Poeziyanın rəngi
- rənglərin poeziyası
Nigar Rəfibəylinin şeirləri Məryəm Ələkbərlinin fırçasında
“Letterpress” nəşriyyat evində Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimovun Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr etdiyi “Çiçəklər” kitabı işıq üzü görüb. Nəfis tərtibatla, rəngli formatda dərc edilmiş kitabda gənc, istedadlı rəssam Məryəm Ələkbərlinin çəkdiyi əlvan çiçək şəkillərindən istifadə olunub. Kitabda rənglər, gözün, hissin yaddaşı, hikmətin dili, müşahidə və anlam eyni müstəviyə çıxarılaraq zövqlü, ruhlu, diri bir toplu yaradılıb. Kitabda 10 şeir, 19 çiçək təqdim olunub.
“Ağ çiçəklər”, “Yasəmən”, “Lalə”, Nərgiz gülü”, “Neyləyim”, “Çiçəklər” şeirlərinə gənc rəssam Məryəm Ələkbərlinin çəkdiyi ayrı-ayrı tablolar çox yaşantılı, uyğun və sirayətedicidir. Bu rəssam qızın balaca ürəyində nə qədər gözəllik duyğusu, nə qədər ruh, nə qədər əlvanlıq varmış? Bu qız ruhən Nigar Rəfibəyliyə nədən belə yaxınmış?
Müəllif kitabın “Ön
söz”ündə Nigar Rəfibəyli
poeziyasının və Məryəm Ələkbərlinin rənglər
dünyasının həmahəngliyinə belə qiymət verir: “...Onun şeirlərini
oxuyanda gözlərini yumub
əlvan gözəllikləri aydın görə bilirsən.
Təbiət Nigar xanıma çox böyük səxavətlə
gözəllik duyumu bəxş edib... Kitabda siz onun güllərə həsr
olunmuş şeirlərini gənc rəssam
Məryəm Ələkbərlinin əlvan şəkilləri
ilə birgə görəcəksiniz. Nigar
Rəfibəylinin gülləri vəsf edən şeirlərini
oxuyanda, rəsmlərə nəzər salanda bir anlıq gözlərini
yumursan və bəstəkar Emin Sabitoğlunun şairin sözlərinə bəstələdiyi
mahnını eşidirsən...”
Mədəniyyət.- 2014.- 8
yanvar.- S. 4.