Azərbaycan mətbəxi Daşkənd festivalında

 

Tashkent palase” hotelində Özbəkistanın müstəqilliyinin 23-cü ildönümü ilə əlaqədar “Tasanno-2014” adlı milli mətbəx festivalı keçirilib. Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.

Festivalda müxtəlif ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təklif ediblər.

Azərbaycan səfirliyi üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurlarına dair müxtəlif kitabalbomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər, suvenirlər nümayiş etdirilib.

Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, həmçinin kükü, kətə və qutablar, şirniyyatlarımızdan şəkərbura, paxlava, qoğal və şərbətlərimiz təklif olunub.

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb. Azərbaycan Mədəniyyət Mərkəzi uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb, Azərbaycan səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına AMM diplommedalla təltif olunub.

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 12.