Sərgüzəştlə
davam edib “Ər və arvad”a çatdıq
Şəki Beynəlxalq Teatr Festivalının tamaşaları barədə qeydlər
II yazı
Şəkiyə təkcə teatr tamaşalarını seyr etmək həvəsi, gördüklərimiz barədə «Mədəniyyət» qəzetinə yazmaq tapşırığı ilə gəlsək də, içimizdə bir istək də var idi. Bütün yay boyu Bakıda canımızı sıxan bürküdən qurtulmaq!.. Amma Şəki ona xas olmayan isti hava ilə bizi qarşıladı, ötən həftənin sonunadək elə Bakıda alışdığımız bürkü ilə bizi yandırıb-yaxdı, kondisioner sərinliyinə möhtac etdi.
Sentyabr tən yarı olan gündən isə istinin şaxı sındı, biz də dağlardan gələn sərin havanı ciyərlərimizə çəkdik. Xoşbəxtlikdən, bu sərinlik nə Şuşa Dövlət Musiqili Dram Teatrının çıxışına, nə də tamaşaçıların teatra münasibətinə təsir göstərdi.
Bu bir sərgüzəşt ki...
Şuşalılar Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəlinin doğma şəhərində ədibin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını oynadılar. Meydan teatrı üslubunda, çevik ritmdə, daha qabarıq etno-region üslubunda hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Tamaşada əməkdar artistlər Şükufə Musayeva və Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres və başqaları iştirak edirlər.
Rejissor daha çox vəzir Mirzə Həbibin ailə dramını ön plana çəkdiyi üçün sarayda baş verən əhvalatları yığcamlaşdıraraq, hətta saray adamlarını ixtisara salaraq, onların səhnə yükünü bir obraza - Səməd bəyə (Etibar Cəfərov) həvalə edib. Bəlkə də elə bu üzdən vəzirin evində baş verən hadisələr, məhz bu səhnələrdə iştirak edən personajların ifası daha güclü və maraqlı alınıb. Ümumiyyətlə, heç bir mübaliğə etmədən deyə bilərik ki, vəzir Mirzə Həbibin (Məmməd Məmmədov) Ziba xanım (Püstəxanım Zeynalova) və Şölə xanım (Mətanət Eres), Hacı Salah və Xacə Məsud (Azad Məmmədov) ilə səhnələri maraqlı və daha inandırıcı idi. Təbii ki, bu həm də aktyorların rejissor yozumunu düzgün dərk etməsi və obrazı bitkin təqdim etmək qabiliyyətindən asılıdır. Təəssüf ki, bu sözləri Teymur ağa rolunun ifaçısı Rasəf Mehdiyev barədə demək olmaz. Bu sətirlərin müəllifi Azərbaycan səhnəsində indiyədək belə sönük Teymur ağa ilə qarşılaşmayıb.
Dünyaya çatdırılan acı eşq hekayəti...
Əgər Şuşa teatrının tamaşasındakı Teymur ağa - Nisə xanım sevgi xətti tamaşaçıları tərpətmədisə, Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının festivala gətirdiyi dramaturq İran Qayıpın «Yestay-Korlan» adlı birhissəli məhəbbətnamə əsəri fərqli hisslər yaşatdı. Nə zamansa bir-birini sevmiş, lakin qovuşmadan ayrılmış, yalnız 40 ildən sonra rastlaşan iki insanın məhəbbətindən bəhs edən psixoloji dram bir neçə maralı məqam ilə yadda qaldı.
Tamaşada məşğul olan beş aktyorun beşi də yaşlı nəslin nümayəndəsi olsa da, onların nə hərəkətlərində, nə də danışıqlarında 60 yaş civarında olduqları hiss edilmədi. Pıçıltıları belə üç yüz nəfərdən artıq tamaşaçı tutan salonun ən son cərgələrində aydın eşidilirdi. Rejissor Murad Axmanovun quruluşda istifadə etdiyi iki nüans isə əsl müasir teatrın uğuru sayılmağa layiqdir! Rejissor təsviri sənətin ən gənc növü - qumla rəsm texnikası ilə Cənub-Şərqi Asiyada, xüsusən də İndoneziyada qədim tarixə malik kölgə teatrı ənənələrini uğurla sintez edib. Dil maneəsi olsa da, aktyorların ilhamlı oyunu, xüsusən də qeyd etdiyimiz teatr yenilikləri - keçmişin fondakı ekranda kölgələr və qum ilə yaradılan rəsmlərlə çatdırılması tamaşaçıların sənətlə təmasdan zövq almasına mane olmadı.
«Ruh»
olanda da beləsindən olasan!..
N.Vəzirov
adına Lənkəran Dövlət Dram Teatrı festivala
italyan dramaturqu Eduardo de Filipponun «Ruhlar» əsərini gətirmişdi.
