Çılğın
ehtirasların zərifliyi
Xalq artisti Şəfiqə Məmmədovanın üç rolu haqqında xatırlamalar
İkinci xatırlama
Gertruda
(Əvvəli
qəzetin 17 sentyabr sayında)
Akademik Milli Dram Teatrı 1968-ci ilə kimi Şekspirin
«Hamlet» faciəsini iki quruluşda oynamışdı. Birinci tamaşa 1926-cı il dekabrın 23-də (quruluşçu rejissor
Aleksandr Tuqanov), ikincisi isə 1933-cü il aprelin 17-də
(quruluşçu rejissor Sergey Mayorov) hazırlanıb. Gertruda obrazını ilk quruluşda Mərziyə
Davudova və Əzizə Məmmədova, ikinci səhnə təfsirində
Mərziyə Davudova ifa ediblər.
Tofiq
Kazımovun rejissorluğu ilə 1968-ci il
martın 15-də oynanılan tamaşada Gertruda rolu Şəfiqə
Məmmədovaya tapşırıldı. Şəfiqə
xanım kraliça Gertrudanın akademik teatrda
üçüncü ifaçısı oldu. Hər üç rejissor Cəfər
Cabbarlının tərcüməsinə üstünlük
vermişdi.
İlin sonunda Şəfiqə Məmmədova Lev
Tolstoyun «Canlı meyit» pyesinin tamaşasında qaraçı
qızı Maşa rolunu oynadı və çox böyük
uğur qazandı. Tənqid teatrın yeni aktrisa kəşf
etdiyindən yazırdı. Lakin
teatrşünas Adilə Səfərova aktrisanın uğurunu
və parlaq gələcəyini daha tez görüb
duymuşdu. O yazırdı ki, «Hamlet» tamaşası «sayəsində
yeni, maraqlı aktrisa - Gertruda rolunun ifaçısı Şəfiqə
Məmmədova kəşf edilmişdir» («Kommunist» qəzeti, 3
aprel 1968).
Qəzetlər
«Hamlet»in hazırlanması barədə anonslar, rejissorla
qısa müsahibələr verəndə məşq edənlərin
də adları çəkilirdi. Teatr ictimaiyyətinin
böyük əksəriyyəti Gertruda rolunun gənc qıza
tapşırılmasına təəccüb edir, bəziləri
dodaq büzür, bir qismi isə əvvəlcədən həm
aktrisanın oyununa, həm də tamaşaya «uğursuzluq»
proqnozu verirdilər. Şəfiqə
xanıma ilk inanan Tofiq Kazımov idi. Müəyyən
səhnə məşqlərindən sonra Həsən Turabov,
Məmmədrza Şeyxzamanov, Əli Zeynalov da aktrisanın bu
ağır yaradıcılıq yükünü inamla çəkə
biləcəyinə inanmağa başladılar.
Beləcə, Azərbaycan milli teatr tarixində orijinal, bənzərsiz,
hətta mən deyərdim, qeyri-adi Gertruda yarandı. Təcrübəsizlikdən
gələn müəyyən çatışmazlıqları
ilə birlikdə Gertruda parlaq sənət nümunəsiydi.
Yeri gəlmişkən
deyim ki, dünyanın məşhur «Hamlet» tamaşaları
haqqında xeyli məlumatım var. Ancaq və di gəl ki,
dünya teatr tarixində 23 yaşlı aktrisanın Gertruda
rolunu oynadığına rast gəlməmişəm.
Əlbəttə,
Şəfiqə Məmmədovadan başqa!
Gertrudanın səhnəyə ilk gəlişi çox əzəmətli
görünürdü. Rejissor həmin səhnəni xüsusi
zövqlə, yüksək peşəkarlıqla qurmuşdu.
Əzəmətli, möhtəşəm, bir qədər
həyəcanlı musiqi (bəstəkar Qara Qarayev)
çalınır. Səhnə yarıqaranlıqdır, ancaq
bu görünüşdə nə isə bir səksəkə,
rahatsızlıq, hətta cansıxıcı vahimə var.
Musiqi sədaları altında qədim antik amfiteatrlar
formasında işlənmiş dekorasiyanın zirvəsində
Klavdinin (Əli Zeynalov) tacı və Gertrudanın baş
geyimi görünür, tədricən hər iki fiqur
böyüyüb üç-dörd metrlik dairənin yüksək
nöqtəsində dururlar (Onların qalxdıqları pilləkənlər
görünmürdü). Gertruda son dərəcə
cazibəli, ehtiraslı, hakimiyyət hərisliyindən
gözləri alışıb-yanan kraliça təsiri
bağışlayır. Ətəyi yerlə
sürünən, bədəninə kip
yapışmış paltar Gertrudanı çox uca, qəddi-qamətli
göstərirdi. Kraliça qranitdən
yonulmuş heykələ bənzəyirdi. Canlı
heykələ.
