Britaniya - böyük imperiyadan
qalan ada
Dünya
turu
Bir vaxtlar dünyanın
az qala yarısına
hökm edən, Hindistandan Şimali Amerikaya, Kanadadan Avstraliyayadək söz sahibi olan Böyük
Britaniya imperiyasından
qalan bugünkü metropoliya Avropanın şimal-qərbində, Britaniya
adalarında yerləşən
İngiltərə, Şotlandiya,
Şimali İrlandiya və Uels adlı
dörd tarixi vilayəti özündə
birləşdirən bir
dövlətdir.
Ölkənin hər bir regionu
turistdə unudulmaz təəssürat yaradan təkrarolunmaz koloriti və səciyyəvi görünüşü ilə
seçilir. Bu günlər Birləşmiş Krallıqdan
ayrılmaq üçün
referendum keçirən, amma
sonda ingilisləri rahatladan nəticəyə
qatlanan Şotlandiyanın
çölləri və
gölləri, ecazkar sahilboyu əraziləri, Uelsin əzəmətli dağları və yaşıl vadiləri, Mərkəzi İngiltərənin
şəhərləri, səliqəli
parkları bu füsunkarlığın ən
bariz nümunələridir.
Böyük Britaniya hər şeyi - təbiəti, tarixi və milli xüsusiyyətləri
ilə möhtəşəmdir. Ölkədə daş dövründən
başlamış orta
əsrlərə qədər
bütün tarixi zamanların abidələrinə
rast gəlmək mümkündür. Burada ucqar
ərazilərdəki sakitlik
böyük şəhərlərin
şövqlü həyatı
ilə ziddiyyət təşkil edir, əhali isə əsrlər boyu qorunub saxlanmış ənənələrə əvvəlki
kimi hörmət bəsləyir. Böyük Britaniya
dahi Şekspirin, əfsanəvi Robin Hudun, Liverpuldan olan dünyaca məşhur dördlüyün - “Beatles”in
vətənidir. Hazırda
Böyük Britaniya turizm üzrə dünya liderləri sırasında ilk altılığa
daxildir və tarixi yerlər, tanınmış təhsil
müəssisələri və
əyləncələrin zənginliyi
səbəbindən hər
il daha
çox turist səyahət etmək üçün məhz bu ölkəni seçir.
Biq Ben, Vesminster sarayı, Trafalqar meydanı, Tauer körpüsü...
London Böyük Britaniya
və İrlandiya Birləşmiş Krallığının,
həmçinin İngiltərənin
paytaxtıdır. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə
Roma İmperiyası qoşunlarının
Britaniya adalarını
ələ keçirməsindən
sonra qoyulub. Şəhərdə turistləri cəlb
edən bir sıra abidələr, muzeylər və görməli yerlər
var.
Şəhərdəki zəngli saat qülləsi Biq Ben Vestminster saray kompleksinin bir hissəsidir. 13,5 tonluq 5 ədəd zəng çanağına
malik saatın səsini xalq arasında "Britaniyanın
səsi" adlandırırlar.
Biq Ben Britaniyanın rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs
Stefan qülləsi də
adlandırırlar. Qüllə 1858-ci ildə tikilib. Qüllədəki saat isə
11 iyul 1859-cu ildə işə salınıb.
Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir.
Siferblatının diametri
7 m, əqrəblərinin uzunluğu
2,7 və 4,2 m-dir. Qüllənin
dörd tərəfindəki
hər siferblatın üzərində latın
dilində "Domine Salvam fac Reginam
nostram Victoriam primam" - "Tanrı kraliçamız I Viktoriyanı
qorusun" sözləri
yazılıb. Saatın
sağ və sol tərəflərində, qüllənin
üzərində latın dilində
"Laus Deo" -
"Tanrıya şükür"
sözləri həkk
olunub.
Londonun ən çox ziyarət olunan yerlərindən biri də Trafalqar
meydanıdır. Şəhərin mərkəzində yerləşdiyi üçün
turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın,
həmçinin dünyanın
ən məşhur meydanlarından biridir.
Meydan indiki adını 1805-ci ildə Britaniya və Fransa donanmaları arasında baş verən və ingilislərin zəfəri ilə başa çatan Trafalqar döyüşünün
şərəfinə alıb.
Əvvəlki adı Kral
IV Uilyam meydanı olsa da, memar
Corc Ledvel Teylorun təklifinə əsasən Trafalqar meydanı adlandırılıb.
