Tapdım həqiqətdə
şeriyyətimi...
Mirzə Şəfi Vazeh - 220
“Bizə həmsöhbət olan özgə kitab almaz ələ...”
Onu, poeziyasını, ilahi qüdrət
səviyyəsindəki təxəyyülünü tam 220 yaşında da belə
canlı, real və elə zaman
və məkan fövqündə labüd
saxlayan da məhz bu - düşüncələrindən, hisslərindən
süzülüb gələn
misralarındakı böyük eşqdir. Bütöv anlamda hər
nəsnədən məhrəm, özünü
özünə qaytaran və bir anda da
bütün dünyaya
sığa biləcək böyüklükdə eşq.
O eşqdə ilahi hikmətdən gözəl və zərif xanıma, gözlə görünməyəcək mövcudiyyətdən suların sığal verdiyi xırda çay daşınadək hər şey var. O, sevgisində ali, səmimi və bir mərrə şübhəçil olmadığından məhəbbətinin izharı belə əngin, belə nəhayətsiz, belə həsədlidir. Bəlkə elə Mirzə Şəfi Vazeh poeziyası, onun lirik-psixoloji duyum fəlsəfəsi və o tərki-dünyalıqdan uzaq real, canlı şairin şeirindəki hikmətin də sirri bunda idi. 220-ci ilində onu ananlar, həmişəyaşar şeriyyəti barədə danışanlar da bunu bir daha zikr etmiş oldular.
24 sentyabrda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyi gecədə tam bir müqəddəs ruh təntənəsi yaşandı. Mirzə Şəfi Vazeh poeziyası vurğunları küləkli Bakı axşamından qopub hər mənada təlatümlü ömrün ən müxtəlif anlarına şahidlik edən bədii sözün işığına, əbədi şeirin təntənəsinə toplaşdılar.
İlk olaraq mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək gecənin Mirzə Şəfi Vazehin 220 illik yubileyi haqqında ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq təşkil olunduğunu bildirdi, şairin Azərbaycan ədəbi fikrində yerindən, klassik poeziyamızın inkişafında xidmətlərindən, maarifçilik ideyalarından söz açdı, həyat və yaradıcılıq yoluna nəzər saldı: “Mirzə Şəfi Vazeh dünya xalqları və ədəbi ictimaiyyəti tərəfindən tanınan, əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunan yüksək insanpərvərlik, mənəvi gözəlliyi tərənnüm edən sənətkarlardandır. Şairin əsərləri və yaratdığı “Divani-hikmət” ədəbi məclisi XIX əsrdə Azərbaycanla Avropa arasında olan mədəni əlaqələrə müsbət təsir göstərmişdir. Bu gün dünya ilə ölkəmiz arasındakı mədəni əlaqələrin zirvəyə qalxdığı bir vaxtda demək xoşdur ki, Vazehin bu ədəbi məclisində azərbaycanlı şair və yazıçılarla bərabər avropalı sənətkarlar, alimlər də iştirak etmişlər”.
Tiflisdə qəza məktəbində müəllim işləyən Vazehin burada dövrünün qabaqcıl adamları ilə ünsiyyətindən bəhs edən Vaqif Əliyev alman səyyahı, Şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə tanışlığın şairin həyatında qoyduğu izi, əsərlərinin Avropada tanınmasının hansı keşməkeşli yol keçdiyini diqqətə çatdırdı.
Qeyd olundu ki, Vazehin bədii irsinin az bir hissəsi qorunub saxlansa da, bu əsərlər onun zəngin yaradıcılıq gücünə və yüksək istedada malik olmasından xəbər verir: “Azərbaycanda Vazeh irsinə, şəxsiyyətinə daim böyük maraq olmuşdur. Çünki o, şair olmaqla bərabər, həm də maarifçi bir ziyalı idi. Vazeh düşüncəsindən nur alan neçə-neçə alimlər, mütəfəkkirlər yetişib”.
Azərbaycan dövlətinin mədəniyyət siyasətinə uyğun olaraq böyük şairin irsinin tədqiqatçılar tərəfindən öyrənildiyini deyən Vaqif Əliyev yubileyin tədbirlər planına uyğun olaraq oktyabrın 10-da dünyanın ən böyük kitab bayramlarından olan Frankfurt sərgisində Vazehin 220 illiyinə həsr olunmuş tədbir təşkil ediləcəyini bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-tərcüməçi İlqar Fəhmi də şairin ədəbiyyatımıza töhfələrindən söz açdı. Onun 1844-cü ildə yaratdığı “Divani-hikmət” adlı ədəbi məclisi, şairin hələ o zaman sərhədləri aşan ədəbi əlaqə meyllərindən danışdı. Vazehin Avropada Şərq ədəbiyyatına maraq oyadan böyük sima olduğu vurğulandı.
