Çılğın ehtirasların zərifliyi

 

Xalq artisti Şəfiqə Məmmədovanın üç rolu haqqında xatırlamalar

 

 Üçüncü xatırlama - Anjel

 

(Əvvəli qəzetin 17, 24 sentyabr saylarında)

 

Şəfiqə Məmmədova İlyas Əfəndiyev dramaturgiyası ilə iki il əvvəl, 1967-ci ildə «Mənim günahım» tamaşasında məşğul olmuşdu. Təəssüflər olsun ki, rejissor Əşrəf Quliyev ruhən İlyas Əfəndiyevin səhnə düşüncəsinə, onun dramaturgiyasının psixoloji dərinliyinə bələd deyildi. Buna görə də həmin pyesin səhnə taleyi uğursuz alındı. «Məhv olmuş gündəliklər» tamaşası isə teatrın yaradıcılıq həyatında hadisəyə çevrildi. Tamaşanın premyerası 29 noyabr 1969-cu ildə oldu.

İncəsənət İnstitutu teatrşünaslıq fakültəsinin dördüncü kurs tələbəsi, Hökümə Qurbanovanın qızı Vəfa Fətullayeva bu tamaşada Fəridə rolu ilə səhnə fəaliyyətinə başladı. Düzdür, Vəfa 10 yaşında, 1955-ci ildə anasının baş rolu - Hermionanı ifa etdiyi Şekspirin «Qış nağılı» pyesinin tamaşasında Mamili oğlan rolu ilə səhnəyə çıxmışdı. Bundan 14 il sonra o, səhnəyə peşəkar aktrisa kimi qədəm basdı. Bu aktrisaSavalan rolunda çıxış edən tələbə Fuad Poladov «Məhv olmuş gündəliklər» tamaşasının quruluşçu rejissoru Tofiq Kazımovun növbəti kəşfi idi.

«Məhv olmuş gündəliklər»in baş qəhrəmanı Fəridədir. Ancaq müəllif və rejissor elə müştərək işləmişdilər ki, Ədalət, Qənimət, SavalanAnjel də əsas və mürəkkəb personaj təsiri bağışlayırdılar.

Tamaşa Tofiq Kazımovun, rəssam Elçin Aslanovun, bəstəkar Cahangir Cahangirovunbitkin aktyor ansamblının parlaq sənət qələbəsinə çevrildi. «Məhv olmuş gündəliklər»də son dərəcə ecazkar aktyor ifalarından biri Şəfiqə Məmmədovaya məxsus idi. Aktrisa tamaşada Anjel rolunu ifa edirdi. Qüdrətli alim Yaşar Qarayev yazırdı ki, «Anjelin səhnədə həqiqi tipxarakter səviyyəsinə qalxan parlaq surətinin timsalında gənc aktrisa Şəfiqə Məmmədova da tamaşada, demək olar ki, tamamilə yeni bir baxımdan, ikinci dəfə kəşf olunmuşdur» («Kommunist» qəzeti, 28 yanvar 1970).

Əslində isə bu rol ikinci yox, dördüncü kəşf idi: Sona, Gertruda, Maşa obrazlarının ifasından sonra.

Tamaşada Fəridə, Savalan, Qənimət və Anjel obrazları Əfəndiyev dramaturgiyası üçün yeni lirik-psixoloji surətlər idi. Rejissor Tofiq Kazımov və aktyorlar dramaturqun bu yeniliyinə canlı dinamizm, təravətli məlahət, parlaq səhnə ömrü verdilər. Ayrılıqda hər obrazın özünün bədii keyfiyyətləri və hər ifaçının xüsusi aktyor nailiyyətləri vardı. Uzun illər anşlaqla göstərilən tamaşada Anjel surətinin də öz mürəkkəbliyi və bədii tutumu açıq-aydın görünürdü.

