Universal gözəl
Canlı həyat, şanlı sənət, dadlı ümumxatirat gözəli - Leyla Bədirbəyli...
Çox xoşladığım
mahnılarımızdan birində hər kəsi bir az (gözəlləri
isə çox-çox) küsəndirən
bir misra var: “Gedər bir gün bu gözəllik -
sənə də qalmaz”...
Həmin
mahnının o sözünü
tez-tez xatırlasam da,
heç cür
tutammıram ki, məlum müəllif bu “qarğış”ı o
naməlum gözələ halali-yar dilindən
dedirdib, ya zavali-əğyar?..
Amma kim tərəfindən ərz edilməsindən asılı olmayaraq, düpbədüz deyilib. Lakin (!) uşaqlıqda danışdığımız “qarğadili”ylə desəm, aşqa-aşqa - bu yazının sədəf-hədəfindən başqa! Özü də bu universal gözəlin “gedər bir gün...”lük sarıdan nə sağlığında bir problemi olub, nə cismən yoxluğunda. Nə bio-fizioloji, nə neo-kulturoloji. O, az qala bütöv bir əsrin canlı, indilərin xatirəvi, gələcək zamanların əfsanəvi gözəllik simvolu olmuş və olacaq. Həm də elə bir ictimai mahiyyətli gözəllik ki, ona yönəlik sevgi-məhəbbət hisslərinin, vurğunluq nəfslərinin əsasını ayrı-ayrı şəxsi intimitikadan xali ümumxəlqi simpatiya təşkil edib. Bu məqamda dahi rəssamların yaratdıqları çılpaq qadın (bədii, yaxud natura) portretlərinə hansı gözlə baxdığımızı da xəyala alaq və mətbu etika əndazəsini aşmaq təhlükəsinə yuvarlanmaqda olan bu filo-erotika axarını qəhrəmanəmizin ayrılmaz atributları ilə axırlayaq:
Özəl gözəllik...
Gözəl, qəşəng, gözəllik, qəşənglik... Bunların aid edildiyi hər hansı obyekt, subyekt, predmet bir yana, fərqindəsizmi, ifadələrin özləri də gözəl, qəşəng səslənir...
...Adların da - onları daşıyan adamlar kimi - taleləri var. Adlar da müxtəlif keyfiyyət, əlamət elementləri daşıyır.
Bircə
hərf fərqi ilə cari qəhrəmanəmizin
adaşı olan Leyli adını hər eşidəndə qəlbimizdə sədaqət,
vəfa abidəsi rəmzlənmirmi? Gör,
o nakam məxluqun daşıdığı bu
ad neçə min illərdi
sevgidən kam ala-ala yaşayıb getmişlərə
nisbətdə nə qədər ölməz, nə qədər solmazdır! Öz sədaqətliliyilə min illərdi
dahi şairləri yaradıcılıq eşqinə
düçar edən
o ərəb qızından
sonra bizim milli səhnəmizdə, kinomuzda, o dövr mətbuatımızda, canlı
həyatımızda - ümumən
mədəniyyət aləmimizdə
par-par parlayan Azərbaycan
xanımı - Leyla Bədirbəyli!
Əgər tarixən Leyli bütün böyük şairləri ağır-ağır
istedad atəşləri
açmağa, hiss-duyğu
külüngü çalmağa
vadar edibsə, Leyla da - sıravi
teatr, kino tamaşaçılarından tutmuş
dövrün rəsmi
adamlarını, qırımından
qan daman partiya-sovet rəhbərlərini
öz kübarlığı,
kompleksal gözəlliyilə
filan qədərini
ram, yalnız hiss-həyəcanla
yaşayanları isə
əsir edib. Bu məqamda fransız xalqının “Qvazimodo olmasaydı, bəlkə də Fransa başqa cür formalaşardı” sözü
yada düşür və o deyim belə bir Azər-brend
doğurur: Leyla Bədirbəyli olmasaydı,
iyirminci əsr Azərbaycan mədəniyyəti
canlı estetika sarıdan həyati bir çatışmazlıq
yaşayardı. Bizim
real Leylamızın əfsanəvi
Leyli adaşı ilə poeziya “yarış”ına gəlincə isə, deyək ki, bu xanımın da şəninə (birbaşa və ya dolayısıyla) az yazılmayıb. Onlardan biri də
Süleyman Rüstəm
qələminə məxsus:
“...Əgər olsaydı
şairin insafı, Söyləyərdi: xeyli gözəldir Leyla, Canlı qəzəldir Leyla!..”
Bütün bunlar nəticə. Buna qədər
isə nələr, nələr... Bir sözlə; -
Səbəblər...
Sözügedən (əslində, sözü
həmişə gedən)
bu gözəl doğulanda təbiət qarlı-şaxtalı olsa
da, cəmiyyət azad, bəxtli-baxtalı idi. Xalqımız, ölkəmiz Yaxın
Şərqin ilk demokratik
respublikasının hürriyyət
günlərini yaşayırdı.
Amma həmin günlərin birində -
1920-ci il yanvarın 8-də İçərişəhərdə
dünyaya göz açan Leylanın özü də, valideynləri də 1918-ci
il qovğaları səbəbindən köçüb
gəldikləri Şəmkir
elatının nisgili ilə nəfəs alırmışlar. Anasının
xan qızı, atasının bəy oğlu olmalarına baxmayaraq, xatirələrə
görə, bu ailə şəhər mühitinə alışa
bilmirmiş.
