Türk
xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində
Festival çərçivəsində konfrans keçirilib
Sentyabrın 23-də
Bəstəkarlar İttifaqında VI Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
“Türk xalqlarının musiqisi ortaq dəyərlər
müstəvisində” mövzusunda konfrans keçirildi.
Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq 2009-cu ildən ölkəmizdə ənənəvi olaraq keçirilən festivalın əsl musiqi bayramına çevrildiyini bildirdi. Festival proqramının ilbəil zənginləşdiyini deyən F.Əlizadə vurğuladı ki, Üzeyir bəy təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Çünki bu əsərlər milli olduğu qədər də bəşəridir.
Sonra
söz konfrans iştirakçılarına verildi. AMEA-nın
müxbir üzvü, Əməkdar elm xadimi, professor Zemfira Səfərova
“Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının
musiqisi kontestində” mövzusunda məruzə ilə
çıxış etdi. Bildirdi ki, Səfiəddin Urməvi,
Əbdülqadir Marağayi kimi Şərqin nəhəng
musiqişünaslarının Azərbaycan mədəniyyətinə
və musiqisinə məxsusluğu, onların elmi irsinin
Üzeyir Hacıbəyli elmi irsi və nəzəri
konsepsiyaları ilə bağlılığı Azərbaycan
musiqisini uzun əsrlər boyu təkamül keçmiş
vahid proses kimi səciyyələndirir.
Macarıstandan
gəlmiş bəstəkar, ifaçı və
musiqişünas Şandor Sabo “Qədim macar Şərq
musiqisi haqqında araşdırmalar” mövzusunda
çıxış etdi. O, müasir macar muğamı üzərində
araşdırma aparan ilk musiqişünasdır. Qonaq əsrac
alətində musiqilər ifa etdi. Onun bəstələri milli
macar və Şərq musiqisinin sintezindən yaranıb.
Konfransda
AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova
“Türk xalqlarının musiqisində məqam paralellərinə
dair”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva “Bəzi
qədim türk melodiyaları və musiqi janrlarının
Yaxın Şərq xalqlarının ənənəvi
musiqisinə inteqrasiyası haqqında”, Əməkdar incəsənət
xadimi Kamilə Dadaşzadə “Oğuz türklərinin epik
musiqisinin konseptsferası”, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Cəmilə Həsənova
“Üzeyir Hacıbəylinin yaradıcılığında
türkçülük ideyaları” mövzusunda
çıxışlar etdilər.
Çıxışlarda
qeyd olundu ki, müasir dövrdə milli-mənəvi dəyərlərimizin
qorunması və dünyada təbliği baxımından
Ü.Hacıbəylinin yaradıcılıq irsi mühüm əhəmiyyət
kəsb edir. Böyük bəstəkar milli musiqi sənəti
qarşısında duran, zamanın irəli sürdüyü
zəruri problemləri dünya musiqi proseslərinin məcrasında
həll edərək Qərb və Şərq musiqisi
münasibətlərində yeni mərhələnin əsasını
qoyub.
Onun
yaradıcılığında, musiqi xadimi kimi fəaliyyətində
milli ənənələrə söykənən,
özünəməxsusluğu və səciyyəviliyi
saxlamaq şərti ilə yeni inkişaf səviyyəsinə
qalxmağa imkan verən Avropa mədəniyyətinin məqbul
formalarından faydalanmaq mövqeyi istiqamətverici xarakter
daşıyır. Dahi bəstəkarın məqalələrinin
birində yazdığı kimi: “Böyük bir qayeyi-əməl
vardır ki, o da Şərq musiqisini tərəqqi etdirib Qərb
musiqisinin bu gün işğal etməkdə olduğu uca mərtəbələrə
qədər irəliləməkdir”.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 24
sentyabr.- S. 3.