Ölkəmiz İslam əlyazmaları ilə bağlı
beynəlxalq konfransda təmsil olunub
Dünyanın ən
nüfuzlu ali məktəblərindən
olan Böyük
Britaniyanın Kembric Universitetində avqustun 31-dən sentyabrın 2-dək X İslam Əlyazmaları Beynəlxalq
Konfransı keçirilib.
Kembric Universiteti nəzdində İslam Əlyazmalar Assosiasiyasının və İslam Yardımçı Fondunun təşkil etdiyi tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva və muzeyin “Xarici əlaqələr və sərgilərin təşkili” şöbəsinin elmi işçisi Səidə Həmzəbəyova iştirak ediblər.
Səfər barədə məlumat verən Həbibə Əliyevanın bildirdiyinə görə, Azərbaycan bu konfransda ilk dəfə təmsil olunub və bu faktı tədbirin açılış mərasimində İslam Əlyazmaları Assosiasiyasının prezidenti, professor Çarlz Melvil və digər çıxış edənlər diqqətə çatdırıblar.
Tədbir çərçivəsində əlyazmalar sərgisinin nümayiş olunduğunu deyən həmsöhbətim burada Milli Azərbaycan Tarixi Muzeyində qorunan orta əsrlərə aid İslam əlyazma kitablarının fotoları və onlar haqqında qısa məlumat (ingilis dilində), Azərbaycanın xəritəsi, bayrağı və muzeyin ayrı-ayrı şəkilləri olan lövhə, eləcə də ingilis dilində nəşr olunan müxtəlif kitablarımızın yer aldığını vurğuladı.
Beynəlxalq konfransa Fransa, ABŞ, Kanada, Tunis, Səudiyyə Ərəbistanı, Mərakeş, İran, İraq, İrlandiya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Hindistan, Almaniya, Türkiyə və digər ölkələrdən iştirakçılar qatılmışdı. Tədbirdə əlyazmaların tarixi, bərpası, müasir durumu, təbliği və s. mövzularda məzmunlu məruzələr dinlənilib.
Həbibə Əliyeva və Səidə Həmzəbəyovanın ingilis dilində birgə yazdıqları “Milli Azərbaycan Tarixi Muzeyində qorunan İslam əlyazmaları” adlı elmi məqalə və bununla bağlı hazırlanmış elektron slayd da maraqla qarşılanıb: “Muzeyin ekspozisiya zallarından görüntülərlə yanaşı, sovet dövründə məhv edilmiş ərəbdilli əlyazmalar və bu materialların xarici ölkələrə daşınması haqqında geniş məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırdıq. Digər ölkələrdə olan İslam əlyazmalarından, onların bərpasından, ərəb dilində mədəniyyət abidələrinin geniş yayılmasından bəhs edən məruzə və slaydlar da yaddaqalan oldu”.
Onu da qeyd edək ki, azərbaycanlı iştirakçılar Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşr olunmuş kitab-albomlarını, muzey eksponatlarından ibarət broşürləri və ingilis dilində yeni nəşrdən çıxan Xocalı faciəsinə aid kitabı da Kembric Universitetinin kitabxanalarına hədiyyə edib, tədbirə dəvətə görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Həbibə Əliyeva onu da bildirdi ki, gələcəkdə İslam əlyazmaları ilə məşğul olan tədqiqatçılarla əməkdaşlığı davam etdirmək məqsədilə muzey bu istiqamətdə fəaliyyətini genişləndiriləcək.
Mehparə
Mədəniyyət.- 2014.- 17
sentyabr.- S. 13.