“Azərbaycan
xalçaları”nın yeni sayı
işıq üzü görüb
«Azərbaycan
xalçaları» elmi-publisistik
jurnalının yeni sayı çapdan çıxıb. 2014-cü il yanvar ayının ilk günlərində işıq üzü görən jurnalın 9-cu
sayında da Azərbaycan
xalçaçılığına dair
xəbərlərə, tədqiqatlara və müsahibələrə
yer ayrılıb.
«Azərilmə» MMC-nin mətbuat xidmətinin rəhbəri Tünzalə Babayevanın qəzetimizə verdiyi məlumata görə, oxucular nəşrin bu sayında Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə bağlı materialla, Naxçıvan Muxtar Respublikasının əsas xalçaçılıq məntəqələri, həmçinin «Azər-İlmə»də olmuş əcnəbi qonaqların fikir və təəssüratları ilə tanış olacaqlar. Üç dildə nəşr edilən jurnalda miniatür sənətinin tarixinə nəzər salınır, qədim əlyazmaların taleyindən söz açılır. Məşhur xalça rəssamı Cəfər Mücrinin yaradıcılığı, Türkiyə və Azərbaycan incəsənət əsərlərində tətbiq olunan nəbati motivlərin təsnifatı, Özbəkistan tikmələri, Qarabağ xalçaçıları haqqında yazıları da jurnalın 9-cu sayında oxumaq olar.
Jurnaldakı ««Mərəzə»dən «Mərəsəli»yədək» məqalədə isə Şirvan xalçalarının mənşəyi probleminə toxunulur, adıçəkilən ərazilərin tarixi-etnoqrafik təhlili verilir. Londonun «Halı» jurnalında dərc olunmuş «Zaqatalaya gedən yolda» məqaləsinin Azərbaycan dilinə tərcümə edilmiş variantı da oxucuların marağına səbəb olacaq.
Qeyd edək ki, Azərbaycan xalçaçılığının təbliği, onun dünya mədəniyyətində mövqeyinin möhkəmləndirilməsinə yardımçı olan jurnalın baş redaktoru dekorativ-tətbiqi sənət üzrə mütəxəssis, professor Vidadi Muradovdur.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 8
yanvar.- S. 6.