“Zınqırovlu pişik” gəldi, sonda hamı “Kimdir müqəssir?” soruşdu

 

Şəki Beynəlxalq Teatr Festivalında oynanılan tamaşalar haqqında qeydlər

 

 III yazı

 

Şair deyəndə ki hər günün bir tamaşa, heç şübhəsiz, neçə gün davam edən teatr festivallarını nəzərdə tutmamışdı. Amma 10 gün ərzində 14 tamaşanı izləmək, üstəlik, baxdıqların, gördüklərin barədə nəsə yazıb paylaşmaq yalnız festival zamanı mümkündür. Yəni tamaşaya baxmaqdan özgə vacib işin yox, heç bir məişət qayğısı yox!.. Odur ki, festival izləyicisi aldı görək dedi!..

 

Zınq-zınq... Gələn var!

 

Əgər böyük teatr bayramlarında uşaqlar yaddan çıxırsa, deməli, həmin festival qısaömürlü olacaq. Çünki 6 yaşınadək teatr tamaşasını səhnədən seyr etməyən uşağın böyüdükdən sonra bilet alıb teatra getmək istəyi yalnız ehtimal oluna bilər. Bu tam təsdiqlənməmiş nəzəriyyəyə əsaslanıb deyə bilərik ki, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının bəxti gətirib. Festival günlərində nümayiş etdirilən iki uşaq tamaşasında keçən anşlaqa şahidlik belə deməyə əsas verir.

Qax Dövlət Kukla Teatrının tamaşası min nəfərdən çox tamaşaçı tutan amfiteatrda oynanıldı. Balacalar Elşad Rəhimzadənin quruluşunda Əhməd Orucun «Zınqrovlu pişik» tamaşasına baxdılar. Əslində səhnə kukla teatrı tamaşası üçün tam məqbul (məkan həddən artıq geniş olduğundan oynanılan tamaşanın effekti xeyli itirdi) sayılmasa da, hələ ki ölçü-mizan prinsiplərindən xəbərsiz balacalar tamaşanı maraqla izlədilər. Məstanın (Araz Mehrablı) Uzun quyruq (Azər Kərimov), Uzun burun (Afət Yaqubova) Balaca (Aynurə Abbasova) adlı üç siçan ilə macərası onların çox xoşuna gəlmişdi. Bunu elə gülüşlərindən, tamaşada musiqi səsləndirilərkən ayağa qalxıb rəqs etmələrindən anlamaq olurdu.

Maraqlıdır ki, Elşad Rəhimzadə bu tamaşanı A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında da uğurla tamaşaya qoyub Məstan pişik rolunda da özü çıxış edib. Bəs paytaxt teatrında illər uzunu böyük uğurla gedən bu tamaşa ilə Qax kuklaçılarının oynadıqları tamaşa arasında fərq idi? Sadəcə, bu, tamam başqa tamaşa idi.

 

Bu da bir başqa vəzir...

 

Əgər Azərbaycan Dövlət Kukla Teatrının «Zınqırovlu pişik» tamaşasını təxminən dörd il (!) əvvəl gördüyümüz üçün onun barəsində müqayisə olsun deyə yazdıqlarım çoxdankı təəssürata əsaslanırsa, Akademik Milli Dram Teatrının təqdim etdiyi Mirzə Fətəlinin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını ondan üç gün əvvəl Şuşa Musiqili Dram Teatrının quruluşunda gördüyümüz üçün müqayisə etmək şansımız bol idi. Amma hələ antik dövrdə Sokratın dediyi «Hər cür müqayisə yanlışdır» kəlamını yada salıb bu fikirdən vaz keçirik. Sadəcə, deməliyik ki, Şuşa teatrı bu komediyanın üst qatını - imkanlı imtiyazlı şəxsin ikiarvadlılıq səfasını cəfasını göstərmişdisə, akademik teatr Axundzadənin üstüörtülü çatdırdığı axmaq məsuliyyətsiz hakimlər ilə yaltaq, qorxaq kütlə hakimiyyətdən uzaq salınaraq xalqa sığınan «yaxşı padşahın» qələbəsini qabartmışdı. Mərhum rejissor Vaqif İbrahimoğlunun verdiyi quruluşu bərpa edən rejissor Tural Mustafayev məhz ustadının seçdiyi yozumu bir qədər qabarıq göstərməyə nail olub.

Tamaşanın ilk səhnəsində vəzir Mirzə Həbibin (Xalq artisti Cəfər Namiq Kamal) öz evində tacir Hacı Salah (Əməkdar artist Məzahir Cəlilov) ilə görüşü yaxın keçmişdən, repressiya dövründən bildiyimiz tarixi faktları yadımıza salırdı. Tacirə Rəştdən nimtənə sifariş edən vəzirin onu gecə ilə yatağından qaldırıb alt geyimindəcə saraya gətirtməsi, yaxud divan zamanı Xanın (Xalq artisti Nurəddin Mehdixanlı) çıxardığı bəsit qərarlardan məmnunluğu ikiarvadlı kişinin, yaxud cavan oğlanla gözəl qızın ilk baxışdan yaranan məhəbbətini kölgədə qoyurdu.

 

Ah, bu müsyölər, dərvişlər!..