Konfliktin özəyində Ədalət obrazı dururdu. O, əliəyriliklə, riyakarlıqla müəyyən mənsəbə çatıb. Ancaq rəzilliyini, rüşvətxorluğunu, Fəridəyə səxavətlə xərclədiyi haram pullara necə sahib olduğunu ustalıqla gizlədir. Onun bir neçə maskası var və yerindən, məkanından, mövzudan asılı olaraq məharətlə həmin maskaları dəyişə bilir. «Əgər Savalan və Qənimət Ədalətin həqiqi simasını bir növ kor-təbii həssaslıqla duyurlarsa, Anjel onun necə yırtıcı olduğunu öz həyat faciəsindən bilir. O, çox çətin vəziyyətdədir: rəfiqəsi Fəridəni sevir, onun taleyindən nigarandır, eyni zamanda gənc ailənin daxili işinə qarışmaqdan, ehtiyatsız bir söz, ya hərəkətlə onun bəlkə də mümkün ola biləcək səadətini (axı qadir məhəbbət çoxlarını düz yola qaytarır!) pozmaqdan qorxur. Anjel nələr çəkmir, nə cür dözülməz hallara düşür, əzablarını gizlədib süni ədalarla gülməyə, çırpınmağa, özü-özü ilə daxilən çırpınmağa məcbur olur. Aktrisa Şəfiqə Məmmədova bu ruhi sarsıntıları məharətlə əks etdirironun yaratdığı surət tamaşanın müvəffəqiyyətli cəhətlərindən biridir» («Bakı» qəzeti, 29 dekabr 1969).

Tənqidçi Cəlal Məmmədovun bu fikri tamaşaya resenziya yazan bütün müəlliflərin məqalələrində xüsusi vurğulanırdı. «Məhv olmuş gündəliklər» tamaşası janr etibarilə lirik-psixoloji janrda hazırlanmışdı. Ancaq Şəfiqə xanım öz oyunu ilə psixoloji dramatizmə bir qədər romantik-fəci çalar da qatmışdı. «Tamaşada Anjel rolunun ifaçısı Şəfiqə Məmmədovanın oyunu diqqəti xüsusilə cəlb edir. O, bütün varlığı ilə teatra bağlı olduğunu bir daha sübut edir» («Azərbaycan gəncləri» qəzeti, 30 fevral 1970).

Təəssüflər olsun ki, elə günü bu günbütün varlığı ilə teatrı sevən Şəfiqə Məmmədova 37 yaşında səhnəni tərk etdi...

O, səhnədə də, kinoda da 13 il fəaliyyət göstərdi...

Çoxumuzun nəhs rəqəm kimi qəbul etdiyimiz 13 il Şəfiqə Məmmədova üçün çox düşərli olub.

İndi burada giley-güzar eləmək fikrim yoxdur. Mənə təskinlik verən odur ki, aktrisa bu 13 ildə kimlərinsə 30, 40, 50 ildə qazandığı şöhrətdən daha çox tamaşaçı rəğbəti, məhəbbəti, sevgisi, ehtiramı qazandı.

Qazanıb qüdrətli sənətkar zirvəsinə qalxdı.

Qüdrətli sənətkar zirvəsinə yüksəlib milli teatr tariximizdə özünün əbədi sənət salnaməsini yaratdı...

Qayıdıram Anjel obrazına. Tənqidçi Məsud Əlioğlu yazır ki, «aktyorluq sənəti, surəti tam dürüstlüyü və fərdi xüsusiyyətləri ilə canlandırmaq baxımından Şəfiqə Məmmədovanın əməyini ayrıca qiymətləndirmək lazımdır. Kamilləşməyə doğru sürətlə inkişaf edən bu orijinal istedadın imkanları xeyli vüsətlidir. Dolaşıq və iztirablı bir ömür yolu keçən, səmimi duyğuları, saf qəlbi, xeyirxah, nəcib əməlləri müqabilində həyatdan və mühitdən ağır, dözülməz zərbələr alan Anjel Şəfiqə Məmmədovanın ifasında nə qədər təsirli, yapışıqlıdır. Aktrisa qəhrəmanının surətini canlandırarkən bir-birindən təsirli, əlvan cizgilər tapmış, Anjelin ziddiyyətli təbiətini bütün reallığı ilə nümayiş etdirmişdir» («Ədəbiyyat və incəsənət» qəzeti, 27 dekabr 1969).

