“Çalışırıq
ki, Avropa Oyunlarında ölkəmizə daha çox insan səfər
etsin”
Aydın İsmiyev: «Turizm haqqında» yeni qanunda beynəlxalq turizm bazarına daha operativ inteqrasiya üçün bir çox məsələlər əksini tapacaq»
2014-cü il bir
çox xüsusiyyətlərinə görə Azərbaycanın
turizm sektorunun təmsilçiləri üçün əlamətdardır.
Bu il Azərbaycanda turizmin inkişafına dair 2010-2014-cü
illəri əhatə edən Dövlət Proqramı başa
çatır. Eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək
I Avropa Oyunlarına hazırlığın qızğın mərhələsidir.
Bu mötəbər tədbirə
hazırlıqla bağlı turizm obyektlərində mövcud
vəziyyət, ümumilikdə ölkəmizdə bu sahənin
inkişaf səviyyəsi və digər mövzularda
suallarımızı Mədəniyyət və Turizm Nazirliyi
Turizm şöbəsinin müdiri Aydın İsmiyev
cavablandırır:
- Aydın müəllim, yay turizm mövsümü başa çatıb. Dünya Turizm Təşkilatının açıqladığı nəticələrə görə, bu il dünya turizmində 4,6 faiz artım var. Azərbaycanla bağlı nə demək olar, proqnozlar özünü doğrultdumu?
- Hər il olduğu kimi, bu il də həm ölkəmizə gələn xarici turistlərin, həm də ölkə daxilində istirahət edən yerli turistlərin sayında artım müşahidə olunub. Bu tendensiya son 4-5 ildir davam edir. Əgər 4 il əvvəl Azərbaycanın regionlarında yay mövsümündə 100-150 min nəfər insan dincəlirdisə, hazırda bu rəqəm 500 min təşkil edir. Eyni zamanda müxtəlif ölkələrə çarter reysləri açılır, yeni istiqamətlər müəyyənləşdirilir, xaricə turist səfərlərin coğrafiyası genişlənir.
Monitorinqlərin nəticələrini müsbət qiymətləndirmək olar
- Nazirlik tərəfindən mütəmadi olaraq hər il turizm obyektlərinin monitorinqi keçirilir. Builki monitorinqlərin nəticələri necədir?
- Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il bölgələr üzrə monitorinqlər keçirilir. Bu il monitorinqlərin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələdə Bakı-Abşeron bölgəsində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinqlər keçirildi. Burada əsas məqsədimiz 2015-ci ildə Bakı keçiriləcək I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması idi. İkinci mərhələdə monitorinqlər iyunun 23-dən iyulun 22-dək respublikanın digər regionlarında aparıldı. Üçüncü mərhələ isə oktyabrın 15-dən noyabrın 13-dək Bakı-Abşeron bölgəsində davam etdiriləcək.
Ümumiyyətlə, nəticələri
müsbət qiymətləndirmək olar. Amma təbii ki, müəyyən
neqativ hallar da var. Belə hallardan birincisi, bəzi
mehmanxanaların lisenziyasız fəaliyyət göstərməsi,
təqdim olunan xidmətlərin lazımi səviyyədə
olmamasıdır. Baxmayaraq ki, nazirlik Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə hər il
Bakıda və regionlarda mehmanxana əməkdaşları
üçün müxtəlif istiqamətlərdə
treninq-kurslar təşkil edir, vəziyyət hələ
qaneedici deyil. Xüsusilə regionlarda yerləşən
mehmanxanalarda problemlər mövcuddur. Bunun
da əsas səbəbi onların işçiləri
mövsümi olaraq işə götürməsidir. Bölgələrimizdəki turizm obyektləri
maksimum üç ay fəaliyyət göstərir. Digər vaxtlarda onların əksəriyyəti
bağlanır. Bununla əlaqədar
işçilər də gedib başqa sahələrdə
çalışırlar. İldə cəmi
üç ay işçilərin mehmanxanalarda fəaliyyət
göstərməsi ilə, təbii ki, yüksək səviyyəli
peşəkar xidmətin təmin edilməsi mümkün
deyil.
- Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən mehmanxanalara ulduz dərəcəsi
verilir, bəzən hansısa hoteldə ulduz dərəcəsi
aşağı salınır. Bu prosedur
hansı qaydalarla tənzimlənir?
