“Lisenziyası olmayan turizm obyektlərinin
fəaliyyəti dayandırılmalıdır”
Nahid Bağırov: “Yerli icra orqanları bu işdə yardımçı olmalıdır”
İnkişafda olan hər
sahədə olduğu kimi,
turizm sektorunda da problemlər olur. Azərbaycan
turizmi də bu
baxımdan istisna deyil.
Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, peşəkar kadrların çatışmazlığı, xidmətin istənilən səviyyədə olmaması, zəif idarəçilik, sahibkarlarla menecerlər arasında anlaşılmazlıq və digər problemlərə regionlarda daha çox rast gəlinir.
AZTA bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir: «Bir sıra hotellərin lisenziyasız fəaliyyəti bizi düşündürməli, yerli icra orqanları bu işdə Mədəniyyət və Turizm Nazirliyinə yardımçı olmalıdır. Lisenziyası olmayan turizm obyektlərinin fəaliyyəti müvafiq səlahiyyətli orqanlar tərəfindən dayandırılmalıdır. Belə obyektlər məsuliyyət daşımır və təbii ki, onlarda xidmət səviyyəsi aşağıdır. Yaxud bir sıra turizm şirkətləri turistlərlə müqavilə bağlamırsa və onları sığorta ilə təmin etmirsə, o şirkətlər cəzalandırılmalıdır».
Azərbaycanda turizmin inkişafına dair 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının icrasıyla bağlı rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışan assosiasiya sədri qeyd edib ki, AZTA-nın dəstəyi ilə bir çox turizm şirkətləri beynəlxalq sərgilərdə respublikamızı təmsil ediblər. Təşkilatın təşəbbüsü ilə ölkə daxilində və xaricdə keçirilən infoturlar vasitəsilə ölkəmizin turizm potensialı təbliğ və təşviq olunub: “Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində ekskursiya bələdçilərini hazırlayırıq və 2015-ci ildə ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar bu iş davam edir. Bundan əlavə, nazirliklə birgə turizm obyektlərində xidmət səviyyəsini yüksəltmək üçün keçirilən monitorinqlərdə fəal iştirak edirik. Təşkilatımız yeni turizm marşrutlarının hazırlanmasında, Dünya Bankının dəstəyi ilə respublikanın şimal-qərb regionunda turizmin inkişafı layihəsində də fəal iştirak edir. Dünya Bankının dəstəyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə birlikdə turizm peşə standartlarını hazırlamışıq».
AZTA hazırda 60-dək aparıcı hoteli, 90-dan çox turizm şirkətini öz ətrafında birləşdirir. İctimai təşkilat kimi onların maraqlarını müxtəlif səviyyələrdə, o cümlədən dövlət qurumlarında qoruyur: «Beynəlxalq əlaqələrimizi də getdikcə möhkəmləndiririk. Artıq Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan və digər ölkələrin turizm assosiasiyaları, eləcə də Dünya Turizm Bələdçiləri Assosiasiyası ilə əməkdaşlıq memorandumları imzalamışıq. İATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) ilə də əməkdaşlıq edirik».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 7.