən alaqaranlıq salonda yanımda əyləşmiş ortayaşlı xanımlara gözucu diqqət yetirirdim. Onların kövrəlməsi, səhnədə göstərilən arzuolunmaz qadın talelərinə anlayışlı münasibəti sübuta yetirirdi ki, «Müharibə» öz məqsədinə çatıb.
Tamaşa bitəndən sonra aktrisalar ilə yadigar şəkil çəkdirmək üçün gənc şəkili xanımların səhnə arxasına keçmək istəyi isə teatr sənətçilərinin şou-biznes nümayəndələrindən heç də az populyar olmadığına sübut idi.
Görək, indi «Çanta»dan nə çıxacaq?
Festival təşkilatçıları
balaca teatralları da unutmayıblar. Festivalın
dördüncü günü
(13 sentyabr) Şəkidəki
amfiteatr A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının «Çanta
trio» kollektivinin ixtiyarına
verilmişdi. Teatrın baş
rejissoru Qurban Məsimov tamaşaçıları
salamlayaraq, onlara təmsil etdiyi sənət ocağının
yaranma tarixindən danışdı, «Çanta
trio» tamaşasının Hindistan
uğurundan sonra Şəkidə göstərildiyini
söylədi. Kukla və
pantomim teatr prinsiplərinin qovuşduğu
tamaşa, xüsusilə
də yapıncılı
konferansye şəkili
uşaqların çox
xoşuna gəldi.
Mindən çox seyrçinin
toplaşdığı, böyüklərin
əksəriyyətinin ayaq
üstə qaldığı
tamaşanı şirin
uşaq gülüşləri,
balaca əllərdən
qopan sürəkli alqış sədaları
bürüdü.
«Evlənmə»!, yoxsa «Evlənmə»? Bəlkə də «Evlənmə»...
Axşam isə yenə də Şəki Dram Teatrının səhnəsi
qonaq qəbul edirdi. Növbə Gəncə Dövlət
Dram Teatrının idi.
Rus yazıçısı Nikolay
Qoqolun «Evlənmə»
komediyasına maraqlı
tərtibatları, klassik
əsərlərə fərqli
münasibətilə fərqlənən
rejissor İradə Gözəlova quruluş verib. Bu komediyanın
mövzusu da, süjeti də, gülüş obyekti də teatrsevərlərə
tanışdır. Sadəcə,
bu tamaşada evlilik yaşı, yumşaq desək, azacıq ötmüş insanların qarşıdakı
izdivacdan təkcə ömür yoldaşı qazanmaq, tənha axşamların həmdəmini
tapmaq, soyunu davam etdirmək istəyi ilə deyil, daha çox
qalan ömrünü
evlənəcəyi qızın
mirası hesabına qayğısız yaşamaq
arzusu ilə hərəkətə keçməsi
qabardılmışdı.
Nəzərə alsaq ki, baməzəliyi ilə şöhrət tapmış
Şəki camaatını
güldürmək asan
iş deyil, inamla demək olar ki, gəncəlilər
bu missiyanın öhdəsindən gəldilər.
Əməkdar artist İlham
Hüseynovun (Podkolyosin),
Xalq artisti Alim Məmmədovun (Yaiçnitsa), aktyorlardan Zəminə Cəfərova
(Aqafya), Şəlalə
Rüstəmova (Fyokla)
və Elxan Abbasovun (Koçkaryov) ifası daha maraqla qarşılandı.
Beləcə, tamaşaçı «Evlənmə»yə baxandan
sonra öz-özünə
bunları deyirdi:
- Belə evlənmə!
- Belə evlənmə?
- Bu da evlənmədir.
* * *
Təbii ki, bir yazıya
tamaşalar barədə
qısa da olsa, bütün qeydləri sığışdırmaq
çox yorucu olardı. Festival təəssüratlarımızı
əhatə edən yazılarımızın davamı
olacaq.
Gülcahan Mirməmməd,
Şəki
Mədəniyyət.- 2014.- 17
sentyabr.- S. 5.