Sərgi, qastrol səfərləri,
bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət
tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni
sərvətlərin müvəqqəti ixracı QAYDASI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 293 Bakı şəhəri, 29 avqust 2014-cü il
"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"nın təsdiq edilməsi haqqında
"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası" təsdiq edilsin (əlavə olunur).
Artur
Rasi-zadə,
Azərbaycan
Respublikasının Baş naziri
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda “Mədəniyyət haqqında” Azərbaycan
Respublikası Qanununun 42.3-cü maddəsinə əsasən
hazırlanmışdır və sərgi, qastrol səfərləri,
bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət
tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin
müvəqqəti ixracı qaydasını müəyyən
edir.
1.2. Bu
Qayda mülkiyyət formasından asılı olmayaraq, sərgi,
qastrol səfərləri, bərpa işləri, təqdimat,
beynəlxalq mədəniyyət tədbirlərinin
keçirilməsi ilə əlaqədar müvəqqəti
ixrac olunan Azərbaycan Respublikasının milli mədəniyyət
əmlakının Dövlət Siyahısına daxil
edilmiş bütün mədəni sərvətlərə
şamil olunur.
1.3.
Mühafizə siyahısına daxil olan mədəni sərvətlərin
müvəqqəti ixracı Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Mədəni
sərvətlərin idxalı, ixracı və Azərbaycan
Respublikasının ərazisindən tranzitlə keçirilməsi
Qaydası”na əsasən tənzimlənir.
1.4. Bu Qaydanın tələbləri Azərbaycan
Respublikasının ərazisində olan və (və ya) fəaliyyət
göstərən bütün fiziki və hüquqi şəxslərə,
o cümlədən dövlət hakimiyyəti orqanlarına və
təşkilatlarına, vəzifəli şəxslərə
şamil edilir.
1.5. Bu Qaydanın məqsədləri üçün mədəni
sərvətlərin müvəqqəti ixracı dedikdə,
Azərbaycan Respublikasının ərazisində olan mədəni
sərvətlərin 36 (otuz altı) ay ərzində geri
qaytarılması öhdəliyinin götürülərək
Azərbaycan Respublikasının ərazisindən
aparılması başa düşülür.
2. Mədəni
sərvətlər
2.1. Azərbaycan Respublikasının milli mədəniyyət
əmlakının Dövlət Siyahısına daxil
edilmiş daşınar mədəni sərvətlər
(bundan sonra - mədəni sərvətlər) bu Qaydanın məqsədləri
üçün mədəni sərvətlər hesab edilir.
2.2. Bu
Qaydanın tətbiq olunduğu mədəni sərvətlər
aşağıdakılardan ibarətdir:
2.2.1. təsviri sənət əsərləri, o
cümlədən lövhələr, şəkillər, rəsmlər,
qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq
əsərləri, orijinal bədii toplular və montajlar;
2.2.2. kino, xüsusi əhəmiyyətli televiziya,
radio, video materialları, fotoəsərlər və
fotomateriallar, dizayn işləmələri və memarlıq
layihələri;
2.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə
malik kitablar və kitabçalar, dövri mətbuat
materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət
və tarix profilli arxivlər və arxiv sənədləri,
not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
2.2.4. tətbiqi-sənət
əsərləri - xalılar və xalça məmulatları,
qızıl, platin, gümüş, qiymətli daşlar, mis və
gildən hazırlanmış əşyalar, keramika məmulatları;
2.2.5. səhnə və ekran geyimləri,
dekorları, butaforiya və rekvizitləri;
2.2.6. qədim nadir kolleksiyalar və otuz ildən
çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o
cümlədən, mebel, musiqi alətləri və s.);
2.2.7. şifahi xalq yaradıcılığı
nümunələri;
2.2.8. arxeoloji və numizmatik xarakterli əşyalar;
2.2.9. flora və fauna, mineralogiya, anatomiya nümunələri
və paleontologiya baxımından maraqlı muzey əşyaları.
3. Mədəni
sərvətlərin müvəqqəti ixracı
3.1. Mədəni
sərvətlərin müvəqqəti ixracı Azərbaycan
Respublikasının rezidenti olan bütün hüquqi və ya
fiziki şəxslər tərəfindən həyata
keçirilə bilər.
3.2. Mədəni
sərvətlər yalnız aşağıdakı məqsədlərin
həyata keçirilməsi üçün müvəqqəti
ixrac edilə bilər:
3.2.1. sərgilərin;
3.2.2. bərpa işlərinin;
3.2.3. teatr, konsert və ya digər qastrol səfərlərinin;
3.2.4. təqdimatların;
3.2.5. beynəlxalq mədəniyyət tədbirlərinin.
