Klassik operetta yeni təqdimatda

 

Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettası dünyanın bir çox teatrlarında, fərqli rejissorların təfsirində, müxtəlif aktyorların ifasında tamaşaya hazırlanıb və illər ötdükcə, nəsillər dəyişdikcə aktuallığı azalmayıb, musiqisi dəbdən düşməyib, hər zaman zirvədəki yerini qoruyub.

 

Azərbaycanda musiqili teatrın formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsər 1911-ci il aprelin 25-dən bu günədək səhnədədir və ölməz bəstəkarın ecazkar musiqisi 21-ci yüzillikdə də tamaşaçıları öz sehrində, cazibəsində saxlamaqdadır.

Əsərin teatr üçün fövqəladə əhəmiyyətini nəzərə alan Dövlət Musiqili Teatrı Xalq artisti Cənnət Səlimovanın bir müddət əvvəl quruluş verdiyi “O olmasın, bu olsuna yenidən müraciət edib. Musiqili komediya bu dəfə fərqli aktyor heyəti ilə tamaşaya qoyulur. Gənc Tamaşaçılar Teatrından dəvət olunmuş Əməkdar artist Şövqi Hüseynov Məşədi İbad, gənc vokalçı, Prezident təqaüdçüsü Amil Məmmədov Sərvər, Əməkdar artist Səidə Şərifəliyeva Gülnaz rolunda səhnəyə çıxacaq.

Tamaşanın məşq prosesində olduq. Aktyorların mizanlarını, obrazlar arasında dialoqlarını diqqətlə izləyən və nəhayət, istəyinə nail olan Cənnət xanım kiçik fasilə elan edir. Biz də fürsətdən yararlanıb aktyorlarla söhbət edirik.

İlk sualımıza Şövqi Hüseynov cavab verir.

- Siz Cənnət xanımın tələbəsi olmusunuz, institutu bitirdikdən sonra onun rəhbərlik etdiyi Kamera Teatrında işləmisiniz, ciddi obrazlar yaratmısınız. Musiqili Teatrda komik bir rol oynamaq təklifini qəbul edəndə nəyə güvəndiniz, müəlliminizin sizinlə bərabər olmasına, yoxsa?

- Əlbəttə, müəllimin, özü də Cənnət xanım kimi bir ustadın əlini kürəyində hiss etmək, onun yozumlarını yerinə yetirmək, inamını doğrultmaq, bəlkə də kiməsə rahat görünə bilər. Ancaq mənim üçün bu, ikiqat məsuliyyətdir. Çünki bu teatrda da, böyük ekranda da Məşədi İbad obrazını yaradan çox qüdrətli sənətkarlarımız olubonlardan sonra adama elə gəlir ki, nə isə demək qeyri-mümkündür. Ancaq mən düşünürəm ki, hər bir insanın, istər tamaşaçı olsun, istər aktyor, daxilində bu obrazın bir prototipi, bir yozumu, yanaşma bucağı var. Hətta Üzeyir bəy də gənclik illərində yazdığı bu əsərə 50 yaşından sonra tamaşa edəndə Məşədi İbad barədə tamam başqa fikirdə olub. Biz də Cənnət xanımla fərqli bir Məşədi İbad təqdim etməkdə qərarlıyıq və əminəm ki, həm mənə etimad göstərib bu teatra dəvət edən Musiqili Teatrın direktoru Əliqismət Lalayevin, həm də müəllimim Cənnət xanımın etimadını doğruldacağam. İnanıram ki, bu rol mənim 25 illik yaradıcılıq taleyimin yeni, yaddaqalan bir səhifəsi olacaq.

Amil Məmmədov sakitcə həmkarına qulaq asır və Şövqi Hüseynovun sözünə qüvvət verirmiş kimi, o da fikirlərini bizimlə bölüşür:

- İnanın ki, mən Şövqi müəllimdən daha çox həyəcanlıyam. Onun səhnədə zəngin rollar qalereyası ilə tamaşaçı rəğbəti qazanmış tərcümeyi-halı var. Mən isə ilk dəfə aktyor kimi qüvvəmi sınayacağam. Nə gizlədim, xəyalən özümü dəfələrlə səhnədə Sərvər, Əsgər rollarını oynayan təsəvvür etmişəm. Amma qismət bu günə imiş. Mən də teatrın rəhbərliyinə minnətdarlığımı bildirirəm, əlbəttə, onlar mənə inanmasaydılar, məni dəvət etməsəydilər, yəqin ki, elə bu arzu olaraq da qalacaqdı. Amma artıq səhnədəyəm və hiss edirəm ki, rejissor da, yaradıcı heyət də mənə daha çox diqqət göstərir, hər kəs mənə qayğı ilə yanaşır.

Cənnət xanım hər iki aktyorun işindən razı olduğunu bildirir, onların öz rollarına ciddi yanaşdıqlarını söyləyir və hər kəsi məşqə dəvət edən assistentinə baxıb “Bizi bağışlayın, fasilə bitdi, inşallah, tamaşadan sonra daha geniş söhbət etməyə vaxtımız olacaq”, - deyir.

Onu da qeyd edək ki, Cənnət Səlimova ilk dəfə bu tamaşaya quruluş verəndə Məşədi İbad rolunu Xalq artisti Hacıbaba Bağırov ifa edib. 2008-ci ildə tamaşa yenidən bərpa olunanda isə bu obrazı Ramiz Məmmədov oynayıb. Bu dəfə isə Məşədinin üç namizədi var. Əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqi Hüseynov. Bundan başqa, operettanın daha bir əsas qəhrəmanını - Gülnazı iki xanım ifaçı - Əməkdar artist Səidə Şərifəliyeva və aktrisa Gültac Əlili təqdim edəcək. Sənəm obrazının ifaçısı Əməkdar artist Nahidə Orucovanın da bu mövsümdə dublyoru var - gənc aktrisa Gülnarə Abdullayeva. Əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov İntelligent Həsəni, Əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəmi, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir və Səmədzadə Xasiyevlər Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar. Beləliklə, 105-ci mövsümdə tamaşaçıları maraqlı görüşlər gözləyir.

 

Ağca Muxtarova,

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 13.