“Məna əhli ancaqGülüstandan gül dərər”

 

“Sədinin bir qapısından nemət daxil olur, o biri qapısından ehtiyacı olanlara paylanır”

 

Şərq ədəbiyyatının görkəmli nümayəndələrindən Nizami Gəncəvi, Əbülqasım Firdovsi, Ömər Xəyyam, Hafiz Şirazi və Məhəmməd Füzuli kimi əsərləri ilə dünya mədəniyyəti xəzinəsinə töhfələr verən görkəmli şairlərdən biri də Sədi Şirazidir. O, hələ sağlığında Yaxın və Orta Şərq xalqları arasında böyük şöhrət qazanıb.

 

Mənbələrdə əsl adı Müşərrəf ibn Müsləhəddin Abdulla kimi qeyd olunan Sədi Şirazi 1184-cü ildə İranın qədim mədəniyyət mərkəzi Şiraz şəhərində ruhani ailəsində anadan olub. Məşhur münəccim və böyük alim Qütbəddin Şirazi Sədinin dayısıdır. O, hələ kiçik yaşlarında ikən atası Müsləhəddin vəfat edir. Bu itki Sədiyə böyük təsir göstərir. Ona görə də “Bustan” və “Gülüstan” əsərlərində atasını təkrar-təkrar yada salıb, həmçinin xatirəsinə bir neçə təsirli şeir həsr edib.

Sədinin gənclik illəri monqol hücumları dövrünə təsadüf edib. Bütün Yaxın Şərq, o cümlədən şairin vətəni olan Şiraz işğal olunur. Bu səbəbdən o, yurdunu tərk edirBağdada gedir. Məşhur “Nizamiyyə” mədrəsəsində dövrünün böyük alimləri Əbu İshaq Şirazi, Əbülfərəc Əbdürrəhman ibn Cövzisonra Şəhabəddin Yəhya Söhrəvərdidən dərs alır. Ərəb dilinidövrün başqa elmlərini mükəmməl öyrənir. Coşqun təbli gənc müəllimlərinin təlimi və Bağdadın ab-havası ilə kifayətlənməyib Yaxın və Orta Şərq ölkələrini diyar-diyar dolaşmaq qərarına gəlir. Azərbaycan, Həbəşistan, Misir, Suriya, Fələstin, Hindistanı dolaşır. Məhz buna görə də bəzi mənbələrdə Sədi orta əsrin böyük səyyahı kimiqeyd olunur...

Sədi öz səyahətləri zamanı şeirlərini dərviş libasında oxuyub. Şeyxlərə, sufilərə qoşulub azadlıqsevərlərlə oturub-dururmuş. Bütün bunlar onun dünyagörüşündə böyük dəyişiklik yaradır. Şair xalqlar arasında mövcud olan əlaqələri, adət və ənənələri bütün dərinliyi ilə görüb və tanış olub. Yeri gəldikcə əsərlərində onlardan istifadə edib və hikmətli nəticələr çıxarıb. Səyahətlərinin birində Şərqdə davam edən səlib müharibələrində əsir düşüb, bir təsadüf nəticəsində ölümdən xilas olub. Vətənini intəhasız məhəbbətlə sevən, həmişə vətən həsrəti ilə yanan şair deyir: “Mən istərdim ki, Bəsrədə və ya Bağdadda qalım, lakin Rüknabad suyuŞiraz torpağı məni özünə tərəf çəkir”. Səyahətdən yorulan şair nəhayət XIII əsrin ortalarında Şiraza dönür. Artıq bu zaman monqol istilasının ağır, dağıdıcı hücumlarının qarşısı alınmışdı və Atabəy Əbubəkr Səd ibn Zəngi Şirazda hakimiyyət başında idi. O, monqol sərkərdələrinə bac-xərac verərək ölkəni və əhalini qətl və qarətdən xilas etdiyinə görə vətənpərvər şairin də rəğbətini qazanır. Buna görə də o, məşhur “Gülüstan” əsərini ona ithaf edib.