3.3. Mədəni
sərvətlərin müvəqqəti ixracının
mümkünlüyü barədə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi qərar
qəbul edir.
3.4. Mədəni
sərvətlərin müvəqqəti ixracı mülkiyyətçinin
və ya onun səlahiyyətli nümayəndəsinin Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə
ərizə ilə müraciəti əsasında həyata
keçirilir. Müraciətə qəbul
edildiyi gündən 90 (doxsan) gün müddətində
baxılıb qərar qəbul edilməlidir.
3.5.
Müvəqqəti ixrac olunan dövlət və ya bələdiyyə
muzeylərində, arxivlərində, kitabxanalarında və
ya digər təşkilatlarında olan mədəni sərvətlər
öhdəliklərin icrasının təmin edilməsi
üsulu kimi istifadə oluna bilməz.
4. Mədəni
sərvətlərin müvəqqəti ixrac edilməsi
üçün müraciət
4.1. Bu Qaydanın 2.1-ci bəndində göstərilən
mədəni sərvətlərin müvəqqəti
ixracı bu barədə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin qərarından sonra həyata
keçirilir.
4.2. Mədəni
sərvətlərin müvəqqəti ixrac edilməsi məqsədi
ilə mədəni sərvətlərin mülkiyyətçisi
və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinə ərizə ilə müraciət edilir.
Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən
məlumatlarla yanaşı, aşağıdakı məlumatlar
da göstərilməlidir:
4.2.1. mülkiyyətçi tərəfindən mədəni
sərvət üzərində hüquqların əldə
edilməsinin əsası;
4.2.2. mədəni sərvətin təsviri;
4.2.3. mədəni sərvətin müvəqqəti
ixrac edilməsinin məqsədi, şərtləri və
müvəqqəti ixrac olunan ölkədə onun qalması
müddəti.
4.3. Bu
Qaydanın 4.2-ci bəndində göstərilən ərizəyə
aşağıdakı sənədlər əlavə edilir:
4.3.1. mədəni sərvətlərin sayı ikidən
çox olduqda, üç nüsxədə tərtib edilməklə
onların siyahısı;
4.3.2. hər bir mədəni sərvətin
ölçüsü ən azı 8x12 santimetr olan 3 ədəd
fotoşəkli (arxiv sənədlərinin, möhürlərin,
filateliya, numizmatika, bonistika əşyalarının fotoşəkli
tələb olunmur);
4.3.3. mədəni sərvətin dəyərini
müəyyən edən sənədlər;
4.3.4. fiziki şəxsin şəxsiyyətini təsdiq
edən sənədin və ya hüquqi şəxsin dövlət
qeydiyyatı haqqında şəhadətnamənin (dövlət
reyestrindən çıxarışın) surəti;
4.3.5. müvəqqəti ixrac olunan mədəni sərvətləri
qəbul edən tərəflə bağlanılmış
müvəqqəti ixracın məqsədini və şərtlərini
müəyyən edən müqavilə;
4.3.6. müvəqqəti ixrac olunan mədəni sərvətlərin
bütün sığorta risklərindən qorunmasını
təsdiq edən əmlak sığortası müqaviləsi;
4.3.7. müvəqqəti ixrac olunan mədəni sərvətlərin
lazımi qaydada saxlanılmasını və müəyyən
olunmuş müddət bitdikdən sonra geri
qaytarılacağını əks etdirən mədəni sərvətləri
müvəqqəti qəbul edən tərəf və ya
dövlət tərəfindən verilmiş zəmanət;
4.3.8. müvəqqəti ixrac olunan mədəni sərvətlərin
Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına daxil edilməsini təsdiq edən
mədəni sərvətin pasportunun surəti.
4.4.
Ərizə və ona əlavə edilən sənədlər
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyində qeydiyyata alınır və qeydiyyat
nömrəsi göstərilməklə müraciət
etmiş şəxsə bir gün müddətində
bildiriş göndərilir.
4.5.
Ərizə və ona əlavə edilən sənədlər
əsasında Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi mədəni sərvətlərin Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısında olmasını yoxlayır və
yoxlamanın nəticəsi barədə mülkiyyətçiyə
və ya onun səlahiyyətli nümayəndəsinə məlumat
verir.
5. Mədəni
sərvətlərin müvəqqəti ixracından imtina
edilməsi
5.1.
