"Əfsanələr paytaxtı"nda poeziya axşamı

 

Sentyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində “Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014” layihəsi çərçivəsində poeziya axşamı keçirildi.

 

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, millət vəkili, şair Musa Quliyev, gənc şairlər Xəyal Rza, Fərid Hüseyn rayon ictimaiyyəti, poeziya həvəskarı ilə görüşə gəlmişdi.

Tədbir iştirakçıları əvvəlcə Qəbələ rayonunun mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

Qəbələ Mədəniyyət Mərkəzində tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova son illər rayonda həyata keçirilən tikinti-quruculuq işlərindən, mədəniyyət və turizm sahəsində layihələrdən, eləcə də “Azərbaycanın Əfsanələr Paytaxtı - 2014” layihəsi çərçivəsində tədbirlərdən danışdı.

Şair Çingiz Əlioğlu çıxış edərək qədim Qəbələnin antik mədəniyyət mərkəzlərindən biri olduğunu vurğuladı: "Bu gün Qəbələ müasir bir şəhərə çevrilməkdədir. Burada bu müasir mədəniyyət mərkəzində olsaq da, şüuraltı fikir dünyamız bizi qədim Qəbələnin sehrli aləminə aparır. Bu, Qəbələnin zəngin tarixindən, mədəniyyətindən xəbər verir".

Millət vəkili Musa Quliyev yerlərdə əhali ilə belə yaradıcılıq görüşlərinin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, son illər Qəbələnin mədəni həyatında müsbət dəyişikliklər baş verib, rayon beynəlxalq mədəniyyət tədbirlərinin mərkəzinə çevrilir.

Sonra görüşdə iştirak edən şairlər şeirlərini oxudular. Rayon sakinləri öz sualları ilə qonaqlarla maraqlı diskussiya yaratdılar. Tədbirdə Qəbələ Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifasında bir neçə xalq mahnısı ifa olundu.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən bu il Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Abşeron rayonu isə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Sentyabrın 25-26-da “Folklor paytaxtı” Balakəndə, oktyabrın 3-də isə “Sənətkarlıq paytaxtı” Abşeronda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 2.