Tədbirin aparıcısı, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli çıxışında Vazeh-Bodenştedt münasibətlərindən bəhs etdi. Şərqə səyahətini başa vurub Almaniyaya qayıdan səyyahın Vazehin çap oluna biləcək kifayət qədər əsərinin olduğunu gördüyünü və onun şeirlərini 1851-ci ildə ədibin özündən xəbərsiz Avropada “Mirzə Şəfinin nəğmələri” adı altında alman dilində çap etdirdiyini xatırlatdı. Sonralar bu kitab 300 dəfədən çox nəşr edilib. Bu tarixi gerçək - Bodenşetin Vazehə qarşı haqsızlığı barədə tarixi həqiqətləri xatırladan alim onunla bağlı tədqiqatları gecədə iştirak edənlərlə bölüşdü. Vazehin ədibi irsinin ölkə başçısının müvafiq sərəncamından sonra daha geniş şəkildə öyrənilməyə başlanmasını müsbət hal kimi dəyərləndirən professor bu istiqamətdə araşdırmalara böyük ehtiyac olduğunu bildirdi.
Sonra söz əbədi aşiqin misralarına verildi. Heç kimin
özününküləşdirə bilmədiyi, hər misrasında, hər vurğusunda müəllifinin
sanki adını pıçıldadığı qəzəllər deyildi.
Həyat
məqamları xatırlandı.
Cahana böyük
bir həqiqət kimi gələn şairin Kəpəz zirvələrindən nur saçan günəşin
ilk dəfə ona gülümsəməsi kimi
bir bədii həqiqət yükləndi
gecənin axarına. Yüzillik Gəncə
çinarlarının ona
ilk layla deməsi hikmətindən kədərli
həyat məqamlarınadək
hər insanın həyatını izləyə
biləcək qayğılarından
da danışıldı,
onu şair, müdrik edən məqamlar mirvari kimi sapa düzüldü.
Ədalətsiz zəmanəyə, haqsızlığa, xurafatçı
mollalara üsyanı barədə ilk qələm
nümunələrindən bəhs olundu.
Bütün bunlar sadalandıqca
Vazehi şair edən ələmlər də, nəşələr
də, lap elə zülmlər də insana müqəddəs, gözəl göründü.
Çünki nüvəsində böyük ilahi eşq yatan bu üsyanlar, dirənişlər sonda onu 220 illik bir
zaman məsafəsini dağıdacaq qədər
yaxın, doğma, hərarətli edə bilmişdi.
Gəncədəki Şah Abbas məscidinin kiçik, zülmət hücrəsində
günəşli səhərə
çatmaq ümidi ilə yaşayan və səbrlə kitabların üzünü
köçürən Mirzə
Şəfi ilk şeirlərini
də elə bu zülmət içində yazmağa başlayır. Beləcə, “Nə qədər kim, fələyin
sabitü səyyarəsi
var, Ol qədər
sinədə qəmzən
oxunun yarəsi var... “, - deyən şairin pak ruhu, müqəddəs sevdası dilə gəldi.
Bu əsrarəngiz ruh
aləmi ilə ünsiyyətdə ruhumuzun
əbədi laylası
muğamın - tarın,
kamançanın və
onları ayrı bir xilqətlə dilləndirə bilən ifaçıların da məxsusi yeri var idi. Xalq artisti
Mənsum İbrahimovun
rəhbərliyi ilə
muğam üçlüyünün
gözəl ifası,
xanəndənin şairin
ruhuna, tükənməz
eşqinə gözəl
naxışlar vuran avazı gecəyə ayrı bir gözəllik
qata bildi. Şeir və musiqi Muğam Mərkəzinin zalına toplaşanları öz ağuşuna alıb uzaqlara, şairin arzuladığı ruh dünyasına qovuşdurdu:
Qəlbimin, ruhumun qanadıyla
mən,
Çıxdım aydınlığa zülmət
gecədən.
Gördüm şeriyyətdə həqiqətimi
-
Tapdım həqiqətdə şeriyyətimi.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2014.- 26
sentyabr.- S. 4.