Bu mükafatı muzeyimiz üçün uğur hesab edirəm”

 

Professor Çingiz Fərzəliyev: “Rəssamlıqla məşğul olmağa son dövrlərdə vaxtım az olur. Amma bu işdən böyük zövq alıram”

 

Rəssam dünyası. Sakit, bəzən də təlatümlü. Digər sənət sahiblərindən fərqli olaraq, dünyaya baxışları, estetik idealları da çox fərqli. Fərqli olduğu qədər də həzin və duyğulu. Məkanlarından asılı olmayaraq, onlar öz ab-havalarına hakimdirlər. İstər rəssam emalatxanasında, istər auditoriyada, istərsə də kabinetində...

 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev də belə rəssamlardan biridir. Sadə və təvazökar bir insan olan Çingiz müəllim mənəvi dünyasını uzun illərdir rənglərin ahənginə, cazibəsinə bağlayıb. Bir-birindən maraqlı əsərləri ilə sənətə könül verənlərin zövqünü oxşayır. Bədii yaradıcılıqla yanaşı, rəngkarlıq sənətimizin müxtəlif istiqamətlərinə dair dəyərli araşdırmaların da müəllifidir. "Azərbaycan rəngkarlığının antologiyası", "Azərbaycanın el sənəti", "Natürmort" kitablarını, Azərbaycanın tanınmış sənət xadimlərinə həsr edilmiş “Sərvət” silsiləsinin böyük bir qismini və digər nəşrləri ərsəyə gətirərək incəsənətimizə dəyərli töhfələr verib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi rəngkarlıq sənətinin sirlərini tələbələrinə öyrədir. Həmçinin Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Özbəkistan İncəsənət Universitetinin fəxri professorudur. Sənətkarın Polşa, HindistanFinlandiyada böyük müvəffəqiyyətlə fərdi sərgiləri keçirilib. Bakının mərkəzində ucaldılan görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin abidəsinin müəlliflərindən biri kimi Memarlar İttifaqı Beynəlxalq Assosiasiyasının fəxri diplomu ilə təltif olunub.

Bu günlərdə isə Çingiz Fərzəliyev Böyük Britaniyanın Kembric Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Bioqrafik Mərkəzin "2014-cü il - İncəsənətdə görkəmli şəxs" mükafatına layiq görülüb. Onunla görüşüb təltif olunduğu mükafat və rəhbərlik etdiyi muzeyin fəaliyyəti barədə danışdıq.

 

- Çingiz müəllim, ilk növbədə bu mükafat münasibətilə Sizi təbrik edirik. Necə oldu ki, belə bir təltifə layiq görüldünüz?

- Kembric Universitetinin nəzdində olan Beynəlxalq Bioqrafik Mərkəz 1976-cı ildən fəaliyyət göstərir. Artıq 38 ildir ki, hər il müxtəlif nominasiyalarda dünya üzrə elmin və mədəniyyətin inkişafında xidmətləri olan insanları arayıb axtarır. Buraya incəsənət, texnologiya, kommunikasiyainnovasiyalar üzrə mütəxəssislər aid edilir. Bu ilin iyun ayında muzeyimizə məktub gəldi. Məktubda bildirilirdi ki, onlar mənə bu mükafatı təqdim etmək istəyirlər. Həmin mərkəzin münsiflər heyəti tərəfindən mükafata layiq görülən şəxslər müəyyən olunur. Bizbu günə kimi gördüyüm işlər haqqında məlumatı həmin mərkəzə göndərdik. Hər nominasiyada dünya üzrə iki namizəd mükafata layiq görülə bilər. Azərbaycandan ilk dəfə bu mükafata namizəd kimi qeydiyyatdan keçdim. İyul ayının axırlarında bizə məlumat gəldi ki, mükafata layiq görülmüşəm. Məni konqresə dəvət etdilər. Tədbir incəsənət, mədəniyyət və texnologiyalara həsr edilmişdi. Mükafatlandırma həmin konqres zamanı keçirildi. Bu mükafatı təkcə özüm üçün deyil, bütövlükdə muzeyimiz və Azərbaycan mədəniyyəti üçün uğur hesab edirəm.

 

- Muzeyinizin fəaliyyəti, yeni layihələriniz, beynəlxalq əlaqələriniz barədə nə deyərdiniz?