Bu sətirləri sitat gətirəndə, xüsusən «bütün reallığı ilə» ifadəsini köçürəndə bir olayı xatırladım.

«Məhv olmuş gündəliklər» artıq 30 dəfədən çox oynanılmışdı. Hər dəfə də tamaşaçı ilə dolu salonla. Məlik Dadaşov daha Ədalət rolunda çıxış etmirdi. Bu rolu yalnız Kamal Xudaverdiyev oynayırdı. Fəridə (Vəfa Fətullayeva), Qənimət (Səməndər Rzayev), Savalan (Fuad Poladov), Gövhər ana (Ofeliya Məmmədzadə) obrazlarının roldaşı yox idi. Ümumiyyətlə, Tofiq Kazımov roldaşla işləməyi xoşlamırdı. Növbəti tamaşa gedirdi. Aktyorlar adətən üzü salona duranda səhnənin sağ tərəfində öz çıxışlarını gözləyirlər. Gediş-gəliş də o dəhlizdəndir. Səhnəyə keçən kimi solda tamaşanı idarə edən rejissor assistentinin köşkü var. Mən azı on dəfə gördüyüm tamaşaya növbəti dəfə həmin köşkün yanında ayaq üstə dayanıb baxırdım.

Səhnədə ikinci pərdədə Ədalətlə Anjelin səhnəsi gedirdi. Həmin epizodda gərginlik get-gedə artır və Ədalət riyakarlıqla öz oğlundan imtina edir. Dialoq davam edir.

Anjel. Axı, sən bilirsən ki, biz tanış olanda mən bakirə qız idim. Mənim on səkkiz yaşım hələ tamam olmamışdı.

Ədalət. Mən heç nə bilmirəm və sən də mənə heçsübut eləyə bilməzsən.

Anjel. Sən əsəbiləşdiyin üçün bu cür danışırsan... yoxsa, elə belə düşünürsən?

Ədalət. İndi ki sən yaxşı sözü eşitmirsən, mənim mövqeyimi nəzərə almırsan, o zaman mənim də ixtiyarım var istədiyim kimi düşünüm...

Anjel. Amma əslində uşağın atası olduğunu inkar eləmirsən?

Ədalət. Lazım gələrsə inkar eləyə bilərəm və hamı da mənə inanar.

Anjel. Burda səninlə məndən başqa ayrı adam yoxdur. Xahiş edirəm, bir sualıma düzgün cavab verəsən.

Ədalət. Buyur.

Anjel. Sən keçən dəfə Moskvada gördün ki, o sənə nə qədər oxşayır. Necə qəşəng uşaqdır!..

Ədalət. Sonra?

Anjel. İndi sən özündə ona qarşı az da olsa atalıq duyğusu hiss etmirsən?

Ədalət. (tərəddüdlə) Yox.

Anjel. Heç?

Ədalət. Heç!

Anjel. Bu üç ildə o bir dəfə də olsun sənin yadına düşməyib?

Ədalət. Yox.

Anjel. (alma ilə dolu vazanın yanından şiş bıçağı götürərək) Mən and içmişəm ki, əgər sən uşağı öz familiyana yazdırmağa razı olmasan bu bıçağı sancım düz ürəyinin başına, lakin bu etirafından sonra sənin ölüb-ölməməyin nə mənə lazımdır, nə də oğluma (bıçağı yerinə qoyur) Gedə bilərsən.

Ədalət. Bəlkə... bir kömək-zad...

Anjel. Gedə bilərsən!

Ədalət. Bəlkə... bir az pul...

