Üzeyir Hacıbəyli beynəlxalq
musiqi festivalı davam edir
Heydər Əliyev Fondunun və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli
VI Beynəlxalq Musiqi Festivalı davam edir.
Sentyabrın 19-da festival çərçivəsində
Bakı Musiqi Akademiyasında bu tədris ocağının
tələbələri Fərid
Feyzullayev (violin), Lalə
Mürşidli (violonçel)
və Jalə Rəsulova (piano) konsert proqramı ilə çıxış ediblər.
Proqramda J.Brams, R.Şuman və L.Bethovenin əsərləri
səsləndirilib. Konsert tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb. Tələbələr Üzeyir Hacıbəyli musiqi festivalı haqqında fikirlərini bölüşərək ənənəvi
olaraq keçirilən
tədbirin gənc ifaçılar üçün
önəmli hadisə
olduğunu vurğulayıblar.
* * *
Festivalın həftəsonu proqramı
rəngarəng tədbirlərlə
yadda qalıb.
Sentyabrın 20-də P.İ.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasının
professoru, Rusiyanın Əməkdar artisti, Kseniya Knorre Qara Qarayev adına
Mərkəzi İncəsənət
Məktəbində ustad
dərsi keçib. Məktəbin direktoru Kamal
Paşazadə musiqiçini
təqdim edərək
onun haqqında məlumat verib. Bildirib ki, rusiyalı pianoçu və pedaqoq indiyədək bir sıra festivallarda
iştirak edib, Almaniya, İtaliya və digər ölkələrdə ustad
dərsləri verib.
Kseniya Knorre yenidən Bakıda olmağından məmnunluğunu bildirib.
Ustad dərsində Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin, L. və
M.Rostropoviçlər adına
21 nömrəli və
G.Şaroyev adına
35 nömrəli onbirillik
musiqi məktəblərinin
şagirdləri iştirak
ediblər.
Kamera və Orqan Musiqisi Zalında Almaniyanın “Arirang” nəfəs alətləri kvintetinin “Azərbaycana qayıdış”
adlı konserti olub. Öncə Almaniyanın ölkəmizdəki
səfiri xanım Haydrun Tempel çıxış edərək
kollektivin Üzeyir Hacıbəyli VI Beynəlxalq
Musiqi Festivalına dəvət olunmasına görə təşkilatçılara
minnətdarlığını ifadə edib. Konsertdə A.Zemlinski, V.A.Motsart, J.İber, A.Pyatsollanın, F.Qarayevin əsərləri səsləndirilib.
Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında
festivalın daha bir qonaq kollektivi
- Belarus Dövlət Kamera
Orkestri (bədii rəhbər və baş dirijor Yevgeni Buşkov) çıxış edib. Konsertin solistləri
Mariya Nadolnaya (violin) və Andrey Qlazenkovdur (bandoneon).
Axşam Opera və Balet Teatrı
Qara Qarayevin “Yeddi gözəl” baletini nümayiş etdirib. Tamaşanın dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu
baletmeysteri Estoniyanın
Əməkdar artisti,
UNESCO yanında beynəlxalq
rəqs şurasının
üzvü Vasili Medvedyevdir.
Sentyabrın 21-də
festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi
axşamı təşkil
olunub. Konsertdə Kseniya Knorre
(Moskva) və Riad Məmmədov (Azərbaycan) çıxış
ediblər.
Daha bir konsert Kamera və Orqan Musiqisi
Zalında təqdim olunub. Q.Qarayev adına Dövlət
Kamera Orkestrinin konsertinə latviyalı Andris Vecumnieks dirijorluq edib. Solistlər Fəridə Məmmədova
(soprano), İlham Nəzərov
(kontrtenor), Ucal Məmmədxan (zərb) və Natəvan Quliyeva (orqan) C.Perqolezinin “Stabat mater”, F.Əmirovun “Nizami” simfoniyası, F.Pulenkin “Orqan, simli orkestr
və zərb alətləri üçün
konsert”ini ifa ediblər.
Akademik Opera və
Balet Teatrında isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası
olub. Tamaşanın dirijoru Sevil
Hacıyeva, əsas partiyaların ifaçıları
Nəzakət Teymurova
(Leyli) və Mənsum İbrahimov (Məcnun) idi.
Beynəlxalq festivalda Süleyman
Ələsgərovun yubiley
gecəsi
Sentyabrın 22-də festival çərçivəsində
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli
bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı,
professor Süleyman Ələsgərovun
90 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
Gecədə bəstəkarın qanun
və xalq çalğı alətləri
orkestri üçün
“Poema”, saz və xalq çalğı
alətləri orkestri
üçün “Aşıqvari”,
Üzeyir Hacıbəyliyə
ithaf etdiyi “Eşq olsun sənətkara” əsərləri,
tar və xalq çalğı alətləri
orkestri üçün
2 nömrəli konserti,
fortepiano və violonçel
üçün ikili
konserti və “Bayatı-Şiraz” simfonik muğamı səsləndirilib.
Musiqi əsərlərini Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri
Orkestri (bədii rəhbər və baş dirijoru - Xalq artisti Ağaverdi
Paşayev) və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Rauf
Abdullayev) müşayiəti
ilə solistlər - Əməkdar artist Sahib Paşazadə,
beynəlxalq müsabiqələr
laureatları Fəqan
Həsənli, Murad İbrahimov, respublika müsabiqə laureatları
Natəvan Həsənova
və Xatirə Gülməmmədli ifa ediblər.
* * *
Sentyabrın 23-də Kamera və Orqan Musiqisi Zalında daha bir konsert olub. Konsertdə rusiyalı
orqan ifaçısı
Aleksandr Novosyolov və vokalçı
Lyudmila Trifonova (mezzo-soprano) çıxış ediblər.
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 3.