Xalça muzeyinin işçiləri Şəkiyə səfər ediblər

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, professor Röya Tağıyeva, muzeyin elmi katibi Fəridə Quliyeva, kütləvi işlər şöbəsinin müdiri Aygün Abasovaekspozisiya şöbəsinin elmi işçi Rəna Zeynalova Şəkidə səfərdə olublar. Qonaqlar ilk olaraq “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə tanış olub, toxucularla görüşüblər.

 

“Şəki-İpək” ASC-nin texniki direktoru Şahin Əzizov müəssisə barədə məlumat verib. Müəssisənin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və “Azərbaycan Xalçaçıları” İctimai Birliyi ilə əməkdaşlıq imkanları, xalça sənətinin inkişafı sahəsində yeni layihələr hazırlanması müzakirə olunub.

1929-cu ildə təməli qoyulan müəssisə vaxtilə istehsal gücünə görə Avropanın ən iri müəssisələrindən biri olub. “Şəki-İpək” 6 əsas istehsal sahəsindən - baramaaçan, toxucu, boyaq-bəzək, pambıq əyirici, burucuxalça sexlərindən ibarətdir. 2002-ci ildə müəssisə ipək xalça istehsalına başlayıb. İstehsalatda qədim Azərbaycan çeşnilərindən, Quba, Şirvan, Qarabağ və digər məktəblərin ornament və naxışlarından istifadə olunur. “Balıq”, “Xanlıq”, “Qara Qaşlı”, “Qollu-Çiçi”, “Əjdaha” və s. çeşnilər əsasında müxtəlif ipək, yun və yun-ipək xalçalar toxunur. Xalçaların toxunmasında istifadə olunan saplar müəssisədə istehsal olunaraq nar, sarağans. ağaclardan alınan təbii boyalarla boyanır.

Səfər zamanı Röya Tağıyeva Şəkidə fəaliyyət göstərən “Kanal S” televiziya kanalına müsahibə verib, xalçalarımızın qorunması, bu sahəyə marağın artırılması, xalçaların milli xüsusiyyətlərinin bərpası məqsədilə muzeyin keçirdiyi “Nəsillərdən-nəsillərə” adlı müsabiqədən söhbət açıb.

Qonaqlar Şəki Xan Sarayı, Kiş kəndindəki alban məbədi və başqa tarixi abidələrlə tanış olublar.

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 7.