Anjel. (qışqırır) Rədd ol!”.

Müəllif remarkasında belədir ki, Ədalət çıxır, Fəridə siqaret yandırıb o biri otağa keçir. Səhnə qaranlıqlaşır. Bir az sonra qapının zəngi çalınır və Fəridə gəlir.

Tamaşada Ədalət çıxanda Anjel - Şəfiqə Məmmədova hıçqırdı. Bir anın içərisində hıçqırtı hönkürtüyə çevrildi. Aktrisa hönkürə-hönkürə səhnədən çıxdı və elə o vəziyyətdə mənim yanımdan keçib hönkürtüsünü dəhlizdə davam etdirdi. Onu güclə sakitləşdirdilər. Aktrisanın bu vəziyyətinə görə Fəridənin səhnəyə çıxışı gecikdi.

Məncə, bu kiçik xatırlama Şəfiqə xanımın emosional çılğınlığına, həssas qəlbinə, həzin kövrəkliyinə və ən əsası, səhnə obrazı ilə heyranlıqla, məftunluqla yaşamasına görə əsl nümunədir...

Bir daha geri qayıdaq və baxıb görək Anjel kimdir?

İlyas Əfəndiyevin zəngin qadın personajları içərisində xarakter, məslək və obrazın dramatik inkişaf xəttinin ziddiyyətləri baxımından Anjelə bənzər surət yoxdur. O, vaxtilə Ədalətlə vətəndaş izdivacına girib, ondan oğlu var. Ədalət onu atıb, oğlundan imtina edib. Anjel bir müddət xaricdə yaşayıb. Onda vətən sevgisi, doğma torpağa məhəbbət duyğusu, ölkəsinin tarixinə ehtiram duyğusu demək olar ki, hiss olunmur. Daxilən azaddır, cəmiyyətdə sərbəst, yeri gələndə açıq-saçıq davranmaqdan çəkinmir.

Bir müddətdən sonra o, Vətənə dönür. Uşaqlıq rəfiqəsi Fəridə ilə görüşür. O Fəridə ki, Ədaləti ülvi məhəbbətlə sevir, onun riyakarlığından bixəbərdir və özünü xoşbəxt sayır. Anjel Fəridənin tələbə dostları Savalanla (Fuad Poladov), Qənimətlə (Səməndər Rzayev) tanış olur. Bu qeyrətli, vətənpərvər, səmimi insanlar onda yeni-yeni insani duyğular oyadır. Anjel Vətənin tarixi ilə maraqlanır, Savalanın Cənubi Azərbaycanda dağ olduğunu öyrənir və tədricən onun qəlbində ülvi duyğular baş qaldırır. Anjel Fəridəni səmimi ürəkdən sevir, lakin onun Ədalətin ailəsində gec-tez riyakarlıqla üzləşəcəyini, psixoloji sarsıntılar keçirəcəyini bilir. Buna görə də özü psixoloji tərəddüdlər içində çırpınır və nəhayətdə əsl həqiqəti, Ədalətin üzünü Fəridəyə açır. Rəfiqəsinin ziyanın yarısından qayıtmasını daha düzgün sayır.

Göründüyü kimi, Anjel daxilən mürəkkəb, xaraktercə çox dinamik və çoxçalarlı obrazdır. Belə obrazlar Şəfiqənin aktyor enerjisinə, çılğın ehtirasına, səhnə plastikasının dinamikasına çox uyğun gəlir. Aktrisa məlahətli oyunu ilə bu uyğunluğa səmimiyyət donu biçdi. Aktrisanın səhnəyə hər gəlişi sanki epizoda mütəhərrik enerji verirdi, ritmi sürətləndirirdi, hadisələrdə coşqunluq, xarakterik psixoloji gərginlik, sərt dönüşlü dramatizm yaranırdı.

