Şahdağa gələn turistlər şəraitdən razıdırlar

 

Ötən il ilk mərhələsi fəaliyyətə başlayanŞahdağ” Qış-Yay Turizm Kompleksinə bu qış mövsümündə turistlərin böyük axını var.

 

Qusar rayonu ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən kompleksdə bayram günlərində xüsusilə qələbəlik olub. İstirahətə gələnlər arasında çoxlu sayda əcnəbilər də var.

Buraya birinci dəfə gələnlər üçün kompleksin girişində məlumat məntəqəsi yaradılıb. Turistlərə hava şəraiti ilə əlaqədar hansı liftlərin açıq, hansılarının bağlı olması, xizək yollarında qarın vəziyyəti və s. barədə məlumat verilir.

Kompleksdə qiymətlər istirahətin növündən və müddətindən asılı olaraq dəyişir. 22 manat ödəyən turist bir gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı qazanır. Turistlərin istirahət edəcəkləri günlərin sayı artdıqca xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 22 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 91 manat ödəmək lazımdır.

İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Avadanlığı kirayələmək üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Peşəkar xizəkçilər hazırda kompleksin 7 xizək zolağından və 6 kanat yolundan istifadə edirlər.

Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən “Şahdağa gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi açılıb. Xizək sürməyi öyrənmək üçün bir saata görə böyüklər 5, uşaqlar isə 2,5 manat ödəniş etməlidirlər.

Kompleksdə xizəkçilikdən əlavə yamaclarda snoubord və aeroxizəkdə sürüşmək kimi həyəcanlı imkanlar da təklif edilir. Uşaqlar üçün oyunlara kvadrosikldə gəzinti və tübinq daxildir.

Bayram günlərində kompleksdə yerləşən “Zirvə”, “Qaya”, “Şahdağ Resort SPA” hotellərində nömrələrin hamısı əvvəlcədən kirayələnib.

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 8.