Şəkidə
beynəlxalq teatr bayramı davam edir
Mədəniyyət
və Turizm Nazirliyi,
Şəki Şəhər İcra
Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri
İttifaqının birgə təşkil etdiyi
I Şəki Beynəlxalq Teatr Festivalı
davam edir. Azərbaycanın
dilbər guşələrindən birində - qədim Şəkidə
ilk dəfə keçirilən beynəlxalq
festivalın proqramının üçdə ikisi
artıq arxada qalıb.
Xəbər verdiyimiz kimi, sentyabrın 10-da start verilən festivalda öncə ev sahibi - Şəki Dövlət Dram Teatrı görkəmli dramaturq İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsini, sentyabrın 11-də isə qonaq kollektiv - Kalmıkiya Milli Dram Teatrı Boris Manciyevin «Mən aktrisayam» əsərini teatrsevərlərə təqdim edib.
Festivalın üçüncü günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin «Qızlar, mən gəldim» («Müharibə») tamaşasını nümayiş etdirib. Sentyabrın 13-də növbə əvvəlcə Şəkidədəki amfiteatrda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının «Çanta trio» tamaşası göstərilib. Axşam isə Gəncə Dövlət Dram Teatrı Şəki səhnəsinə çıxıb. Gəncəlilər böyük rus yazıçısı N.V.Qoqolun «Evlənmə» komediyasını oynayıblar.
Bazar günü (14 sentyabr) yenidən amfiteatrda qələbəlik idi: bu dəfə Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını nümayiş etdirib. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada əsas rollarda aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Əməkdar artist Azad Məmmədov çıxış ediblər.
Həmin gün axşam Şəki Dövlət Dram Teatrının binasında daha bir qonaq kollektiv - Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı İran-Qayıpın «Yestay və Korlan» məhəbbət dramını təqdim edib. Əsər qazax dilində oynanılsa da, aktyorların mükəmməl ifası, fonda kölgə teatrı və qum üzərində rəsm texnikasından istifadə tamaşanı daha da mənalandırır, mövzunu daha anlaşıqlı edirdi.
Sentyabrın 15-də N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı italyan dramaturqu E.Filipponun «Ruhlar» əsərini təqdim edib. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi tamaşada əsas rollarda Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Tərlan Abdullayev, Aynur Əhmədova və başqaları çıxış ediblər. İnsanın həyatda öz yerini tapmaq uğrunda mübarizəsini əks etdirən tamaşa anşlaqla keçib.
Sentyabrın 16-da festivalda növbəti kollektiv - Dövlət Pantomima Teatrı «Pantomima buketi» konsert-tamaşası ilə çıxış edib. Tamaşaçılar yumoristik səhnəcikləri, romantik etüdləri maraqla qarşılayıblar.
Tamaşaların sonunda
iştirakçı kollektivlərə Mədəniyyət və
Turizm Nazirliyinin, Şəki
Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları təqdim edilib.
I Şəki Beynəlxalq Teatr Festivalı
sentyabrın 19-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 17
sentyabr.- S. 3.