- 2015-ci
ildə paytaxtımızda keçiriləcək I Avropa
Oyunları ilə əlaqədar mehmanxanaların fəaliyyətinin
ciddi yoxlanması gündəmdədir. Qanunvericilikdə
mehmanxananın ulduz dərəcəsi alması məcburi
deyil. Əgər sahibkar öz
mehmanxanasına ulduz dərəcəsinin verilməsini istəyirsə,
nazirliyə müraciət edir. Nazirliyin
müvafiq komissiyası tərəfindən həmin turizm obyektinə
baxış keçirilir və ulduzu müəyyən edilir.
Hazırda bununla bağlı yeni sistem tətbiq
edilir və çox qısa müddətdə müraciət
edən mehmanxanaya baxış keçirilir, tələb olunan
meyarlara uyğun gəlirsə, ona müvafiq ulduz dərəcəsi
verilir.
Səfərlərin
turizm şirkətləri vasitəsilə təşkili daha təminatlıdır
- Son
vaxtlar belə bir fikir formalaşıb ki, bronlaşma turistlə
mehmanxana arasında onlayn sistemlər vasitəsilə həyata
keçirildiyinə görə turizm şirkətlərinin fəaliyyətinə
o qədər ehtiyac qalmayıb. Siz bu yanaşmaya
necə baxırsınız?
-
Bütün dünyada bu xidmət mövcuddur. Turistlər,
qeyd etdiyiniz kimi, internet üzərindən gedəcəyi
ölkəni, qalacağı mehmanxananı seçir. Amma burada bir fakt da var ki, turizm şirkətləri təkcə
mehmanxanaları bronlaşdırmaqla məşğul deyil.
Müxtəlif səfərlərin təşkili,
ekskursiya proqramlarının həyata keçirilməsi və
digər işlər var ki, bunları turizm şirkətləri
görür. Ona görə də turizm
şirkətlərinin fəaliyyətinə ehtiyac yoxdur demək,
fikrimizcə, düzgün deyil.
- Həm
də birbaşa anlaşma zamanı turist
qarşılaşdığı neqativ hallarla bağlı
müraciət etməyə bir instansiya tapa bilmir...
-
Doğrudur. Onlayn sistem vasitəsilə
bronlaşdıranda turist ona vəd edilən xidməti görməyəndə
heç kəsə müraciət edə bilməz. Çünki hotellə müqaviləsi yoxdur. Amma bronlaşma turizm şirkəti vasitəsilə həyata
keçirildikdə, müştəri şirkətlə
müqavilə bağlayır. Turizm
şirkəti müqavilədə nəzərdə tutulan
şərtləri yerinə yetirməyəndə, turist məhkəmə
yolu ilə də olsa, ödədiyi vəsaiti geri ala bilir.
Ona görə də səfərlərin turizm şirkətləri
vasitəsilə təşkili daha təminatlıdır.
- Turizm
şirkətləri xarici səfərlər zamanı
müştərilərinə vəd etdiyi xidmətləri
göstərmədikdə nazirlik hansı tədbirləri
görür?
- Bizə
belə neqativ hallarla əlaqədar bir çox şikayətlər
daxil olur. Hesab edirəm ki, bu, yaxşı hal
deyil və Mədəniyyət və Turizm Nazirliyi həmin
şirkətlər barədə müvafiq tədbirlər
görəcək. Bir neçə dəfə
xəbərdarlıq etdikdən sonra, düşünürəm
ki, bu şirkətlərin lisenziyasını dayandırmaq
lazımdır. Turizm bazarındakı
mövcud vəziyyəti stabilləşdirmək vacibdir.
Hazırda ölkədə 240 turizm şirkəti
fəaliyyət göstərir. Təbii ki,
bu şirkətlərin hamısı eyni cür işləyə
bilməz. Onlar sənədlərini
hazırlayıb təqdim edirlər, biz də yoxlayıb
görürük ki, hər şey qaydasındadır. Bundan sonra lisenziya veririk. Şirkətlərin
sonrakı fəaliyyəti artıq onların özlərindən
asılıdır. Elə şirkətlər
var ki, işini normal qura bilmir, bazarda rəqabətə davam gətirmir.
Çünki bazar özü onların fəaliyyətini
tənzimləyir.
-
Mehmanxanalarla turizm şirkətlərinin anlaşması məsələsi
necə, həllini tapıbmı? Bir mütəxəssis
olaraq nə kimi tövsiyələriniz var?
- Nazirlik
bu məsələ ilə əlaqədar zaman-zaman həm
mehmanxanalara, həm də turizm şirkətlərinə
müraciət edir. Azərbaycan Turizm
Assosiasiyasına da onlarla daha fəal işləməklə
bağlı tövsiyələr veririk. Hesab
edirəm ki, get-gedə bu problem həll olunur. Artıq mehmanxanalar və turizm şirkətləri
özləri də anlaşmağa çalışırlar.
