Təbrizdə
Şəhriyar günləri
Ölkəmizin nümayəndə heyəti tədbirlərdə iştirak edib
Vaqif Bəhmənli: “Azərbaycan heç zaman Şəhriyardan ayrı olmayıb. Bunu tədbirdə çıxışımda da xüsusi vurğuladım”
Xəbər verdiyimiz kimi, İranın
Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı
ilə Təbriz şəhərində ustad
Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 108-ci ildönümü
ilə əlaqədar ənənəvi poeziya
bayramı keçirilib.
Türkiyə, Yaponiya, Hindistan, Pakistan, Tacikistan və digər ölkələrdən xeyli qonağın qatıldığı Şəhriyar günlərində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin təmsil olunduğu heyət Şəhriyara həsr olunmuş konfransda, bir sıra görüşlərdə iştirak ediblər.
Səfər barədə danışan Vaqif Bəhmənli İranda Şəhriyar poeziyasına olan böyük sevginin onda dərin təəssürat doğurduğunu vurğuladı: “İran dünyanın qədim mədəniyyət, söz, sənət mərkəzlərindən biri olub. Azərbaycanda Firdovsinin, Hafizin, Sədi Şirazinin əsərləri sevilir, onların kitabları, demək olar ki, hər evdə var. Ümumiyyətlə, Orta və Yaxın Şərq xalqlarının müştərək sərvətləri, dünyaya bəxş etdikləri ədəbiyyat, poeziya zəngin bir xəzinədir. Belə dahi sənətkarlardan biri də Məhəmmədhüseyn Şəhriyardır. Şəhriyar müasir Şərq poeziyasının simvollarından biridir. Azərbaycanın gənc nəsli onun “Heydərbabaya salam” poemasını əzbər söyləyə-söyləyə kamala dolur, Vətən, yurd sevgisini ürəklərinin ən təmiz guşəsində əzizləyib saxlayırlar. “Heydərbabaya salam” İran, Azərbaycan, türk, eləcə də dünya şeir meydanında yeni bir hava, söz dünyasının 7-8 möcüzəsindən biridir. Şəhriyar bu əsəri ilə Vətənini, eli-obanı, insanları, adət və ənənələri, ananı hansı dərəcədə sevməyin mümkünlüyünü göstərən ən uca nöqtəyə qalxmağı bacarmışdır. “Heydərbabaya salam” Azərbaycan dilinin adına ucaldılan möhtəşəm bir abidədir, məbəddir, müqəddəs söz sarayıdır”.
Şairin poeziyasını son dərəcə yüksək qiymətləndirən həmsöhbətim Şəhriyarın fars və Azərbaycan dilində qələmə aldığı əsərləri yalnız Allah vergisinin, ilham pərisinin ayağına yazmaq olmaz deyir: “Çünki böyük şair körpə yaşlarından ilk şeirlərini qələmə alaraq özünə qədərki bütün ədəbi təcrübələri mənimsəmiş, başqa xalqların ədəbiyyatını öyrənmiş, böyük zəhmətlərə qatlaşmış, həmişə xalqın, insanların həyatını qələmə almışdır. Şəhriyar həqiqətləri, cəmiyyətdə gedən prosesləri dərk edən və onu bədii sözün qüdrəti ilə heyrətamiz şeriyyətə çevirməyi bacaran bir şairdir. Onun əbədi bir ayrılığı da Bakı, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə - bir sözlə, Azərbaycan ayrılığı idi. Bu cismən belə idi. Azərbaycan heç zaman Şəhriyardan ayrı olmayıb. Bunu tədbirdə çıxışımda da xüsusi vurğuladım. Bu gün onun adı ölkəmizdə xiyabanlara, küçələrə, məktəblərə, yeni doğulan körpələrə verilir. Şəhriyarın sözləri, gözəl qəzəlləri xanəndələrin dilindən düşmür. Şəhriyar Araz çayı üzərindən Azərbaycana adlayan körpülərin ən qədimi olmasa da, ən etibarlısı, ən genişidir”.
Vaqif Bəhmənlinin sözlərinə görə, qonşu, qohum xalqların birliyinə, həmrəyliyinə hər zamankından daha çox ehtiyac duyulduğu bir gündə bizim Şəhriyar sənətinin təsir gücünə, onun düşüncəsinə və fəlsəfəsinə daha böyük ehtiyacımız var. Bu mənada Təbrizdə keçirilən tədbir xüsusi əhəmiyyətə malikdir. İndiyədək müxtəlif tədbirlərlə bağlı İranın paytaxtı Tehranda, Məşhəd şəhərində dəfələrlə olduğunu deyən müsahibim Təbrizə ilk səfərinin həyəcansız ötüşmədiyini diqqətə çatdırdı. Doğma dil, isti münasibət, ən ümdəsi Şəhriyara məhəbbət və sonsuz sayğının az qala bütün Təbrizi ağuşuna aldığını deyən müsahibim bu mənzərənin çox ürəkaçan və qürurverici olduğunu deyir: “Uşaqlıqdan Cənub həsrəti, Təbrizlə bağlı hisslərimin təsiri altında olduğumdan bu səfəri həyəcanla gözlədim. Şərqin, eləcə də dünyanın ən böyük şairlərindən birinin anım günündə iştirak mənim üçün həm də çox məsuliyyətli idi. 2005-ci ildən ənənəvi olaraq keçirilən bu tədbirdə sakinlər xüsusi bir sevgiylə iştirak edirdilər”.
Təbrizdə “El gölü” deyilən məşhur ərazidə, açıq havada keçirilən mərasimdə İranın mədəniyyət və islam irşad naziri Əli Cənnəti çıxış edərək ustad şair Şəhriyarın İran poeziyasının tarixində xüsusi yer tutduğunu bildirib. İranın Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, Təbriz şəhərinin bələdiyyə sədri Sadiq Nəcəfi şairin yaradıcılığından söz açıblar. Yüksək səviyyədə təşkil olunan mərasimdə 5 mindən artıq insan iştirak edib. Rəsmi çıxışlardan sonra maraqlı ədəbi-bədii kompozisiya, musiqi, el sənətkarlarının ifalarında rəngarəng proqram təqdim olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin Təbrizdəki baş konsulu Əli Əlizadə və İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin Şərqi Azərbaycan şöbəsinin rəhbəri Əli Əkbər Səfipurla görüşüb. Bakı ilə Təbriz arasında mədəni əlaqələrin daha da genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti “Şairlər məqbərəsi”ndə (“Məqbərətüş-şüəra”) Şəhriyarın qəbrini ziyarət edib, şairin ev-muzeyində oğlu Hadi Behcətlə görüşüb.
Səfər çərçivəsində Təbriz Milli Kitabxanasında da olduqlarını deyən V.Bəhmənli görüş zamanı kitabxana ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını bildirdi: “Təbriz Milli Kitabxanasının rəhbərliyi bizdən keçən əsrin əvvəllərində Azərbaycanda nəşr olunmuş mətbu orqanların surətlərini xahiş etdilər”.
Qeyd edək ki, Şəhriyara həsr olunmuş elmi konfransın katibliyinə şairin yaradıcılığı ilə bağlı 300-dən çox məqalə təqdim edilib. Şəhriyarşünas alimlərdən ibarət münsiflər heyəti 40 məqaləni seçərək müəllifləri mükafatlandırıb.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 6.