Trafalqar meydanı həm də siyasi nümayişlər və
ictimai toplantılar üçün istifadə
edilir. Hər il Milad
bayramı münasibətilə
qurulan ölkənin əsas şam ağacı da burada yerləşdirilir. 8
may 1945-ci ildə məhz
bu meydanda Britaniya baş naziri Uinston Çörçil müttəfiqlərin
II Dünya müharibəsində
Almaniya üzərində
qələbə çalması
barədə xəbər
verib.
Müasir London üçün Vesminster sarayı da orta əsr dövrünün
ən gözəl memarlıq abidələrindən
sayılır. Kompleksin tikintisi 1097-ci ildə
başlanıb və
XIV əsrədək davam
edib. Məşhur daş ustası
Henri Yevel sarayı divarlarının əsasını
qoyub. Taxtadan hazırlanmış qapılar kral ailəsinin ən bacarıqlı dülgəri
hesab olunan Hyu Erlanda tərəfindən
düzəldilib. Saraya turist
ziyarəti bitib-tükənmək
bilmir.
Tauer körpüsü
Temza çayının
üzərində tikilib. London qalasının yaxınlığında
yerləşdiyi üçün
körpü qala körpüsü adlandırılıb.
Körpüdə iki kanat yol salınıb. Gəmilərin keçməsi üçün
körpünün alt hissəsi
açılır.
Əyləncə məkanları, parklar,
muzeylər və qəsrlər
Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biri də “Merlin Entertainments London Eye” hesab olunur. Bu, 135 metr yüksəklikdə, Avropada bilinən ən yüksək fırlanan əyləncə
çarxıdır. Buranı ildə
üç milyona yaxın turist ziyarət edir.
Ölkədə ekoturizm sənayesi də inkişaf edib ki, burada
botanika bağları,
meşələr, göllər
xüsusi rol oynayır. Bunların içərisində ən məşhuru və turist axını olanı Kyu Kral botanika
bağıdır. Londonun cənub-qərb
hissəsində Riçmond
və Kyu arasında yerləşən
sahəsi 121 ha olan bağlar kompleksi, XVIII-XX əsrlərə aid tarixi
park landşaftıdır.
Böyük Britaniyanın görməli
yerləri sırasında
muzeylər və qəsrlər də mühüm rol oynayır. Ölkəyə yolu düşən
turist mütləq Viktoriya və Albert muzeyinə baş çəkir. Londonda yerləşən
muzey tətbiqi-sənət
nümunələri baxımından
dünyanın ən zəngin muzeyi sayılır. Burada 4 milyondan
çox müxtəlif
eksponat 145 zalda ziyarətçilərə təqdim
olunur. Bütün dünya ölkələrinin
tarixi mədəniyyətini
əks etdirən keramik əşyalar, müxtəlif kostyumlar, zinət əşyaları,
çap məhsulları,
mebellər, o cümlədən
vaxtilə Azərbaycandan
aparılmış xalça
və zərgərlik
nümunələri öz
gözəlliyi ilə
muzeyi ziyarət edənlərin sayını
daha da artırır.
Vindzor sarayı
isə Britaniya monarxlarının məkanıdır. İngiltərənin Berkşir qraflığının
Vindzor şəhərində,
Temza çayı sahilində yerləşən
iqamətgah doqquz əsrdir ki, monarxiyanın simvolu olub. Onu "bütün dünyada ən romantik qəsr" adlandırırlar.
Qərbin
möcüzəsi - Roma hamamları
İngiltərə paytaxtındakı qədim
Roma hamam kompleksi də turistlər üçün olduqca maraqlı məkandır. Onun yerləşdiyi küçədə
dörd əsas obyekt var: müqəddəs
bulaq, Roma məbədi,
Roma hamamı və muzey. Böyük Pompey otağı ilə birlikdə əsas hamam turistlərin diqqətini cəlb edən məkanlardandır. O, ildə
1 milyon ziyarətçi
qəbul edir və Qərbin möcüzələrindən biri
hesab olunur. Ziyarətçilər hamam və muzeyi görə bilərlər, lakin suya girmək qadağandır.
Bir sözlə,
gözəl təbiəti,
tarixi və milli xüsusiyyətləri
ilə cəlbedici olan Böyük Britaniya hər zaman turistlərin maraq obyektindədir.
Mehparə
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 13.