Turizm özəl sektor olduğuna görə
nazirlik onlara belə işlərdə təzyiq edə bilməz.
Azərbaycan Turizm Assosiasiyası çərçivəsində
onlar özləri problemlərini həll etməlidirlər.
Dövlət
Proqramının bütün bəndlərinin icrası təmin
olunub
- Bu il Azərbaycanda turizmin inkişafına dair
Dövlət Proqramının sonuncu mərhələsidir. Proqramda nəzərdə tutulan işlərin
icrası ilə bağlı vəziyyət necədir? Yeni Dövlət Proqramı qəbul olunacaqmı?
-
2010-2014-cü illəri əhatə edən Dövlət
Proqramına əsasən ölkəmizdə müvafiq turizm
infrastrukturunun yaradılması, yeni turizm
marşrutlarının açılması, Azərbaycanın
turizm imkanlarının beynəlxalq aləmdə təbliği
və s. vəzifələrin icrası nəzərdə
tutulurdu. Nazirlik tərəfindən Dövlət
Proqramının bütün bəndlərinin icrası əsasən
təmin olunub. Amma elə bəndlər də
var ki, onların tam şəkildə həyata keçirilməsi
üçün müəyyən vaxt lazımdır və
növbəti proqrama daxil edilməsi nəzərdə tutulur.
Yeni proqrama gəlincə, hazırda Azərbaycanın
turizm strategiyasını hazırlayırıq. Növbəti illər üçün Dövlət
Proqramı üzərində də işlərə
başlanılıb. Hansı sənəd
qəbul olunsa, təbii ki, onun icrası istiqamətində də
işlər davam etdiriləcək.
- «Turizm haqqında» yeni qanun layihəsi hansı mərhələdədir?
- «Turizm haqqında» əvvəlki qanun 1999-cu ildə qəbul
olunub. Dünyada turizmin inkişaf tendensiyası elədir
ki, beynəlxalq turizm bazarına daha operativ və daha geniş,
yüksək səviyyədə inteqrasiya olunmaq, standartlara
uyğun turizm xidmətini təşkil etmək, ölkənin
turizm potensialını daha geniş təbliği baxımından
yeni qanuna ehtiyac var. Yeni qanun layihəsi artıq
hazırdır. Amma müəyyən
prosedurlardan keçməlidir. Yeni qanun bizə
imkan verəcək ki, daha geniş vasitələri işə
salaq. Bu nə üçündür?
Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi,
yerləşdirmə obyektlərinin sayının
artırılması, Mədəniyyət və Turizm Nazirliyi
olaraq, mədəniyyət obyektlərinin turizm nümayiş
obyekti kimi istifadə olunmasının təşkili, yeni ərazilərin
seçilməsi, regionlarda turizmin inkişafı, mövcud
potensiala uyğun olaraq, turizmin müxtəlif növlərinin
inkişafı baxımından yeni qanunun hazırlanması bizə
əlavə imkanlar verəcək. Qanunda beynəlxalq normalar,
bu çərçivədə dövlətin Mədəniyyət
və Turizm Nazirliyi qarşısında qoyduğu
tapşırıqlar, eyni zamanda beynəlxalq turizm bazarına
inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin
tənzimlənməsi kimi məsələlər əksini
tapacaq.
-
Qarşıdan I Avropa Oyunları gəlir. Qonaqları
yerləşdirmək üçün yer problemi olmayacaq ki?
- Yerləşdirmə
yerlərimiz kifayət qədər var. Mədəniyyət və
Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə
mehmanxanalara baxış keçirir, təhlükəsizlik məsələləri
diqqətlə yoxlanılır. Monitorinqlər
zamanı da bu məsələləri diqqətdə
saxlayırıq. Təbii ki,
idmançılarla birlikdə onların ailələri də
ölkəmizə gələcək. Biz
yeni marşrutlar üzərində işləyirik, şəhər
turları hazırlanır. Xidmət səviyyəsinin
yüksəldilməsi istiqamətində də tədbirlər
həyata keçirilir. Nazirlik olaraq
iştirak etdiyimiz beynəlxalq turizm sərgilərində də
bu tədbiri təbliğ edirik. Çalışırıq
oyunları izləmək üçün daha çox insan
ölkəmizə səfər etsin.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 26
sentyabr.- S. 7.