“Qızlar neftçilərə üstünlük verirlər”

 

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “YAY!” qalereyasında rəssam və illüstrator İrina Eldarovanın “Qızlar neftçilərə üstünlük verirlər” mövzusunda sərgisi açılıb.

 

Fevralın 26-dək davam edəcək sərgidə müəllif ziyarətçilərə ötən əsrin 60-cı illərinin kinosuMerilin Monronun unudulmaz obrazından ilham alaraq çəkdiyi rəsm və instalyasiyaları təqdim edir.

“Qızların ən yaxın dostları brilyantlardır”, - dünya kinosunun ən məşhur sarışın qadını füsunkar səsi ilə bu sözləri oxuyurdu. Rəssam və illüstrator İrina Eldarovanın fikrincə, keçən onilliklərdən sonra bu şüar nəzərəçarpacaq dərəcədə dəyişib. Xəyal etdikləri milyonçu ilə Sen-Trope çimərliklərində görüşməyi arzulayan zavallı, hər şeyə inanan, sadəlövh qızların zamanı artıq bitib. Uğur axtarışında olan müasir qızlar öz şahzadələrini neftçilər arasında axtarıb tapırlar. Rəssamın tablolarında möhtəşəm Merilin cəsur, günəş altında qaralmış, üzü sanki ötən əsrin 60-cı illərinin qəzetlərinin səhifələrindən düşmüş Azərbaycan neftçisi ilə yanaşı dayanıb...

İrina Eldarova Repin adına Sankt-Peterburq Dövlət Akademiyasının və Moskvadakı V.İ.Surikov adına Dövlət İnstitutunun məzunudur. Bədii yaradıcılığı rəsm və qrafika ilə yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanda irimiqyaslı layihələr işləyir. İrina Eldarova Bakı metrosununXalqlar dostluğu” stansiyasında quraşdırılmış monumental mərmər pannonun müəllifidir. Rəssamın peşəkar maraq dairəsi fotoşəkil, video art və jurnalistikanı əhatə edir. Hazırda İrina Eldarova Bakıda Qərb Universitetində fotodizayn üzrə tədris aparır.

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 4.