Elə bu cazibəli, sehrli ovqat oyadan görkəm rejissor
Tofiq Kazımovun kraliça Gertruda obrazı üçün
açar-kodu idi.
Sual oluna
bilər:
- Nə
üçün 30 yaşlı Həsən Turabovun ifa etdiyi
Hamletin anası Gertrudanı 23 yaşlı Şəfiqə Məmmədova
oynayır? (Bu sual 1968-ci ildə tamaşaya
baxmamışdan əvvəl çox adamda rahatsızlıq,
hətta Tofiq Kazımova qarşı etiraz, qəzəb
doğurmuşdu).
- Nə
üçün Gertruda kral ərinə sui-qəsddə Klavdi
ilə əlbir olur?
- Nə
üçün Gertruda Klavdiyə ərə gedir? Özü də ərinin qırxı
çıxmamış. Axı onun əvvəlki
əri, Hamletin atası da kral idi?
Tofiq Kazımovun həssas məntiqinə və tamaşa
üçün müəyyənləşdirdiyi
konsepsiyasına istinadən sualları cavablandırmağa
çalışacam.
Pyesin orijinalının remarkasından bilirik ki, Hamlet bəstəboy,
tosqun, tez-tez təngnəfəs olan gəncdir. Atasının
Hamletdən başqa övladı yoxdur. Hamlet dünyaya gələndə
atası kişi kimi zəifləmişdi. Tamam qocalıb əldən düşəndə isə
Klavdi ilə Gertruda yatdığı yerdə onun
qulağına zəhər töküb qətlə
yetirmişlər. Deməli, bioloji qadın tələbatını
ödəmək üçün ehtirası qaynayıb
coşan Gertrudaya güclü kişi
lazımdır.
Məhz Şəfiqə Məmmədovanın
Gertrudası belə bir ehtirasla alışıb yanan
kraliça idi. Onun baxışlarından, yerişindən, kip
paltarın içində titrəyən bədənindən
ehtiras yağırdı. Tofiq Kazımovun
seçimi dəqiq və çox inandırıcı, rejissor
məqsədi bədii cəhətdən ifadəli
alınmışdı.
Hamletin əmisi Klavdi riyakardır, rəzildir, əzazildir,
şöhrətpərəstdir. Eyni zamanda qorxaqdır,
qətiyyətsizdir. Həm də
kraliçanı coşqun ehtirasla sevir. Tamaşanın
ümumi ruhundan belə qənaət hasil olurdu ki, Klavdi ilə
Gertrudanın eşq macəraları kralın
ölümündən çox-çox əvvəllər
başlayıb. Elə buna görə də
qətlə yetirilən kralın qırxı
çıxmamış Klavdi və kraliça izdivaca giriblər.
Deməli, Gertruda şəhvani ehtirasını
soyudacaq ər tapmaqla həm də hakimiyyət hərisliyinin
gizlin mətləblərini həyata keçirə biləcək
məqama çatıb. O əmindir ki, iradə və
hökmdə Klavdini özünə ram edə biləcək. Hakimiyyətin idarəçiliyində əsas
söz onun olacaq.
Hələlik kraliça bu istəyini gizli saxlayır. Ancaq rejissor və
Şəfiqə Məmmədova üçüncü planda
buna həssaslıqla işarə vururdular. Belə bir yanaşma Azərbaycan teatrında, bəlkə
də əksər dünya teatrlarında yeni idi. Yenilik orijinallıq xətrinə edilməmişdi,
güclü rejissor yozumunın və aktrisanın ifadəli
oyunun güclü məntiqi ilə əsaslandırılmışdı.
Bu hisslər tamaşaçıda Şəfiqə
xanımın şahanə, zahirən vüqarlı,
özünün iradəsinə və gözəlliyinə
inanan, hətta öz füsunkarlığına məftun olan
kraliça oynamasından doğurdu. Həmin məqamda da
Tofiq Kazımov əsərin səhnə həllində
Klavdinin kral tacını başına qoymasını psixoloji
məntiqlə əsaslandırmışdı.
