Yorulmaz maarifçi
- islahatçı alim
XX yüzilliyin birinci
yarısında ölkəmizdə elmin, təhsilin
milli zəmində inkişaf
etdirilməsində tanınmış pedaqoq,
filoloq və publisist Fərhad
Ağazadənin mühüm xidmətləri
olub. O, Azərbaycan ədəbi-elmi fikir tarixində islahatçı maarif xadimi kimi
tanınıb, əlifba islahatı sahəsində
ardıcıl fəaliyyəti dövrün
mütərəqqi ziyalıları tərəfindən dəstəklənib.
Fərhad Məşədi Rəhim oğlu Ağazadə 1880-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Məşədi Rəhim sadə baqqal olsa da, şəhərdə intişar tapan mədəni inkişafdan geri qalmamağa çalışıb. Uşaqlarını oxutmaq üçün hər zəhmətə qatlaşıb. O dövrdə Şuşada maarif və mədəniyyətdə bir canlanma yaranır. Xüsusilə Qori Müəllimlər Seminariyasını bitirən şuşalı gənclər bu istiqamətdə böyük səy göstərərək bir neçə məktəbin açılmasına nail olurlar. Məktəblərdə Azərbaycan və rus dilinin tədrisi, ibtidai təhsillə yanaşı, müxtəlif sənətlər də öyrədilir.
Belə maarifpərvər gənclərdən biri də Camal bəy Fətəlibəyov olub. Onun 1893-cü ildə Şuşada açdığı məktəbə qəbul olunan 25 şagird arasında 13 yaşlı Fərhad Ağazadə də vardı. Camal bəy bu açıqfikirli və istedadlı gəncin parlaq gələcəyinə inanır. Məhz buna görə 1895-ci ildə onu özü ilə Qoriyə aparır, sənədlərini Qori Müəllimlər Seminariyasının hazırlıq sinfinə verir. Fərhad Ağazadə seminariyada nümunəvi davranışı və dərslərə daimi hazırlıqlı olması ilə kollektivin diqqətini çəkir. İctimai işlərdə fəallığına görə də müəllimlərinin böyük hörmətini qazanır. Bədii qiraətlə də məşğul olur. Musiqi ilə maraqlanır və skripka çalmağı öyrənir. Beləliklə, geniş dünya görüşlü bir gənc kimi formalaşır.
Seminariyada beş il təhsil alan Fərhad 1900-cü ildə zəngin biliklə məzun olur. Göndərişlə
Xaçmaz məktəbində
bir il
müəllim işləyir.
Sonra Şuşaya qayıdaraq şəhər məktəblərində
müəllimlik fəaliyyətinə
başlayır. Pedaqoji fəaliyyətlə
yanaşı, Bakıda
nəşr edilən mətbuat orqanları ilə də əməkdaşlıq edir.
Fərhad Ağazadənin jurnalistik
fəaliyyəti Bakıda
yaşayan tanınmış
ziyalıların da diqqətini cəlb edir. Bir müddət sonra
o, Bakıya gəlir və “rus-tatar” məktəbində işə
dəvət edilir.
Qısa müddətdən sonra məktəbin müdiri təyin olunur. Fərhad Ağazadənin təhsil ocağında fəaliyyəti
tezliklə pedaqoji işi canlandırır.
O, tədris proqramları
yazır, dərsliklər
tərtib edir. Beləliklə, savadsızlığın ləğvi istiqamətində
böyük xidmət
göstərir.
Araşdırmalarda göstərilir ki, Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə
Fərhad Ağazadə
tərəfindən işlənib. O, bir müddət məktəbəqədər
pedaqogika ilə məşğul olub, uşaq bağçaları
üçün dərs
vəsaiti hazırlayıb.
Fərhad Ağazadənin xidmətlərindən
biri də Azərbaycanın maarif və mədəniyyət
tarixini tədqiq etməsidir. Həsən bəy
Zərdabi və Firidun bəy Köçərlinin həyatı,
fəaliyyəti və
xidmətləri haqqında
ilk müfəssəl yazılı
məlumatı məhz
o qələmə alıb.