 

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı festivala Mirzə Fətəlinin "Hekayəti-müsyö Jordan həkimi-nəbatat dərviş Məstəli şah" komediyasını gətirmişdi. Teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi əsərlərə fərqli yozumu, yenilikçi yanaşması ölkənin teatr ictimaiyyəti üçün təzə bir olay deyil. Milli dramaturgiyamızın banisinin 200 illik yubileyi münasibətilə hazırlanmış tamaşa yaxın xaricdə dəfələrlə müvəffəqiyyətlə oynanıldıqdan sonra Mirzə Fətəlinin yurduna gətirilmişdi. Xalq artisti Məbud Məhərrəmovun, əməkdar artistlər Natalya Şarovskayanın, Səfa Mirzəhəsənovun, Fuad Osmanovun, teatrın gənc ulduzu Həcər Ağayevanın öz obrazını yaşamaq onu çatdırmaq qabiliyyəti, səhnədə başqalaşmaq məharəti bütün teatrallara bəllidir.

Lakin bu kollektivin çıxışını bütün digər kollektivlərdən fərqləndirən başlıca məqamı çatdırmaq istərdik: Rus Dram Teatrı tamaşanı yarışda qalib gəlmək istəyilə çempionluğa layiq çıxış göstərən komanda kimi təqdim etdi!.. Komediyanın əsl xalq komediyası kimi çatdırılması, müzikl janrında hazırlanması kimi sırf teatr özəlliklərini sadalamaq istəmirik. Tamaşa teatrın repertuarındadır. Əgər yumoru anlayan Axundzadəni çox sevən şəkililərin 15 (!) dəqiqə alqışladığı bu macəranı görmək istəyirsinizsə, teatrın afişasını izləyin.

 

Müqəssiri axtaraq, ya axtarmayaq?

 

Azərbaycan dramaturgiyasının daha bir nəhəngi Əbdürrəhim bəy Haqverdiyevin «Kimdir müqəssir komediyası Azərbaycan Dövlət Musiqili Teatrının təqdimatında festivalın bağlanış günü oynanıldı.

Bəlkə insanlığın özü qədər qədim bir sual olan insan cənnətdən nəyə görə - alma istəyən Həvvanın şıltaqlığı üzündən, yaxud Həvvanın xətrinə onun sözündən çıxmayan Adəmin üzüyumşaqlığı üzündən qovuldu sualı bu əsərin leytmotividir. Bütün tamaşa boyu ehtiyac içində çırpınan gənc ər-arvadın yaşam mücadiləsi qabardılır, Mahmudun (Hüseyn Əlili) bir qədər tənbəlliyi, Baharın (Gültac Əlili) da ərinə qarşı tələbkarlığı, bir qədər şıltaqlığı qazanclarına uyğun gəlməyən bədxərcliyi fonunda eyni mətləb bir neçə dəfə mübahisə mövzusuna çevrilir: insanın cənnətdən qovulmağında daha çox kim günahkardır? Əslində böyük dramaturq da bu fikri qabardır: insan daim nəfsi ilə çarpışmadadır bu savaşı uduzanlar nələrdənsə mütləq məhrum olurlar.

Qasım bəy rolunun ifaçısı Əməkdar artist Çingiz Əhmədovun öz mətninə duzlu əlavələri, onun rolunun çəkisinin rejissor tərəfindən bir qədər artırılması əsərin əsl komediya kimi təqdimatını gücləndirirdi. Mahir kamança ifaçısı Fəridə Məlikovanın səhnələri öz solo ifası ilə müşayiəti tamaşaya xüsusi şarm bəxş edirdi.

İradə Gözəlovanın kreativ rejissor təxəyyülünə bələd olsaq da, «Kimdir müqəssir tamaşası Musiqili Teatrın aktyorlarının potensialını göstərmək üçün düzgün seçim idi. Deməli, əsər güclü, rejissor da istedadlı yenilikdən qorxmayan olanda ciddi tamaşaçını güldürən komediyalar hazırlamaq mümkündür.

 

* * *

I Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı. Üç ölkənin 14 kollektivi 10 gün ərzində çıxış etdi, özünün ən yaxşı sandığı tamaşanı göstərdi. Festivalla bağlı isti-isti nələri demək olar?

...Festival göstərdi ki, biz bölgələrimizdə beynəlxalq səviyyəli tədbirlər keçirməkdən çəkinməməliyik. Soydaşlarımız hər yerdə hər zaman öz işgüzarlıqları ilə üzümüzü edirlər.

...Festival teatral şəkililərin zövqünü bir qədər cilaladı. İndən belə onlar doğma teatrdan daha maraqlı daha fərqli əsərlərin oynanılmasını tələb edəcəklər.

...Festival göstərdi ki, Şəki şəhərində mədəniyyət sahəsində çalışan işçilər öz çiyinlərini belə sanballı tədbirlərin altına verməkdən çəkinmirlər.

12 günlük ezamiyyətdən sonra Şəkidəki teatr festivalı barədə məndən bu qədər. Qalanını da teatrşünaslar yazsın. Hərçənd Şəki ilə bağlı söhbətlərimizin davamı olacaq.

 

Gülcahan Mirməmməd,

ŞəkiBakı

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 5.