Şəfiqə Məmmədova Ədalət rolunda həm Məlik Dadaşovla, həm də Kamal Xudaverdiyevlə yöndaş oldu. Düzdür, Məlik Dadaşov Ədalət rolunu az oynadı, ancaq kifayət qədər bitkin obraz yaratdı. Məliyin Ədaləti daha sərt, xarakterinin ziddiyyətli olduğu hiss edilən, riyakarlığını tam gizlətməyi bacarmayan tip idi. Buna görə də Şəfiqə Məmmədova Anjeli daha sərt cizgilərlə, bir qədər uca səs çaları ilə oynayırdı. O, qarşısındakının mənəvi yırtıcı olduğu yaxşı bilirdi, psixoloji maskalarının çoxluğundan xəbərdardı. Bilir ki, Ədalət (Məlik Dadaşov) istədiyi məqamda ona zidd gedənləri məhv edə, alçalda, təhqirə məruz qoya bilər. Belə oyun ritmində Şəfiqə xanımın Anjeli daim rahatsızdır, həqiqətin tam açılması üçün yüz ölçüb bir biçməyi üstün tutur, daxilən güclü sarsıntı və tərəddüd keçirir. Son anda onun Fəridəyə sədaqəti qalib gəlir və Anjel Ədalətin maskalarını cəsarətlə, amansız sərtliklə və mərdanə qətiyyətlə yırtır.

Kamal Xudaverdiyev zahirən səmimi, çox xoşagəlimli, mehriban Ədalət oynayırdı. Yaş baxımından onun Ədaləti Fəridənin ruhuna və ideallarına daha yaxın idi. Ədalət Fəridə və onun dostları Savalanla, Qənimətlə, qaynanası Gövhər xanımla müxtəlif psixoloji ritmlərdə davranır. Daxili riyakarlığını, məhəbbətinin saxtalığını məharətlə gizlədir. Buna görə Şəfiqə xanım ifasının sürət-ritmini, obrazın daxili ahəngini ikinci, üçüncü, hətta bəzən dördüncü planda emosional dəqiqliklə, psixoloji dürüstlüklə oynayırdı. Anjel ovunun pusqusuna durmuş pələngə bənzəyir, ancaq o, zavallı ovunu yox, yırtıcı, miskin şikarını parçalamaq üçün məqam axtarır. Düşünür, daşınır, mənəviyyatında mürgü vuran vətənpərvərlik, sədaqət duyğuları baş qaldırdıqca Anjel daxilən mətinləşir, qətiyyətli olmağı, özünə, dostlarına inamını doğrultmağı bacarır. Ədalət - Anjel səhnələrində Şəfiqə xanım lirik-psixoloji oyun ahənginə dramatik sərtlik qatırdı. Obrazın mənəvi inkişafı tamaşaçıların gözləri qarşısında mərhələ-mərhələ açılırdı.

Anjel Fəridəgildə Ədalətlə üzləşəndə hələ onun keçmişini açmaq fikrində tərəddüd göstərir. Fikirləşir ki, bəlkə Ədalət mənən dəyişib. Lakin Ədalət oğlundan tam imtina edəndə Anjel onun üzünü açmağa israrlı olur. Belə psixoloji dönüşləri reallaşdırmaq üçün aktrisa lirik psixologizmin incəliklərindən ustalıqla bəhrələnirdi. Beləliklə tamaşaçılar bir tamaşada nisbətən fərqli Anjellə rastlaşırdılar. Ümumiyyətlə, Şəfiqə Məmmədova yöndaşlarının səhnədəki ritm ahəngini, oyun prinsipinin mahiyyətini dəqiqliklə tutmağı bacarırdı. «Canlı meyit»də iki Protasovla (Mehdi Məmmədov və Əli Zeynalov), «Xəyyam»da iki Xəyyamla (Mehdi Məmmədov və Həsən Turabov) oyununda aktrisanın daxili zənginliyi, ifadə vasitələrinin nəhayətsizliyi daha qabarıq tərzdə nəzərə çarpırdı.