Şəfiqə Məmmədova rejissor fikrinə əsaslanaraq
bir qədər də dərinə getmişdi. Onun Gertrudası,
bütün rəzilliklərinə baxmayaraq, yeganə
övladı Hamleti ehtiraslı məhəbbətlə sevir. Bu sevgiyə görə də onu sarayın ziddiyyətli
intriqalarından, gələcəkdə baş verə biləcək
daha dəhşətli mənfurluqlardan kənar etməyə
çalışır. Belə bir səhnə
təfsiri aktrisaya daha mürəkkəb, daha psixoloji, daha fəci
səhnə obrazı yaratmağa imkan vermişdi. Şəfiqə xanım gənc və təcrübəsiz
olmasına baxmayaraq, rejissorun köməkliyi ilə həmin
imkandan həssaslıqla bəhrələnə, sənətkarlıqla
istifadə edə bilmişdi.
Onun yaratdığı Gertruda xalis Şekspir personajı
idi.
Aktrisa öz obrazını dörd ritm-psixologiyada,
dörd hərəkət plastikasında oynayırdı.
Şahanəlik, hökmdarlıq ehtirası,
çılğın daxili coşqunluq Klavdi (Əli Zeynalov),
Poloni (Məmmədrza Şeyxzamanov) və digər saray əhli
ilə münasibətlərində qabarıq idi.
Riyakarlığı, qeyri-səmimiliyi, dəyişkən
hərəkət plastikası Ofeliya (Amaliya Pənahova) və
Laert (Kamal Xudaverdiyev) ilə epizodlarda dominantlıq edirdi. Bu epizodlarda
aktrisa tez-tez danışığının ahəngini və
hərəkət ritmini dəyişirdi.
Klavdi ilə Hamlet barədə söhbətlərində
Gertruda səksəkəlidir. Yaranmış gərgin
vəziyyətdən çıxış yolu tapa bilmir.
Ona görə də Klavdinin
cızdığı plana istər-istəməz «hə» deyir.
Baxışları qayğılıdır.
Hərəkətlərində sərt
çeviklik yoxdur. Daxilən gərgin və
rahatsızdır.
Hamletlə dialoqlarında oğlu nə qədər
tikanlı və sərt danışsa da, Gertruda ona səmimiyyət
göstərməyə çalışır. Bu epizodlarda
aktrisa emosional psixologizmə üstünlük verirdi. Hətta müəyyən məqamlarda lirizmin
emosional çalarlarından bacarıqla istifadə edirdi.
Təbii ki, onun bu dəyişmələrinin əsas səbəbini
müxtəlif vəziyyətlərdə obrazın
keçirdiyi psixoloji daxili hallar diktə edirdi. Ancaq əsas məsələ
ondadır ki, Şəfiqə xanım bu özgələşmələri
yüksək peşəkarlıqla, kamil istedadla doğruldurdu.
Şəfiqə Məmmədova Gertrudanın səksəkəsini
öz oyununda müxtəlif şəkillərdə büruzə
verirdi. Klavdi, Poloni, Ozrik (Məmməd Sadıqov), Rozenkrans
(Rafiq Əzimov), Gildistern (Həsən Məmmədov)
ayrı-ayrılıqda miskin və şərəfsizdirlər,
riyakar və ikiüzlüdürlər, qorxaq və
yaltaqdırlar. Ancaq onların birlikdə təmsil
etdikləri şər qüvvəsi çox
güclüdür, Elsinor sarayındakı cəmiyyətin
sütunları onların çiyinlərindədir. Şəfiqə Məmmədovanın
kraliçası bütün bunları duyur, dərk edir, ancaq
onun geri çəkilmək, məsləyini dəyişmək
istəyi yoxdur. Amma və di gəl ki, eyni
zamanda aqibətinin faciəli sonluqla bitəcəyindən
qorxur, səksəkəyə düşür.
Belə bir oyun tərzi təbii və realdır. Gertruda finalda
qurulan saray tələsinin qanlı toruna düşüb məhv
olur.
Şəfiqə xanımın oyununun təravət və
dəyərini daha dərindən qavramaq üçün onun
Hamletlə (Həsən Turabov) səhnələrinə
xüsusi diqqət yetirmək vacibdir. Əvvəlcə Hamlet
obrazının səhnə təfsiri haqqında bir neçə
söz deməyə ehtiyac var. Vaxtilə, yəni 2000-ci ildə
mən Həsən Turabov barədə «Aktyora oxşamayan adam» kitabını yazmışdım.