Fərhad Ağazadə eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanı “Azərbaycan” qəzetinin ən fəal əməkdaşlarından
olub. 1919-1920-ci illərdə
qəzetdə maarifçi
ruhlu məqalələr
yazıb, xalqın nicatının elmdə, təhsildə olduğunu əsaslandırıb. Azərbaycan gənclərinin
təhsil alması üçün çağırışlar
edib.
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan bir il sonra
Fərhad Ağazadə
əlifba məsələsini
gündəmə gətirir.
Dövri
mətbuatda bu mövzu ilə bağlı silsilə məqalələri dərc
olunur. Bu mövzu rəsmi və qeyri-rəsmi yerlərdə açıq
müzakirə obyektinə
çevrilir. Müzakirələr
zamanı ərəb qrafikasından imtina etmək, latın
qrafikası əsasında
yeni əlifba qəbul etmək təklifini irəli sürür. Onun təşəbbüsünü
Nəriman Nərimanov
da dəstəkləyir.
Beləliklə, 1922-ci ilin yanvarında Nəriman Nərimanovun təklifi ilə çağırılan yığıncaqda
əlifba və dil məsələsi geniş müzakirə olunur. İki qrup yaranır: bir tərəfdə “latın”çılar,
digər tərəfdə
“ərəb”çilər. Birinci qrupun lideri Fərhad
Ağazadə olur.
O, 1925-ci ilin martında
çağırılan Azərbaycan
IV Sovetlər Qurultayına
məktub göndərir.
Həmin məktubda yazır: “...Savadsızlığın
ləğvi üçün
ən məqbul əlifbaya ehtiyac var. Bu da yeni türk
əlifbasıdır. Çünki o, asan bir əlifbadır.
Bir-iki aya onu öyrənmək
mümkündür. Siz
traktor əvəzinə
xışı, elektrik
əvəzinə şamı və ya çırağı təklif etməyəcəksiniz...”
Qurultayda Fərhad Ağazadənin “Türk dillərinin orfoqrafiyası” mövzusunda məruzəsi də dinlənilir. O təklif edir ki, türk dilinin bütün kəlmələri, o cümlədən bu dilə daxil olan sözlər vahid yazı qaydalarına tabe olsun. Məhz onun cəhdləri sayəsində 1927-ci ildə Türk Əlifba Komitəsi yaradılır. O, işə çox böyük həvəslə qoşulur və mətbuatda yeni əlifba ilə bağlı məqalə dərc etdirir. Fərhad Ağazadənin bu fəallığı Nəriman Nərimanov və Səməd Ağamalıoğlu tərəfindən müdafiə edilir. Hətta Türkiyə mətbuatında da bu məsələ özünün geniş əks-sədasını tapır.
Araşdırmalarda göstərilir ki, o vaxt qabaqcıl elm və mədəniyyət xadimləri tez-tez bir araya gələrək əlifba ilə əlaqədar müzakirələr aparırlar. Bu müzakirələr çərçivəsində F.Ağazadə və Q.Qaraqaşlının müəllifliyi ilə Kazanda rus dilində çap olunan “Yeni türk əlifba hərəkatının inkişaf tarixi və onun nailiyyətlərinə aid oçerk” kitabı təhlil obyektinə çevrilir. Bəkir Çobanzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Hacı Kərim Sanılı bu müzakirələrdə yaxından iştirak edərək Fərhad Ağazadənin xidmətlərini yüksək dəyərləndirirlər.
Uzun müddət gərgin iş rejimi və Azərbaycanı bürüməkdə olan repressiyalar onu möhkəm sarsıdır. Səhhətində ciddi problemlər yaranır. Müalicə məqsədilə bir neçə dəfə Rusiyanın müxtəlif şəhərlərinə getsə də, bir nəticəsi olmur. Ürəyi arzularla dolu Fərhad Ağazadə ömrünün coşqun çağlarında, 1931-ci il yanvarın 4-də gözlərini əbədi yumur.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 10
yanvar.- S. 13.