Aşağıdakı hallarda Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
mədəni sərvətlərin müvəqqəti
ixracı barədə qərar qəbul edilmir:
5.1.1. ərizə və ona əlavə edilmiş sənədlər
təqdim edilmədikdə;
5.1.2. mədəni sərvətin öz saxlanma şəraitinə
görə yerini dəyişməsi məqsədəmüvafiq
hesab edilmədikdə;
5.1.3. mədəni sərvətin mülkiyyətçisi
məlum olmadıqda və ya mədəni sərvətin
mülkiyyətçisinin tanınması barədə məhkəmədə
mübahisə mövcud olduqda;
5.1.4. mədəni sərvətin müvəqqəti
ixrac olunduğu ölkədə onun lazımi vəziyyətdə
saxlanılmasına maneə yaradan silahlı münaqişə,
fövqəladə və ya hər hansı
qarşısıalınmaz hallar baş verdikdə;
5.1.5. mədəni sərvətin müvəqqəti
ixrac olunacağı ölkə ilə Azərbaycan
Respublikasının diplomatik əlaqələri olmadıqda.
6. Mədəni
sərvətin mühafizə şəhadətnaməsinin
verilməsi
6.1. Mədəni
sərvətin müvəqqəti ixracının
mümkünlüyü müəyyən edildikdə, Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
mədəni sərvətin mühafizə şəhadətnaməsi
(bundan sonra - şəhadətnamə) verilir.
6.2. Şəhadətnamədə
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 59-cu maddəsində göstərilən məlumatlarla
yanaşı aşağıdakı məlumatlar da göstərilməlidir:
6.2.1. mədəni sərvətlərin
siyahısı;
6.2.2. mədəni sərvətin
aparıldığı ölkənin adı;
6.2.3. müvəqqəti ixracın məqsədi və
müvəqqəti ixracın müddəti.
6.3. Şəhadətnaməyə
aşağıdakı sənədlər əlavə edilməlidir:
6.3.1. Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
möhürü ilə təsdiq edilmiş müvəqqəti
ixrac olunan mədəni sərvətlərin siyahısı;
6.3.2. Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin möhürü ilə təsdiq edilmiş
müvəqqəti ixrac olunan mədəni sərvətlərin
fotoşəkilləri.
6.4. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən verilən şəhadətnamələrin
reyestri aparılır.
6.5. Şəhadətnamə
mədəni sərvətlərin Azərbaycan
Respublikasının gömrük ərazisindən müvəqqəti
ixrac olunması üçün əsasdır. Mədəni
sərvətlərin müvəqqəti ixracı ilə
bağlı verilmiş mühafizə şəhadətnaməsindəki
məlumatlar Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən elektron qaydada Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə
göndərilir.
6.6. Şəhadətnamə
olmadan mədəni sərvətin Azərbaycan
Respublikasının gömrük ərazisindən müvəqqəti
ixrac edilməsi qadağandır.
6.7. Şəhadətnamə
verildikdən sonra müvəqqəti ixrac olunan mədəni sərvətlərin
geri qaytarılması barədə onları müvəqqəti
ixrac edən şəxslə Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə
bağlanılır.
7. Müqavilə şərtlərinin dəyişilməzliyi
7.1. Şəhadətnamənin verilməsindən sonra bu Qaydanın 4.3.5-ci yarımbəndində göstərilən müqavilənin şərtlərinin dəyişilməsi yolverilməzdir.
8. Geri qaytarılan mədəni sərvətlərin ekspertizası
8.1. Müvəqqəti ixrac olunan mədəni sərvətlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə şəhadətnaməsində göstərilmiş vaxtda geri qaytarıldıqda, onların mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi bu barədə dərhal Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə məlumat verir və həmin əşyaları 3 gün müddətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ekspertiza üçün təqdim edir. Əşyaların təqdim edildiyi tarixdən 10 gün müddətində ekspertizası həyata keçirilir.
8.2. Müvəqqəti ixrac olunan
mədəni sərvətlər geri qaytarıldıqdan sonra tərtib
olunan ekspertizanın nəticələrində mədəni sərvətin
müvəqqəti ixrac olunduqdan sonra saxlanılması vəziyyəti
barədə nəticələr göstərilməlidir.
Əgər müvəqqəti ixrac olunan mədəni
sərvətin vəziyyətində dəyişikliklər olarsa,
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi onun müvəqqəti ixrac olunmazdan əvvəlki
vəziyyətinin bərpa edilməsi üçün
bütün lazımi tədbirlərin həyata keçirilməsini
təmin etməli və şəxsin qanunla müəyyən
edilmiş məsuliyyətə cəlb olunması üçün
dərhal hüquq mühafizə orqanlarına müraciət
etməlidir.
Mədəniyyət.- 2014.- 19
sentyabr.- S. 10.