Oqtay Abasquliyevin ifaçılıq məktəbi

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, professor Oqtay Abasquliyevin pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, orta ixtisasuşaq musiqi məktəblərinin müəllimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

 

BMA-nın fortepiano kafedrasının dekanı, Əməkdar müəllim, professor Nərminə Quliyeva tədbiri açaraq Oqtay Abasquliyevin pedaqoji fəaliyyəti haqqında məlumat verdi. Akademiyanın elmi yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Bakı Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və başqaları sənətkar haqqında xoş sözlər dedilər.

Qeyd olundu ki, Bakı Musiqi Akademiyasında fortepiano-ixtisas müəllimi işlədiyi illərdə O.Abasquliyev pedaqoji zəhməti ilə böyük ifaçılıq nəsli yetişdirib. Onun yetirmələri respublikamızda, eləcə də Türkiyə, Yaponiya, Britaniya, Kanada və digər ölkələrdə ifaçılıq, müəllimlik və mədəni-ictimai fəaliyyətləri ilə nüfuz qazanıblar.

Pedaqoji fəaliyyətlə yanaşı, uzun illər fortepiano fakültəsinin dekanı, hazırda isə tədris işləri üzrə prorektor və 2 saylı fortepiano kafedrasının müdiri kimi məsul vəzifələrdə çalışan sənətkar bu məsul vəzifələrin öhdəsindən layiqincə gəlib. Onun zəngin elmi-pedaqoji, təşkilatçılıq, idarəçilik təcrübəsi və səmərəli fəaliyyəti respublikamızda ali musiqi təhsilinin və pedaqogikasının inkişafına əhəmiyyətli təsir göstərib.

Zəngin pedaqoji təcrübəsi, tərbiyə etdiyi ifaçı nəsillər, onların sənət nailiyyətləri belə deməyə əsas verir ki, Oqtay müəllim uğurlu fəaliyyəti ilə yenimüasir fortepiano məktəbi yaradıb. Bu məktəb mükəmməl ifaçılıq ənənələri ilə Azərbaycan fortepiano ifaçılığı sənətinə yeni istedadlar, nailiyyətlər qazandırıb. Onun dekan kimi çalışdığı illərdə Bakı Musiqi Akademiyasını bu ixtisas üzrə 2000-dən artıq məzun, müəllimlik fəaliyyətində isə öz sinfini 200-dən çox ifaçı kadr bitirib. Oqtay müəllimin tələbələrindən 30 nəfəri beynəlxalq və respublika müsabiqələrinin qalibləri, Qran-pri mükafatçısı və diplomantlarıdır. Yetirmələri respublikamızda və xarici ölkələrdə müəllim, konsert ifaçısı kimi uğurlu fəaliyyət göstərir, ustadın işini layiqincə davam etdirirlər. Hazırda tələbələrindən Abbas Abdullazadə, Toğrul Hüseynli, Vurğun Vəkilov, Tofiq Şıxıyev, Nilufər Cəfərli və başqaları artıq beynəlxalq müsabiqə qalibləri kimi böyük sənət yolunda inamla addımlayırlar.

Tədbirin bədii hissəsində O.Abasquliyevin ixtisas sinfini bitirmişprofessional sənətdə tanınan ifaçıların çıxışı 50 illik müəllim əməyinin, fərdi pianoçuluq məktəbinin böyük bəhrəsi kimi alqışlandı. Hazırda təhsil alan tələbələrin ifası da maraqla qarşılandı. Beynəlxalq müsabiqələr laureatları Gülnarə Səfərova, Samir Mirzəyev, Ayan Salahova, Rəşad Kazımov, Ülviyyə Şıxəliyeva, Səbinə Mehdiyeva, Leyla Babayeva, Ayşəgül Yörükoğlu, Tofiq Şıxıyev, Nilufər Cəfərli, Vurğun Vəkilov, Nəriman Əmiraslanov, Ceyhun Əzizov və Həmidə Rzayevanın ifasında Azərbaycan, rusAvropa bəstəkarlarının fortepiano əsərləri səsləndi.

Sonda professor Oqtay Abasquliyevin həyat yolu, ifaçılıq və müəllimlik fəaliyyəti haqqında sənədli film nümayiş olundu.

 

Ariz Abduləliyev

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 7.