Şəkidə
ilk regional turizm şirkəti fəaliyyətə başlayacaq
“Yeni şirkət Azərbaycanın şimal-qərb bölgəsinə turistlərin cəlb edilməsi ilə məşğul olacaq”
Bu günlərdə ölkəmizdə
“Şəki Travel” adlı yeni
turizm şirkəti fəaliyyətə başlayacaq.
Bu
barədə qəzetimizə məlumat verən Şəki
Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyevin
sözlərinə görə, Azərbaycanda ilk regional turizm
şirkəti olan «Şəki Travel»in əsas işi ölkənin
şimal-qərb bölgəsinə turistlərin cəlb edilməsi,
turist səfərlərinin koordinasiyası olacaq: «Bildiyiniz
kimi, qədim tarixə, bənzərsiz təbiətə malik,
milli mətbəxi ilə məşhur olan Şəki ilin
bütün fəsillərində yerli və xarici turistləri
özünə cəlb edir. Son illər
rayonda güclü turizm infrastrukturunun
yaradılması istiqamətində məqsədyönlü
işlər görülür. Yeni mehmanxanalar, istirahət
mərkəzləri tikilir, yollar təmir olunur,
körpülər salınır. Bütün bunlar imkan verir
ki, Şəkiyə daha çox turist cəlb edilsin. Bizim yaratmaq istədiyimiz
turizm şirkəti də fəaliyyətini bu istiqamətdə quracaq. Bu ideya
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən də
bəyənilib”.
Həmsöhbətimiz qeyd etdi ki, Şəki
Turizm İnformasiya Mərkəzi tərəfindən
Şəkinin və ümumiyyətlə, bölgənin
tanıtımı istiqamətində
bir çox işlər görülür:
«Xarici turistlər üçün Şəki
şəhərinin xəritəsi hazırlanıb.
Xəritədə Şəkinin gəzməli-görməli
yerlərinin, mədəni-tarixi
abidələrinin, hotellərinin,
istirahət mərkəzlərinin,
tanınmış sənətkarlarının
koordinatları qeyd edilib. Şəki Turizm İnformasiya
Mərkəzi tərəfindən
rayonun tarixi abidələri ilə bağlı bukletlər hazırlanıb. Bunları mərkəzə
müraciət edən
hər bir turistə pulsuz olaraq təqdim edirik. Bundan əlavə, yeni
turizm marşrutları
işləyib hazırlamışıq.
Bunlar həm Şəkini, həm də turizm potensialı baxımından geniş imkanları olan qonşu Qax rayonunu əhatə edir. Marşrutları tərtib edərkən
çalışmışıq bölgədəki tarixi-mədəni
abidələri, xüsusilə
də alban məbədlərini əhatə
edək. İstəyirik Kiş kəndindəki alban abidəsi kimi, digər abidələrin də mövcud vəziyyətini
diqqətə gətirib,
onların təmir-bərpasına
nail olaq. Çünki bu abidələr rayonumuza gələn turistlərin ən çox maraqlandığı
və ziyarət etdiyi obyektlərdəndir”.
Budəfəki qış tətili günlərində də
bölgəyə çoxlu
turist gəlib. Burada fəaliyyət
göstərən 20-yə yaxın turizm və istirahət mərkəzi qonaqlara lazımi xidmət göstərir. 2013-cü ilin
sentyabrında istifadəyə
verilən «Şəki
Palas» hoteli, Kiş kəndində, dağlıq ərazidə
yerləşən «Cənnət
bağı» istirahət
mərkəzi, «Şəki
sahil» və «İSSAM»
mehmanxanaları və
digər obyektlərdə
istirahət edənlər
arasında Birləşmiş
Ərəb Əmirlikləri,
Türkiyə, Britaniya
və başqa xarici ölkələrdən
qonaqlar da olub.
Qış tətilində Şəkiyə
turist axınının
artmasını nəzərə
alaraq şəhərdəki
muzeylər, tarixi-mədəni
məkanlar da fasiləsiz iş rejimində işləyiblər.
«Yuxarı baş»
Dövlət Tarix-Memarlıq
Qoruğunun ərazisində
fəaliyyət göstərən
sənətkarlıq emalatxanaları
da daim turistlərin
xidmətində olub.
Hər zaman olduğu kimi, bu dəfə də Şəki mətbəxinin özünəməxsusluğu
turistləri cəlb edib. Qonaqlar Şəki pitisinə,
Şəki paxlavası
və digər şirniyyat növlərinə
böyük maraq göstəriblər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 8
yanvar.- S. 9.