Üstündən 14 il keçəndən
sonra o kitabı vərəqləməyə daxili tələbat
duydum.
Hamlet Həsən Turabovun qəhrəmanlıq
anlayışı duyğusundan şirələnmişdi. Onun mənəvi
dünyasını, şübhə və tərəddüdlərini
mərhəmliklə mənimsəyən aktyor ilk növbədə
başı zamanın əlhəd daşına dəyən səmimi
insanı - şahzadəni oynayırdı.
Turabovun Hamletinin dünyaya - qanlı-qadalı,
riyakarlıq donlu, möcüzələrlə dolu, şairanə
dünyaya baxışlarında poetik çalar daha üzdə
görünürdü.
Həsən Turabov «zəif iradənin faciəsi» ilə
«güclü xarakterin faciəsi» arasında tarazlıq
yaratmaqla Hamleti bədii obrazlıqdan çıxarıb
canlı (bütün mürəkkəblikləri ilə)
müasirimizə çevirmişdi. Biz bədii əsərdən
yox, başı müsibətlər çəkən
müasirimiz Hamletdən həyatın ibrət dərslərini
alırdıq, öyrənirdik.
Həsən Turabov Hamletin şəxsi qəmini
(atasının ölümü) ictimai faciəyə -
insanlığın məhvinə qarşı ölüm
çağırışına qədər yüksəldib
bəşəriləşdirirdi. Onun səhnə təfsirində
Hamlet zəif, qətiyyətsiz, iradəsiz şahzadə deyil.
O, əhatəsinə düşdüyü
sarsıdıcı hadisələrdən (atasının qətlə
yetirilməsi, əmisi Klavdinin atasının tacına yiyələnməsi,
anası Gertrudanın ərinin meyiti soyumamış Klavdiyə
ərə getməsi və sair) məntiqi qənaət hasil
etmək istəyən, həyat hadisələrini fəlsəfi
ölçülərlə dəqiq təhlilə
çalışan filosofdur.
Klavdi qərarı tez və qəti çıxarır -
əvvəl şahzadəni öz yanında və
yaxınında saxlayır ki, onu daha yaxşı
müşahidə etsin. Edir və qərara gəlir ki, Hamleti
İngiltərəyə göndərsin. Tamaşaçı
onun daha hansı məkrli planlar qurduğunu bilmir. Ancaq Həsənin şahzadə Hamleti həssaslıqla
bunu duyur. Hətta gələcək məkrli
faciəni təsəvvür də edir. Elə buna
görə də qərar çıxarmaqda, «Olum, ya
ölüm?» sualını
cavablandırmaqda hissinin yox, idrakının gücünə
arxalanır. Qorxaqlıqdan yox, ağlın
gücündən tələsmir. Qəti
nəticəyə gəlmək üçün hələlik
səbr və ağılla müəmmalı suallara qəti
cavablar axtarır. Səhv etməmək,
yanılmamaq naminə. Uca tutduğu
insanlıq naminə.
Tamaşada
qəribə bir duet var idi:
Hamlet və Gertruda.
Həsən Turabov və Şəfiqə Məmmədova.
Şəfiqə o vaxtlar, necə deyərlər,
durnaboğazlı, sərvboylu, cazibədar Gertruda idi. Hətta
oğlu Hamletlə həmyaş görünürdü. Bu cür rol bölgüsü, yuxarıda dediyim kimi,
çoxlarını çaşdırmışdı. Axı, truppada yaşlı aktrisalar yox deyildi. Hətta
bu rolu oynamaq ürəyindən keçən və buna məqam
gözləyənlər də vardı... Bu istək
onların təbii haqları idi... Mən bilirəm ki,
Hökümə Qurbanova Gertrudanı oynamaq istəyirdi...
Gertrudanı oynamaq Leyla Bədirbəylinin, Nəcibə Məlikovanın,
Sofiya Bəsirzadənin də ürəyindən
keçirdi...
Amma Tofiq Kazımovun qəsdi Hamletin - Turabovun mübarizəsini
dərinləşdirmək, çətinləşdirmək
idi. Dərinlik də məhz Gertrudanı canlı
qadın eləməkdə idi. O, sadəcə Hamletin
anası, ərinə xəyanət etmiş arvad deyil...
Turabovla Şəfiqə yanaşı duranda qeyri-ixtiyari
bu ailənin keçmişini düşünürdüm.
Aha, deməli,
Hamlet erkən uşaqdır, deməli, atası yaşlı
olub.
