Mədəniyyət və Turizm Nazirliyi sərgilərlə bağlı şirkət və hotellərə müraciət edib

 

Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə iştirak edir. Nazirlik 2015-ci ildə təmsil olunacağı sərgilərdə iştirak etmək istəyən turizm şirkətlərinə və hotellərə müraciət edib.

Müraciətdə bildirilir ki, gələn il «İMEX» (Frankfurt) və «EİBTM» (Barselona) sərgilərinə yalnız Azərbaycan Konqreslər Bürosuna üzv olan şirkət və mehmanxanalar, «TTG» (Rimini), «KOTFA» (Seul), «OTM» (Mumbay), «CaucasusToursimFair» (Tbilisi), «TT Warsaw İnternational Travel Show» (Varşava) sərgilərinə isə Azərbaycan Turizm Assosiasiyasına (AZTA) üzv olan şirkət və mehmanxanalar qatıla bilərlər. «KIHE» (Almatı) və «İFM» (Dubay) sərgilərində Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinə üzv olan şirkət və mehmanxanalar iştirak edə bilərlər.

Turizm şirkətləri və mehmanxanalar tərəfindən qeyd olunan sərgilərdə iştirakla bağlı yetərli sayda müraciət olmadıqda həmin sərgidə iştirak təxirə salınacaq. Şirkət və mehmanxanalar bu sərgilərdə iştirak etmək üçün müəyyən olunmuş tarixdən gec olmayaraq, nazirliyin turizm şöbəsinə müraciət etməlidir. Əks halda Mədəniyyət və Turizm Nazirliyinin icarəyə götürdüyü stenddə onların iştirakı imkan xaricində olacaq.

Yuxarıda göstərilən sərgilərdən başqa digər sərgilərdə iştirak etmək istəyən şirkətlər və mehmanxanalar Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilərlər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 7.