Ədəbiyyat bizi birləşdirir
Ölkəmiz Beynəlxalq Uşaq Kitabı Şurasının konqresində təmsil olunub
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Kitabxana ötən müddətdə təşkilatla sıx əlaqə saxlayır, keçirilən tədbirlərdə iştirak edir. Bu xüsusda əsas məqsədlərdən biri də Azərbaycanın uşaq yazıçılarının, rəssam və tərcüməçilərinin xarici əlaqələrinə zəmin yaratmaq, onları tanıtmaqdır. Bu il qurumun Hans Kristian Andersen medalına Azərbaycandan yazıçı Sevinc Nuruqızının Ağca və Cubbulu, Paltar dolabında gizlənqaç, Ciya ilə iki gün kitabları təqdim olunmuşdu.
Sentyabrın 10-13-də Meksikanın paytaxtı Mexiko şəhərində İBBY-nin 34-cü konqresi keçirilib. 64 ölkənin uşaq ədəbiyyatı sahəsində çalışan 900-dən çox nümayəndəsinin qatıldığı tədbirdə Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və uşaq yazıçısı, Sehrli dünya jurnalının baş redaktoru Gülzar İbrahimova iştirak edib.
Konqresin açılışında çıxış
edən Meksikanın mədəniyyət naziri
uşaq ədəbiyyatının problemlərindən,
uşaqların mütaliəyə cəlb olunması ilə
bağlı bir sıra məsələlərdən
danışıb, iştirakçı ölkələrin
İBBY milli bölmələrini
münaqişə zonasında yaşayan
uşaqlara kitabla
köməyə çağırıb. Fələstin milli bölməsinin sədri Cahan
Helou çıxış edərək bu təşəbbüsə görə minnətdarlığını
bildirib. Sonra builki Hans Kristian Andersen medalının laureatlarının
mükafatlandırma mərasimi
keçirilib.
Tədbirdə çıxış edənlər
ədəbiyyatın xalqlar
arasında ünsiyyətin
qurulmasında rolundan bəhs ediblər. Ədəbiyyat
qonaq qəbul edən evdir adlı dəyirmi masada qeyd
olunub ki, uşaq ədəbiyyatı
azad olmalıdır. Heç bir tədris proqramı əsasında yaranmamalıdır. Biz uşaq ədəbiyyatı
sahəsində çalışanları
daha da ruhlandırmalı,
onları müasir uşaqları başa düşəcəyi tərzdə
yazmağa gətirməliyik.
Konqresin son günü Frans Mayer Muzeyində İBBY-nin yeni prezidenti Uolli de Donkler çıxış edərək
hər bir uşağın oxumaq hüququnun olduğunu vurğulayıb. Tədbirin sonunda müxtəlif
ölkələrdən müəlliflər
təltif olunub. Azərbaycandan yazıçı Qəşəm İsabəyli
(Cin əsərinə
görə) və Şirvannəşr sertifikata,
Sevinc Nuruqızı
diploma layiq görülüb.
Səfər müddətində nümayəndə
heyəti ölkəmizin
Mexikodakı səfirliyində
olub, Meksika-Azərbaycan
dostluq parkını, şəhərdə ucaldılan
Xocalı abidəsini ziyarət edib.
F.Köçərlinin 150 illik yubileyi münasibətilə çap
olunmuş Balalara hədiyyə kitabı və ölkəmizlə bağlı digər nəfis tərtibatlı nəşrlər səfirliyə
hədiyyə edilib.
Qeyd edək
ki, İBBY 1953-cü ildə
İsveçrənin Sürix
şəhərində yaradılıb. Dünya üzrə
76 milli bölməsi fəaliyyət göstərir.
UNESCO və UNİSEF-də rəsmi qeyri-hökumət təşkilatı
statusuna malikdir. Qurumun katibliyi
İsveçrənin Bazel şəhərində
yerləşir.
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 15.