Bakıda ilk milli qiraətxananın 120 illiyi qeyd olunub

 

Sentyabrın 16-da M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında Bakıda ilk ictimai qiraətxananın yaranmasının 120 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib.

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası və Nəriman Nərimanovun xatirə muzeyinin təşkil etdiyi tədbirdə ədəbiyyat xadimləri, kitabxanaşünaslar, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbiri kitabxananın direktoru Gülşən Abbasova açaraq ictimai qiraətxananın tarixi haqqında məlumat verib. Qeyd olunub ki, 1894-cü ilin aprel ayında görkəmli ədib, maarifçi, ictimai xadim Nəriman Nərimanov dövrün tanımış ziyalılarının köməyi ilə Bakıdakı Qorçakov küçəsində ilk kütləvi milli qiraətxana açmağa nail olur. “Nəriman qiraətxanası” qısa müddət ərzində Cənubi Qafqazda, eləcə də qonşu ölkələrdə tanınır. Maarifpərvər ziyalılar qiraətxananın yaradılmasını alqışlayırlar. Buraya İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz, Kəlküttə və digər şəhərlərdən xeyriyyə yolu ilə qəzet, jurnalkitablar göndərilirdi.

Nəriman Nərimanov xeyriyyə məqsədilə görüşlər, teatr tamaşaları, ədəbi-musiqili müsamirələr təşkil edirdi. Bunlar qiraətxananın maddi ehtiyaclarını müəyyən dərəcədə ödəyirdi. Böyük maarifçi qiraətxananın imkanlarını genişləndirmək, gənc nəslin mənəvi tərbiyəsi üçün bir baza yaratmaq istəyirdi. “Kaspi” qəzeti 6 mart 1897-ci il tarixli nömrəsində yazırdı ki, N.Nərimanov qiraətxanada bir müəllimənin əməkdaşlığı ilə uşaq kitabları şöbəsi yaradır.

Milli qiraətxana dörd il fəaliyyət göstərdi. Çar hakim dairələri gənclərin qiraətxana ətrafında sıx toplaşmasından ehtiyat edərək 1898-ci ilin oktyabrında onu şübhəli siyasət ocağı kimi bağladı. Buna baxmayaraq, milli mədəniyyətin yüksəlişində ilk cığırı açan “Nəriman qiraətxanası” Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı oldu.

Sonra ilk qiraətxana və kitabxana tariximizlə bağlı hazırlanmış slaydın nümayişi olub.

Şair İlyas Tapdıq, Bakı Dövlət Universitetinin kitabşünaslıq kafedrasının müdiri, dosent Knyaz Aslan, N.Nərimanovun xatirə muzeyinin böyük elmi işçisi Rəna Qəhrəmanova və digər çıxış edənlər Nəriman Nərimanovun yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, ilk milli ictimai qiraətxananın kitabxana tariximizdə müstəsna rolundan, onun ərsəyə gəlməsində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyindən bəhs ediblər.

 

Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 12.