Neft salnaməsi sənət əsərlərində
“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş təsviri sənət və musiqi müsabiqələrinin qalibləri mükafatlandırıldı
Sentyabrın 17-də Milli İncəsənət Muzeyində ölkəmizin müstəqillik tarixində müstəsna yeri olan hadisənin - “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi incəsənət müsabiqələrinə yekun vuruldu. Yubileylə bağlı "20 şanlı il" mövzusunda vokal və instrumental musiqi, “İncəsənət enerjisi - 20” (“Art energy - 20”) mövzusunda rəngkarlıq müsabiqələri elan olunmuşdu.
Müsabiqələrin məqsədi Azərbaycan neft sənayesinin tarixini, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və digər layihələrin respublikanın sosial-iqtisadi inkişafındakı rolunu, neftçilərin fədakar əməyini musiqi və təsviri sənət əsərlərində tərənnüm etməkdir.
Mükafatlandırma mərasimini ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov açaraq müsabiqələr barədə məlumat verdi. Bildirdi ki, müsabiqələr 2 nominasiya üzrə keçirilib. Hər iki müsabiqəyə maraq çox böyük olub, təsviri sənət üzrə 143, musiqi üzrə 40 əsər təqdim edilib.
Sonra ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev çıxış edərək “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurla həyata keçilməsi nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən, bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən qlobal enerji layihələrindən danışdı. Vurğulandı ki, 1994-cü ilin 20 sentyabrında müstəqil Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı ilk müqavilə ölkəmizin davamlı inkişafına mühüm təməl olmuşdur. Ulu öndərin imzaladığı fərmanla 20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur.
Neft sahəsində çalışanlar arasında müxtəlif peşələr üzrə keçirilən baxış-müsabiqənin qaliblərinin mükafatlandırılmasının artıq ənənə halını aldığını deyən ARDNŞ prezidenti bu sıraya incəsənət üzrə müsabiqələrin də əlavə olunduğunu bildirdi, şirkətin mədəniyyətə dəstək layihələrindən söz açdı.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Azərbaycanın mədəniyyət və incəsənətində neft mövzusu həmişə olub. Rəssamlıqda Tahir Salahovdan Nadir Qasımova qədər, musiqidə Rauf Hacıyevdən Tofiq Quliyevə qədər bu mövzuya müraciət edilib, Azərbaycanın “qara qızılı”nı vəsf edən məşhur mahnılar dahi müğənnilər Bülbül və Rəşid Behbudovun ifasında səslənib: “Bu gün isə böyük zəhmət bahasına başa gələn sərginin iştirakçılarıyıq. 143 əsər 143 rəssam deməkdir. Bu rəssamların zəhmətinin nümunələri bizlərə təqdim edilib. Eyni zamanda musiqiçilərimizin bu müsabiqəyə qoşulması və bu iştirakçıların peşəkarlar tərəfindən seçilməsi alqışlanmalı haldır”.
Ədalət Vəliyev “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə bütün neft işçilərini təbrik edərək müsabiqədə qalib gələnlərə gələcək işlərində uğurlar arzuladı.
Sonra ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi "İlin ən yaxşısı" baxış-nominasiyası, habelə "Ən yaxşı rəngkarlıq əsəri", "Ən yaxşı kiçik həcmli heykəltəraşlıq əsəri", "Ən yaxşı vokal əsəri" və "Ən yaxşı insrtumental əsər" nominasiyalarının qaliblərinə mükafatları təqdim etdilər.
Qeyd edək ki, qaliblər ARDNŞ-nin, Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən səsvermə yolu ilə müəyyən olunub.
Mərasimdə "20 şanlı il" mahnı müsabiqəsinin "Ən yaxşı vokal əsəri" və "Ən yaxşı instrumental əsər" nominasiyalarının qalibləri öz əsərlərini ifa etdilər.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 19
sentyabr.- S. 9.