Teatrın baş rejissoru Tural Mustafayev əsərin sadə
süjet xəttini maraqlı yozumla təqdim edə
bilmişdi. Ümumiyyətlə, tamaşada rol almış
aktyorların hamısının peşəkarlığı
diqqəti cəlb edirdi. Baş rolun ifaçısı Əbülfəz
Axundov (Paskuale Loyakone) ilə Alfredo rolunda
çıxış edən Əməkdar artist Adil Zeynalovun
ifasını xüsusi qeyd etmək istərdik. Raskuale Loyakone
hərəkətləri, baş verən hadisələrə
reaksiyası ilə daha çox neorealist İtaliya filmlərindən
tanıdığımız qəhrəmanları
xatırlatsa da, bizi özünün acizliyinə, onun həyat
yoldaşını sevən Alfredo ilə niyə «saziş»
bağladığına, onun puluna dolanmasına haqq
qazandırmağı bacarır. Əsərin qayəsi -
insanları pul ilə susdurmağın
mümkünlüyünü, əzizlərinin mənafeyini
belə pula satmağa, firavan yaşamaq xətrinə hər
cür alçaqlığa razılaşmağa hazır
olmağının nə qədər mənəvi
çirkinlik olduğunu tamaşaçıya göstərir.
Buket var -
ətri xoşdur, buket var - seyri!
Dövlət
Pantomima Teatrı bu kollektivi yaxşı tanıyan hər kəsin
sevdiyi bir proqramla - «Pantomima buketi» konsert-tamaşası ilə
Şəkiyə təşrif buyurmuşdu. Kukla teatrı və
balet elementləri ilə zəngin çıxışlar həmişə
maraqla qarşılanır. Xalq artisti Bəxtiyar Xanızadənin
20 ildən bəri yaradıb yaşatdığı kollektivin
çıxışları həmişə
tamaşaçıların zövqünü oxşayır.
«Buket»ə nisbətən yeni əlavə edilmiş «Skamyada
görüş» və məxsusi Şəki səfəri
üçün qısa mətninə düzəliş
edilmiş «Trio» etüdləri də çox maraqlı idi.
Amma bir məqamı
vurğulamaya bilmərik. Tamaşadan əvvəl salonda
paylanılan proqramın köhnəliyi diqqətimizi çəkdi:
proqramda 2009-2010-cu il teatr mövsümü qeydi var idi. Üstəlik,
adları iştirakçı kimi qeyd edilən aktyorların
bir neçə nəfəri çoxdandır ki, bu teatrda
çalışmır, «Arı uçuşu» etüdündə
isə Əməkdar artist Nargilə Qəribovadan başqa
heç bir aktrisa iştirak etmirdi. Proqrama inansaq,
ifaçıların üçü xanım olmalı idi. Bəlkə
də bu faktın üstündən keçmək olardı.
Amma əgər təcrübəsiz bir jurnalist öz
kiçik informasiyasında Bəxtiyar Xanızadəni Əməkdar
incəsənət xadimi kimi təqdim etsəydi, Xalq artisti
bundan haqlı olaraq inciyərdi. Amma «Pantomima buketi»nin
proqramında hörmətli Bəxtiyar müəllimin adı
dörd yerdə Əməkdar incəsənət xadimi kimi
qeyd olunmuşdu.
Torpağı
bir yerdən götürülənlər...
Klassika
ona görə klassika sayılır ki, onun toxunduğu
mövzu həmişə aktualdır və ona ən müxtəlif
məqamlardan yanaşmaq mümkündür. Üzeyir Hacıbəylinin
«Ər və arvad» musiqili komediyası da arvad hesabına
güzəran qurmağa, ağ günə çıxmağa
çalışan kişilərə, bu təhqirə
dözməyib ərindən intiqam almağa, öz halal
haqqını bərpa etməyə çalışan
qadınlara həsr olunub. Sadəcə, Mingəçevir
Dövlət Dram Teatrında bu əsərə quruluş verən
tanınmış rejissor, Xalq artisti Vaqif Əsədov hadisələri
muzeyə köçürüb. Üzeyir bəyin
yaratdığı personajlar muzey işçilərinin əli
ilə canlanırlar.
Tamaşada
diqqətçəkən bir məqamı xüsusi qeyd etmək
lazımdır. Vaqif Əsədov yalnız gənc aktyorlara rol
verib. Onlar da bacardıqlarını əsirgəməyiblər.
Əksər bölgə teatrlarının gənc aktyor
qıtlığı problemi ilə üzləşdiyini nəzərə
alsaq, Mingəçevir teatrında kifayət qədər kadr
potensialının olması sevindirici haldır.
* * *
I Şəki
Beynəlxalq Teatr Festivalı sona yaxınlaşır. Bizim
yazılarımız isə hələ davam edəcək.
Gülcahan Mirməmməd,
Şəki
Mədəniyyət.- 2014.- 19
sentyabr.- S. 5.