- Azərbaycan Milli İncəsənət Muzeyi ölkənin ən böyük muzeylərindən biridir. Bu üzdən həm ziyarətçilərimizin sayı çox olur, həm də müxtəlif tədbirlər məhz bizim muzeydə reallaşır. Muzeyin saytı fəaliyyət göstərir və fəaliyyətimiz barədə məlumatlar mütəmadi olaraq orada yerləşdirilir. Beynəlxalq əlaqələrə gəlincə, 2009-cu ildə dünyanın aparıcı muzeylərindən biri olan Böyük Britaniyanın ViktoriyaAlbert Muzeyi ilə birlikdə sərgi təşkil etdik. 2012-ci ildə isə “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” adlı sərgi keçirdik. Həmin il Fransanın Milli Muzeylər Assosiasiyası ilə birlikdə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə muzeydə “Fransanın inciləri” adlı sərgi açıldı. Bu sərgi, həqiqətən də, anşlaq idi. Fransanın təcrübəsində yenilik idi ki, bir dəfəyə sərgiyə bu ölkənin 21 muzeyindən eksponat çıxarılmışdı. Sərgi iki ay davam etdi. Qürur verən layihəmizdən biri də “Azərbaycan incəsənəti minilliklər boyu” sərgimiz oldu. Üç il biz bu layihə üzərində çalışdıq. Əməkdaşlarımız, şəxsən özüm rayonlara ekspedisiyalara gedirdik və eksponatların yığılmasında iştirak edirdik.

Bu ilin aprelində Britaniya Şurası (British Council) ilə birgə təqdim etdiyimiz Şekspirin 450 illiyi ilə bağlı layihəmiz də maraqla qarşılandı. Onu da qeyd edim ki, bp şirkəti ilə bu il müqavilə bağlamışıq və müqaviləyə əsasən ildə dörd dəfə, 10 gün müddətində muzey öz qapılarını hər kəsə açıq elan edir, giriş pulsuz olur.

Bu ilin iyulunda Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikasının Milli Bədii Muzeyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ikitərəfli müqavilə imzalandı. Müqavilə üzrə geniş əlaqələr və layihələr üzərində çalışırıq. Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada yeni Milli Muzeyin açılış mərasimi oldu və mən də tədbirdə fəxri qonaq kimi iştirak etdim.

Qarşıda isə planlarımız çoxdur. Gələn ilin yanvar-fevral aylarında Britaniya Şurasının dəstəyi ilə bu ölkənin tanınmış muzey mütəxəssislərinin muzey işçiləri üçün treninqlər keçirməsini nəzərdə tuturuq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək treninqlərə Milli İncəsənət Muzeyinin əməkdaşları ilə yanaşı, regionlarda çalışan muzey işçilərini də cəlb edəcəyik. Oktyabr ayında Çexiya, Avstriya və Macarıstanın “Farfor” sərgisi və rəssamlarımızın fərdi sərgiləri ilə ziyarətçilərimizi sevindirəcəyik.

 

- Yaradıcılığınız necə davam edir? Hazırda hansı elmi əsərlər üzərində işləyirsiniz?

- Hazırda “Azərbaycan miniatürü” adlı ikicildlik kitab üzərində işləyirəm. Kitab XIII-XVI əsrləri əhatə edəcək. Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği və inkişafı Proqramına (2011-2014-cü illər)” uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan miniatür məktəbinə məxsus nümunələri toplayırıq. Norveçdən, Şotlandiya, Amerika, İsveç, Türkiyə, Rusiyabaşqa ölkələrdən nümunələri əldə edib kitabda təqdim edəcəyik. Heç bir ölkədə bu vaxtadək belə kitab nəşr edilməyib.

Azərbaycan təsviri sənətinin 45 ustad sənətkarlarına həsr edilmiş 36 kitabdan ibarət nəşrlər silsiləsinin 10 kitabını da nəşr etdirmək fikrindəyik. Bu kitablarda ən qədim dövrdən Azərbaycan rəssamlığı haqqında məlumatlar yer alacaq. Rəssamlıqla məşğul olmağa isə son dövrlərdə vaxtım az olur. Amma bu işdən böyük zövq alıram. Boş vaxtlarımda həftədə bir dəfə emalatxanamda oluram. Tək mən və düşüncələrim. Düşüncələrimin məhsulu olan, fırça ilə kətana köçürdüyüm fikirlərimin təzahürü mənim üçün ən dəyərli sənət əsəridir.

 

- Müsahibəyə görə təşəkkür edir, yeni layihələrinizdə sizə və muzeyinizin kollektivinə uğurlar arzulayırıq.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 6.