Lakin zaman, mühit hər şeyi yerbəyer edir. Anası Bikə
xanım - xan qızı - onun doğulduğu ilin “28 aprel” tarixinin bütün ictimai-siyasi təmrinlərilə barışmalı
olur və günlərin bir günü - o vaxtlar “arvadların həya-zaya fabriki” də adlandırılan Əli Bayramov klubuna da ayaq açır.
Evlərindəki dolanışıq
çətinliyi və
“Xan qızı” xofu üzündən qızı Leylanı da özüylə o klubdakı qadınlar dərnəyinə aparan Bikə xanım bir də onda
ayrılır ki, 10 yaşını yenicə
adlamış Leyla “teatr” adlı “incəsənət” soyadlı
ilk məhəbbətini tapıb.
Və bu bədii-mənəvi məhəbbətin
ardınca həyati sevgi gəlir. Tezliklə dillərə
düşən tanrısal
gözəlliyi bu qıza dinclik vermir. Elçiləri yaman-yaxşı “dil”çilər əvəz
edir, söz-bezləri
şörgözlər. Naəlac ailə hələ 16 yaşı tamam olmamış bu dünya gözəlini ərə verməli olur. Lakin “vaxtından öncə”
bünövrələnən bu ailə elə
“bəxtindən küncə”
də dağılır.
Daha sonra isə... Əlbəttə, yaradıcılıqda zirvələrə, gözəllikdə
hər dürlü kəlmələrə irəliləyən
belə bir xanımın məlum anlamda başsız qalması təhlükəli
idi. Ancaq tale onu daha bir
“katastroflu adam”la
- o dövrdə az-çox
məşhurlardan olan
Kamil Aslanovla üzləşdirir. Bu izdivacdan iki qız övladları - Lalə (1947) və Bikə (1964) olur. Və yenə lakin!.. Yəni “içim
özümü yandırır,
çölüm özgəni”
məsəli. Belə ki,
Leyla xanımın əri xarici ölkələrin birində
maşın qəzasına
düşərək dünyasını
dəyişir. “Heç nə” - yağışlı havada
maşın sürüşüb
çevrilir və K.Aslanov həlak olur. Və sən demə
hələ bu da son deyilmiş. Həmin ər qəza-qədərindən bir
il keçməmiş,
növbəti qəza!
Hələ də çoxlarının
xatirəsində yaşayan
Kukla Teatrı qarşısında baş
vermiş qəza.
Leyla xanımın hadisə yerindəcə keçinmiş Laləsinin
qəzası...
Başabəla gözəlliyinə rəğmən natamam-natarazlardan
nəm-qəm çəkdiyi
sıxıntılar bir
yana, bu
gözlənilməz qəzalar
xalqın “dünya gözəli” mükafatı
laureatı Leyla Bədirbəyli dünya dərdlisi kimi yaşamağa məhkum olur. Amma o dərdin
içində sevinc dolu, sənət süslü günlər,
tarixçələr, mədəniyyət
ünlü ad-san, mükafatlar,
təltiflər də
var və onlardan -
Fraqmentlər...
Leyla Bədirbəylinin
sənət yolu da qəlbi kimi
saf, təkrarsız surəti sayaq işıqlı, nursaçan
olub. 3 saylı beynəlmiləl məktəbdə
oxuduğu vaxtdan dram dərnəyinin, on üç
yaşından Azərbaycan
Dövlət Filarmoniyasının
rəqs ansamblının
üzvü, Mahnı və Rəqs ansamblının solisti olub. İyirmi bir yaşında “Səbuhi” filmində Tubu obrazında çəkilib və elə həmin il böyük
rejissor Ədil İsgəndərovun təklifilə
Milli Dram Teatrına aktrisa götürülüb.
Bütün zamanların
şedevr operettası
sayılası “Arşın
mal alan” filmə alınarkən dahi Üzeyir bəyin təşəbbüsü
ilə baş rola (Gülçöhrə)
dəvət alıb. Onun “Aygün”, “Fətəli xan”, “Dəli Kür”, “Görüş”, “O olmasın,
bu olsun”, “Dərviş Parisi partladır” və başqa filmlərdəki obrazları ayrıca bir yazının, yüzlərlə teatr tamaşasında böyük
ustalıqla oynadığı,
sənətkarlıqla yaratdığı
rollar isə qalın-qalın kitabların
mövzusudur. Bütün
bunların qısaca təqdimatı üçünsə
üç faktı xatırladaq: 26 yaşında
SSRİ Dövlət Mükafatı
laureatı, 39 yaşında
Azərbaycan SSR-in Xalq
artisti, 52 yaşında
Azərbaycan SSR Dövlət
Mükafatı laureatı...
On üç-on dörd yaşlarında ikən bu füsunkar qızcığazı Filarmoniyanın
rəqs ansamblında görüb, atüstü
söhbət zamanı
təvəllüdünü də öyrənən böyük dramaturq Cəfər Cabbarlı onun qulağına pıçıldayır ki;
“Ey azad Cümhuriyyət ilində
dünyaya göz açmış yavrum, hələlik heç kəsə demə, amma ürəyimə damıb ki, sən uzun və
xoşbəxt bir ömür yaşayıb,
bu dünyaya gələcək azad Cümhuriyyətimizdə göz
yumacaqsan!”
Belə
də oldu: Böyük sənət ustası və əbədi gözəllik
rəmzi Leyla xanım Bədirbəyli
1999-cu il noyabrın 23-də vəfat
etdi, Fəxri xiyabanda dəfn olundu və sənətsevərlərlə gözəlliksevərlərin qəlbində
məhəbbət dolu
yeni ömür yaşamağa başladı...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 10
yanvar.- S. 12.