Mənbələrdə Sədinin ömrünün son günlərini guşənişin (tənha) keçirdiyi, Şirazın şimal-qərbində bir dağın ətəyindəki xanəgaha sığındığı bildirilir. Həmçinin yüz ildən artıq yaşadığı, 1291-ci ildə vəfat etdiyinə dair məlumatlar da var. Şairin vəfatından təqribən 30 il sonra əsərlərini Əli ibn Əhməd ibn Əbubəkr Bistun adlı bir ədəbiyyatşünas toplayıb nizama salıb. Onun tərtib etdiyiKülliyyat” 1791-ci ildə Hindistanın Kəlküttə şəhərində daş çapı ilə nəşr edilib. Sədinin ən qiymətli və şah əsəri olanGülüstan” və “Bustanona dünya şöhrəti qazandırır. Bu əsərlər yeddi əsrə yaxın bir müddətdə dünyanın bütün mədəni xalqlarının sevə-sevə oxuduğu kitablardır.

Sədi Şirazi şahların qəzəbindən, hökmdarların zülmündən qorxmayıb. Əsərlərində müstəbidlərə qarşı çıxıb, məzlumların tərəfini saxlayıb, ədaləti tərənnüm edib. Qəsidələri də əsasən şahlara və böyüklərə nəsihət və məsləhətdən ibarətdir. Onun şairlik şöhrətini eşidən böyük şəxsiyyətlər uzaq vilayətlərdən Sədini görməyə gəlir, çox qiymətli hədiyyələr və bəxşişlər gətirirlər. Ancaq o, dünya malı toplamır, əksinə, əlinə düşənləri ehtiyacı olanlara paylayır. Xalq arasında şair haqqında belə deyilib: “Sədinin bir qapısından nemət daxil olur, o biri qapısından ehtiyacı olanlara paylanır”.

Gülüstan” latın, ingilis, fransız, alman, ərəb, türk, rus və MDB ölkələri xalqlarının bir çoxunun dillərinə təkrar-təkrar tərcümə edilib. Təsadüfi deyil ki, məhz “Gülüstan” əsəri dünyada fars dilini öyrənmək istəyənlərin ilk dərs kitabı olub. Müəllif kitabda öz nəsihətlərini elə məharətlə oxuculara aşılayır ki, ondan həm hakim, həm məhkum, həm alim, həm cahil, həm də zahid ibrət dərsi götürə bilir. Buna görə də məşhur şairlər Əbdürrəhman CamiBaharistan”, Məcdəddin “Xaristan”, Qaani “Pərişan”, Sünbüli “Gəndistan” əsərlərini “Gülüstana nəzirə olaraq yazıblar. Hind şairi Həsən Dəhləvi “Gülüstan” əsəri haqqında demişdir: “Həsən Sədinin “Gülüstan”ından bir gül dərib gətirmişdir. Çünki məna əhli ancaq buGülüstandan gül dərər”. Sədi ilə yaxından dost olan Azərbaycan şairi Hümam Təbrizi də onun şairlik qüdrətini çox yüksək qiymətləndirib, özünə ustad hesab edib.

Gülüstan” əsərinin daha çox yayılması, müxtəlif dillərə təkrarən tərcümə edilməsinin əsas səbəbi, şübhəsiz ki, onun insanlar arasında sülhü, dostluğu və mütərəqqi fikirləri təbliğ etməsidir. Əsər yaxşı adamlara məhəbbət, bədniyyət insanlara nifrətlə doludur. Şair insanın zahiri görkəmini deyil, onun mənəviyyatını üstün tutur. Bildirir ki, paltar, mal, dövlət, vəzifə, rütbə insanlıq şərəfi deyildir. O, şahlara, sultanlara xatırladır ki, xalqına zülm etsən, xalq da səndən üz döndərər. Şahların rəiyyətə etdiyi balaca ədalətsizlik böyük fəlakətlərə səbəb olar. Şahlardan birisi Sədidən ona dua etməsini xahiş etdikdə o, deyib: “Öz xalqına qarşı ədalətli ol ki, düşməndən xilas olasan”. Onun fikrincə, “Öz ölkəsində xalqı ədalətlə idarə edən hökmdarın başqa ölkələri müharibə yolu ilə almağa ehtiyacı yoxdur”.

ŞairinBustan” və “Gülüstan” əsərlərinin bir çox nüsxələri Azərbaycan xəttatları tərəfindən nəfis surətdə köçürülüb, dilimizə tərcümə edilib. Təsadüfi deyil ki, XIX əsrin məşhur müəllim-şairi Seyid Əzim Şirvani böyük satirik Mirzə Ələkbər Sabirə dərs verərkən onun şairlik qüdrətini yoxlamaq üçün Sədinin şeirlərindən bədii tərcümə etməyi tapşırır. Tərcümənin dürüstlüyünə mükafat olaraq isə ona Nizaminin “Xəmsə”sini bağışlayır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 15.