Bəzən
duyurdum ki, Hamlet də bunu anlayır, hardasa anasını
başa düşür, amma ona bəraət qazandıra
bilmir...
Tamaşadakı belə yozum, belə «canlılıq»
çoxlarını hirsləndirmişdi. Məgər ətrafımız
yalnız yüksək mənəviyyatlı, sədaqətli,
ləyaqətli adamlarla doludur? Sanki cəmiyyətimizi
sarsıdan mənəviyyat böhranı, bütün sosial təbəqələrdə
riyakarlıq, yüksək amalları pula və ya şəhvani
tələbatlara satmaq, dəyişmək halları yox idi.
Həsən - Şəfiqə səhnələrinin qəribə
ovqatı vardı. Ağrılı, əzablı, müəmmalı...
Həsən Turabov obrazının əməl-fəaliyyət
xəttində idraka üstünlük verirdi.
Şəfiqə xanım haqlı olaraq hissə,
qadın ehtirasının emosional tələblərində cəmiyyətin
bütün «əxlaq ölçülərini»
sındırmağa cəhd göstərirdi.
Həsənin Hamleti anasının
zavallılığından, ehtiras əsiri olmasından,
tutduğu faciəli əməldən sarsıntı
keçirir, nifrətlə təəssüf hissi arasında
tarazlıq axtarır.
Şəfiqə Məmmədovanın Gertrudası
özünün qadın xoşbəxtliyini övlad səadətini
görmək arzusundan yüksəkdə tutur. Özü də bunu
ağılla, idrakla yox, əsiri olduğu hisslərin diktəsi
ilə edir... Hətta bəzən əzab çəksə də
inadından dönmür...
Tamaşaya
resenziya yazan İnqilab Kərimovun belə bir fikri var: aktrisa
rejissorun köməyi ilə «dərk etmişdir ki, Gertruda tac-şöhrət
əsiri deyil, ehtiras qurbanıdır» («Azərbaycan gəncləri»
qəzeti, 14 may 1968). Bu fikirlə birtərəfli
barışmaq olmaz. Səbəbini
yuxarıda söyləmişəm. Bir daha
təkrar edirəm ki, Klavdini yaxşı tanıyan Gertruda
hakimiyyətdə əsas sima olacağına əmin idi.
Deməli, iki hiss, qadın və hakimiyyət
ehtirası Gertrudanın daxilində bütöv şəkildədir.
Bununla belə, teatrşünasın aktrisanın oyunu
haqqında maraqlı fikirləri də var. «Şəfiqə Məmmədova
Gertrudanın faciəsini duyur, onun daxili böhranını
hiss edir, psixoloji vəziyyətini anlayır. Bu rolunda
tamaşadan tamaşaya inkişaf edir».
Təbiidir
ki, Şəfiqə xanımın Maşa, Sevda, Sona («Dəli
yığıncağı»ndakı Sona), Gültəkin
obrazlarında nümayiş etdirdiyi sənətkarlıq incəlikləri
Gertrudada az idi. Ancaq əsası
o idi ki, aktrisanın özü səhnədə səmimi və
inandırıcı, oynadığı obraz cazibəli, təravətli,
mürəkkəb, mənalı və ən əsası bənzərsiz
idi. Onun Gertrudasını sənət
nümunəsi kimi sevməmək mümkünsüz idi.
Bunu həssaslıqla duyan teatrşünas Məmməd Mərdanov
yazırdı ki, «aktrisanın cazibəli zahiri görkəmi,
təbii cazibədarlığı, məlahəti var»
(«Bakinski raboçi» qəzeti, 11 aprel 1968) və həmin
keyfiyyətlər təcrübəsiz aktrisanın
oyunundakı xırda çatışmazlıqları da yox
edirdi.
Başqa bir maraqlı fikrə nəzər salaq. «Rejissor
Gertruda kimi mürəkkəb bir rolu sənətə yenicə
gələn təcrübəsiz aktrisaya tapşırmaqla
böyük riskə gedib, lakin Şəfiqə Məmmədova
onun inamını qətiyyətlə doğruldub. Tamaşaçı onu yalnız cazibədar zahiri
görkəminə, yaraşığına görə qəbul
etmir. Gertrudanın iztirablı kədərini,
oğlu Hamlet qarşısındakı günahlarını səmimiyyət
və ehtirasla verən» («Baku» qəzeti, 3 aprel 1968) Şəfiqə
Məmmədova orijinal səhnə surəti ilə milli teatr
tariximizdə qaldı.
İlham Rəhimli
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 10.