Yubiley sərgisinə 17 ölkədən 147 şirkət qatılıb

 

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri - 20-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi («BIHE -2014») işə başlayıb.

 

Yubiley sərgisinin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, ötən müddət ərzində bu tədbirlər dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, klinika rəhbərləri, təcrübə keçən həkimlər və tibb sənayesində çalışan mütəxəssislərin mühüm görüş yerinə çevrilib. Builki sərgidə 17 ölkədən 147 şirkət iştirak edir. İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov vurğulayıb ki, bu sərgilər iqtisadi sahədə əldə edilən nailiyyətləri əks etdirir.

Qeyd edək ki, «BIHE» sərgisi Azərbaycanın Səhiyyə Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində «Iteca Caspian» və onun tərəfdaşı «ITE Group Plc» şirkətləri çıxış edirlər. Tədbir Dünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanına layiq görülüb.

Sərgidə ardıcıl olaraq ikinci ildir ki, Dünya Tibbi Turizm Şurasının («Global Healthcare Travel Council») və Türkiyə Tibbi Turizm Şurasının dəstəyi ilə «Tibbi turizm» adlı yeni sektor inkişaf etdirilir. Bu il sərgidə xarici ölkələrdə tibbi xidmətlər təklif edən doqquz beynəlxalq klinika və mərkəz, eləcə də iki turizm agentliyi iştirak edir.

«BIHE» sərgisinə paralel olaraq iki tədbir - 9-cu Azərbaycan Beynəlxalq «Stomatologiya» («Stomatology Azerbaijan 2014») və 8-ci Azərbaycan Beynəlxalq «Gözəllik və Estetik Tibb» («Beauty Azerbaijan 2014») sərgiləri də keçirilir. Hər üç sərgi sentyabrın 27-dək davam edəcək.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 8.