Cəfər
Cabbarlı mükafatları təqdim edilib
Sentyabrın
16-da Yazıçılar Birliyinin Natəvan
klubunda Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin dəstəyi,
Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına
Yardım İctimai Birliyi
və ədibin ev-muzeyinin təşkilatçılığı
ilə Cəfər Cabbarlı mükafatının 2014-cü il
üzrə laureatlara təqdimat mərasimi
keçirildi. Təqdimat görkəmli dramaturq, teatr və kino xadiminin 115 illik yubileyinə həsr edilmişdi.
Mərasimi ədibin həyat və yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli açaraq mükafatın yaranma tarixindən danışdı. Bildirildi ki, mükafat ilk dəfə dramaturqun ev-muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP neft şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis edilib. Həmin ildən bu ənənə davam edir və bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Cəfər Cabbarlının zəngin ədəbi irsi haqqında fikirlərini bölüşdü, mükafatın önəmli bir hadisə, görkəmli dramaturqun xatirəsinə ehtiram olduğunu vurğuladı. O, bu il çapdan çıxan “Cəfər Cabbarlının tərcümələri” və Türkiyədə işıq üzü görən “Cəfər Cabbarlı” kitablarının dəyərli nəşrlər olduğunu və dramaturqun əsərlərinin külliyyatının çapına ehtiyac olduğunu bildirdi.
Mərasimdə çıxış edən Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, qurumun katibi İlqar Fəhmi, Türkiyənin Firat Universitetinin dosenti Süleyman Kaan Yalçın və digərləri Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı, kino və teatr tarixində yerindən söz açdılar.
Sonra mükafatlar
sahiblərinə təqdim
edildi. Kino nominasiyasında
yazıçı, ssenarist
İlqar Fəhmi və Xalq artisti
Səidə Quliyeva, teatr nominasiyasında Xalq artisti, rejissor
Ağakişi Kazımov,
xalq artistləri Hacı İsmayılov, Məleykə Əsədova,
ədəbiyyat nominasiyasında
filologiya elmləri doktoru, professorlar Gülşən Əliyeva-Kəngərli,
Himalay Qasımov, Tahirə Məmməd, Fikrət Rzayev, jurnalistika nominasiyasında
Zemfira Kürdəxanlı
və şairə Zərəngiz Dəmirçi
Qayalı, təhsil və mədəniyyət
nominasiyasında Azərbaycan
klassik ədəbiyyatının
gənc nəslə təbliğində xidmətlərinə
görə Xatirə Həşimzadə (Xızı
şəhəri), İ.Əbilov
adına mədəniyyət
mərkəzinin bədii
rəhbəri Mirəhməd
Əsgərov və Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının baş
redaktoru, Əməkdar
mədəniyyət işçisi
Səriyyə İsmayılova
layiq görüldülər.
Mükafatın xüsusi diplomu
Azərbaycan-Türkiyə ədəbi-mədəni
əlaqələrinin inkişafındakı
xidmətlərinə görə
Firat Universitetinin dosenti Süleyman Kaan Yalçına təqdim edildi.
Təqdimatın sonunda muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış
edərək mükafat
alanları təbrik etdi.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 17
sentyabr.- S. 3.