Hər iki Ədalətlə aktrisa öz obrazını «çox dəqiq oynayırdı. Səhnədə görünən kimi gözəlliyi, cazibədarlığı, qadın məlahəti ilə hamını heyran qoyur. Adama elə gəlir ki, bu qadın qayğısızdır» («Bakinski raboçi» qəzeti, 6 yanvar 1970). Ancaq hadisələrin inkişafında bu duyğu tez ötüşür. Tamaşaçılar hiss edirlər ki, bu gözəlliyin, bu lətafətin, bu açıq-saçıqlığın arxasında rahatsız, nigaran qəlb çırpıntısı, həyatı qayğılı tale var.

Pyesdə və tamaşada səhnə iki təzad üzərində qurulmuşdubu əkslik tamaşanın psixoloji lirizmini dramatik gərginliyə kökləyirdi. Şən, qaynar təbiətli Anjel özü ilə səhnəyə, hadisələrə bir rahatsızlıq gətirir, intizarı tarıma çəkirdi. Onun psixoloji durumu digər ifaçılara da sirayət edirdi, obrazlarda daxili monoloq güclənirdi və bununla aktyorların pauzalarla oynaya bilmək bacarıqları sanki sınağa çəkilirdi.

Hadisələrin gərginliyi kulminasiya nöqtəsinə doğru getdikcə Şəfiqə xanım hissləri tarıma çəkilən Anjelin daxili tarazlığını daha da gərginləşdirirdi. Tamaşaçılar da nigaran qalırdılar. Anjel sanki nazik ip üzərində hərəkət edir, görəsən, yıxılacaq, yoxsa mənəvi tarazlığını saxlayıb Fəridənin xoşbəxtliyi naminə həqiqəti söyləyəcək? Aktrisa bu intizarı elə dolğunluqla, elə həzinliklə, elə psixoloji dürüstlüklə oynayırdı ki, onun sənətkarlığına heyran qalmamaq mümkün deyildi.

Anjelin ifasında aktrisanın səhnə plastikasındakı zəriflik məftunedici idi. Həlim və sərt, lirikdramatik xarakterli hərəkətlərində qəribə musiqili ahəngdarlıq vardı. Sanki Şəfiqə xanımın hərəkətləri, quş qanadı kimi çırpınan qolları həzin, kövrək, dərdli, qəmli, amma sabaha inamlı nəğmə oxuyurdu. Ən əsası isə o idi ki, aktrisanın zərifliyi və musiqili plastikası gözəllik xatirinə edilmirdi, bütün detallar xırdalıqlarına kimi obrazın psixoloji dərinliyinin açılmasına, Anjelin xarakterinin mürəkkəb dolğunluğunun tamlığına xidmət edirdi. Şəfiqə xanım Anjelin uzun illər maskalı qalmış acı həqiqətin dəhşətini daxili haraylı, içinə axan göz yaşları ilə açırdı. Maraqlı bir də orası idi ki, bu psixoloji təqdimatla aktrisa Anjelin özü üçün tamam yeni həyata mənəvi-əxlaqi qapı açdığına həssaslıqla işarə vururdu.

Tamaşanın quruluşçu rejissoru Tofiq Kazımovun düzgün səhnə təfsiri, Şəfiqə xanımın ifadəli oyunu Fəridənin səhvinin sadəlövhlükdən, təcrübəsizlikdən, insanlara inamından irəli gəldiyini təsdiqləyirdi. Onun çəkdiyi mənəvi-psixoloji cəza ürəkləri göynətsə də, Fəridənin xoşbəxt sabahına inam oyadırdı.

Bu inamın ilk işartıları Anjelin qətiyyətindən süzülüb gəlirdi.

Həmin qətiyyətə bizi inandıran isə Şəfiqə Məmmədovanın əsrarəngiz füsunkarlıqla baxılan sehrli oyunu idi.

 

İlham Rəhimli

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 10-11.