Üzeyir musiqisinin
cazibəsi
Dahi bəstəkarın doğum günündə milli musiqi bayramı
Hər il olduğu kimi, bu il
də dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin
banisi Üzeyir
Hacıbəylinin doğum günü
- 18 sentyabr ölkəmizdə milli musiqi bayramı kimi qeyd olunur.
Bu münasibətlə sentyabrın 18-də
mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər
Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin və digər
görkəmli sənətkarların məzarlarını
ziyarət etdilər.
Ölməz sənətkarın əbədiyyət məkanında
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: «Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu il də dahi Üzeyir Hacıbəylinin doğum günü bütün musiqi müəssisələrində geniş şəkildə qeyd edilir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda 10-dan çox ölkədən tanınmış kollektivlər, musiqiçilər iştirak edəcək”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə də dahi Üzeyir bəyin xatirəsinə həsr olunmuş festival tədbirlərindən söz açdı. Bildirdi ki, festival çərçivəsində Bəstəkarlar İttifaqında «Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində» mövzusunda elmi-praktik konfrans, musiqi ensiklopediyasının, yeni kamera ansamblının təqdimatı olacaq: «Üzeyir musiqisi o qədər mükəmməl və gözəldir ki, bütün ölkələrdə rəğbətlə qarşılanır. Mövlanə gözəl deyib, bizim məzarlarımızı torpaqlarda aramayın, aydınlarımızın qəlbində taparsınız. Doğrudan da, musiqi göylə yer arasında bir ahəngdir ki, onu dahi insanlar yaradır. Biz də ona qulaq asanda saflaşırıq, gözəlləşirik».
Çıxışlardan sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından «Şəbi-hicran» kompozisiyası səsləndi.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağında nümayiş olunan «Güllələnmiş heykəllər» abidəsini ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələr önünə qərənfillər düzüldü, Üzeyir bəyin, Bülbülün və Natəvanın xatirələri yad edildi.
Milli Musiqi Günü tədbirləri daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan mədəniyyətinin, Azərbaycan mənəviyyatının və əxlaqının formalaşmasında son dərəcə böyük rolu olan Üzeyir bəyin doğum günüdür. Bu münasibətlə keçirilən tədbirlərdən söz açan nazir müavini bildirdi ki, Üzeyir Hacıbəyliyə həsr olunan ənənəvi beynəlxalq musiqi festivalı hər il sənət aləmində böyük əks-səda doğurur.
Azərbaycan dövlətinin ölkəmizdə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir müavini Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqi ənənələrinin bu gün də uğurla davam etdirildiyini vurğuladı.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək təbriklərini çatdırdı.
“Yolumuz Üzeyir bəylə başlayır, onunla davam edir”
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasında rolundan danışdı: «Hər şey Üzeyir bəylə başlayır, onunla da davam edir. Süleyman Ələsgərov həmişə deyərdi ki, biz Üzeyir Hacıbəylinin çörəyini yeyirik. Bu doğrudan da belədir. 1921-ci ildə konservatoriyada Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan ənənələr indi də davam edir. Biz onun yolu ilə gedirik. Təbii ki, Üzeyir səviyyəsində olmaq imkansızdır, amma biz çalışırıq ki, onun bəstəkarlıq məktəbi davam etsin. Hazırda musiqi ifaçılarımız bütün Avropada uğurla çıxış edirlər, festivallarda və müsabiqələrdə uğur qazanırlar. Biz çox xoşbəxtik ki, belə bir dahi insan Azərbaycanda doğulub, burada yaşayıb və fəaliyyət göstərib. Hər birinizin bayramını təbrik edirəm».
Xalq artisti Xuraman Qasımova qəzetimizə açıqlamasında bildirdi ki, Üzeyir Hacıbəylinin ad gününün belə təntənəli qeyd edilməsi gözəl bir ənənədir: «Biz musiqiçilər uşaqlıqdan onun musiqilərini dinləyə-dinləyə, ifa edə-edə böyümüşük. Ona görə də bizim üçün ikiqat bayramdır. Mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm. O gün olsun ki, Üzeyir Hacıbəylinin musiqisi, uvertürası yenə onun vətənində - Şuşa torpaqlarında səslənsin».
Tədbirdə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı
Sentyabrın 18-də axşam
Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir
Hacıbəyli VI Beynəlxalq Musiqi
Festivalının açılışı oldu.
Festivalın ilk konsert
proqramında Üzeyir Hacıbəyli
adına Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev)
çıxış etdi. Proqramda
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra,
Yohann Bramsın “Violin
və orkestr üçün
konsert”i, Arif Məlikovun “Fortepiano və
orkestr üçün
konsert”i (ilk ifa) səsləndirildi.
Solistlər Ceyhun Allahverdiyev (piano) və İlya Qrubert (violin, Hollandiya) idi.
Sentyabrın 19-da festivalın iki konsert proqramı təqdim ediləcək. Bakı Musiqi
Akademiyasında keçiriləcək
kamera musiqisi konsertində Jalə Rəsulova (piano), Fərid
Feyzullayev (violin), Lalə
Mürşüdli (cello) çıxış
edəcəklər. Azərbaycan Dövlət
Filarmoniyasında isə
festivalın qonağı
- Belarus Respublikası Dövlət
Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Yevgeni Buşkov) konserti olacaq. Solistlər Mark Buşkov (violin, Belçika) və Andrey Qlazenkovdur (bandoneon, Belarus).
Sentyabrın 28-dək davam edəcək
festivalda Rusiya, Belarus,
Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan musiqiçi və kollektivlərin, eləcə də Azərbaycan Dövlət Xor Kapellası, Dövlət Xalq Çalğı Alətləri
Orkestri, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin, tanınmış və gənc ifaçıların
iştirakı ilə
konsertlər nəzərdə
tutulub.
Fəxriyyə Abdullayeva
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 19
sentyabr.- S. 3.